Ərdoğan hərəkətə keçdi: “Putinlə görüşdə müsbət nəticə ola bilər” - Müsahibə

1-02-2022, 13:40   


61f8ec3572cc6_af32dc2da1de407392382a2e9f6c2205


“Putinin Ərdoğanın dəvətini qəbul etməsi də göstərir ki, Rusiyanın özü də çıxış yolunun tapılmasında maraqlıdır. Zənnimcə, Putinin səfərindən sonra sular durulmağa başlayacaq. Artıq bu yöndə mesajlar da gəlir, addımlar da atılır”.
Politoloq Ramiyə Məmmədovanın teleqraf.com-a müsahibəsinin bir hissəsini təqdim edir.
- Ukrayna ətrafındakı vəziyyət kifayət qədər mürəkkəb görünür. Qərbin təzyiqlərinə baxmayaraq, sərhəddə xeyli sayda hərbi qüvvə yerləşdirən Rusiya geri çəkilmir. Həqiqətənmi Rusiya Qərbin iddia etdiyi kimi, Ukraynaya qarşı işğala hazırlaşır?
- Məsələ ilə əlaqədar Bayden və Putinin, Lavrov və Blinkenin mesajları, tərəflər arasında baş tutan danışıqlar, Zelenskinin açıqlamaları göstərir ki, ABŞ və Rusiya arasında yeni “soyuq müharibə” ehtimalı yenidən gündəmdədir. Bayden hakimiyyətə gələr-gəlməz münasibətlərdə kəskinləşmənin şahidi oluruq. Donald Tramp isə Rusiya ilə münasibətlərin normal məcarada saxlanılmasının tərəfdarı idi. Bayden isə hələ seçkilərdən əvvəl Rusiya əleyhinə sərt mesajlar verirdi, Amerika hegemoniyasını yenidən bərpa edəcəyini deyirdi. Bu gün də Baydenin bu yöndə əməli addımlar atdığını görürük. Bu baxımdan, ABŞ Ukrayna məsələsindən “kart” kimi istifadə edir.

Ukrayna məsələsi ABŞ və Rusiya arasında qapalı gedən “soyuq müharibəni gün işığına çıxarır. Əslində Ukrayna Qərb və ya Amerika üçün heç bir əhəmiyyət kəsb etməyən ölkədir. Almaniya xarici işlər naziri də bildirdi ki, NATO o qədər böyük deyil ki, Ukrayna sərhədlərinə qədər getsin. Yəni o qədər genişlənmək fikrində deyil. Bu isə o deməkdir ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Qərb liderləri arasında yekdil fikir yoxdur. Bir neçə Avropa ölkəsi artıq açıq şəkildə bunun əleyhinə çıxış edib. Bu, həm də o deməkdir ki, Qərbdən Ukraynaya Rusiya ilə gərginlikdə gözlənilən dəstək verilməyəcək. Ən azı Avropa Birliyi öz yaxasını kənara çəkəcək, heç ABŞ-ın da açıq dəstəyi gözlənilmir. Bunu Bayden də bildirib.
- Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək. Bəs Ərdoğanın Kiyev və Moskva arasındakı vasitəçilik səyləri hansı nəticəni verəcək?
- Bir neçə ildir Türkiyə bu regionda yeni aktor kimi çıxış edir. Türkiyə bölgədə söz sahibi olmaq üçün çox mühüm addımlar atır, artıq öz istəyinə nail olub. Ankaranın 44 günlük Qarabağ müharibəsində nümayiş etdirdiyi mövqeyi, Azərbaycanla müttəfiqlik münasibətlərini genişləndirməsi və yeni müstəviyə daşıması, onun Cənubi Qafqaza da geosiyasi oyunçu kimi daxil olmasına zəmin yaratdı. Rusiya Liviya və Suriyadan sonra Türkiyəni Cənubi Qafqazda da qəbul etmək məcburiyyətində qaldı.
Rusiya-Türkiyə yaxınlaşmasına zəmin yaradan amillərdən biri də, Vaşinqtonun Ankara ilə münasibətlərində yaratdığı problemlərdir. Rusiya da həmişə belə məqamlardan öz lehinə istifadə etməyə çalışıb, bu dəfəki gərginlik də istisna olmadı. Rusiyanın bu siyasəti anlaşılandır, çünki özünə güclü tərəfdaş axtarır. Bu tərəfdaş da Türkiyədir. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərindəki bu müsbət dinamika Ərdoğan və Putin arasındakı yaxın dostluq əlaqələrindən də irəli gəlir. Nə qədər problem yaransa da, Ərdoğan və Putin son anda masa arxasında anlaşa bilirlər. Biz bunu Suriya və Liviyadan sonra 44 günlük Qarabağ müharibəsində də gördük. Yəni liderlər lazım olan məqamlarda anlaşa bilirlər.
Bölgədə Rusiya və Türkiyənin həyata keçirdiyi və ya iştirak etdiyi önəmli layihələr var. İndi bunların gələcəyi də onlar üçün xüsusi əhəmiyyət kəsb edir. Yəni Ukraynada ehtimal olunan savaş başlasa, bu proyektlərin gələcəyi sual altında qala bilər. Bu da nə Rusiyaya, nə Türkiyəyə, nə də Azərbaycana lazımdır. Ərdoğan da durumun bu yerə gəlib çıxmaması üçün Putinlə danışmaq istəyir. Eyni zamanda, Krım tatarlarının gələcəyi də müzakirə mövzusudur ki, Türkiyə buna da laqeyd yanaşa bilməz.
Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımın ilhaqına etiraz edir. Amma Rusiya Krımın heç vaxt Ukraynaya qaytarılmayacağını bildirir. Bütün bunlara baxmayaraq, Türkiyə orta bir yol axtarışındadır ki, durum hər kəsə zərər verəcək qədər pisləşməsin. Putinin Ərdoğanın dəvətini qəbul etməsi də göstərir ki, Rusiyanın özü də çıxış yolunun tapılmasında maraqlıdır. Zənnimcə, Putinin səfərindən sonra sular durulmağa başlayacaq. Artıq bu yöndə mesajlar da gəlir, addımlar da atılır. Türkiyə bu kimi məqamlarda həll yolu tapa bilən gücdə olan dövlətdir. Məncə, bu səfər Ukrayna ətrafındakı gərginliyi səngidə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.