"Rusiya qondarma Donesk və Luqansk "respublikalar"ının müstəqilliyini tanımağı hədəfləyir" - SAMİR HÜMBƏTOV

16-02-2022, 12:33   




"Daha sonra həmin "respublikalar"la təhlükəsizlik və əməkdaşlıqla bağlı müqavilə imzalaya bilər ki, bununla da Ukraynanın həmin əraziləri özünə birləşdirmək cəhdləri azalmış olacaq"
"Gözlənilənlər yavaş-yavaş öz nəticəsini verməyə başlayır. Keçən il olduğu kimi bu ilə də artıq Rusiya Ukrayna sərhədindən qoşunlarını geri çəkməyə başlayıb. Mediada Rusiya Müdafiə Nazirliyinə istinadən yayılan məlumatlara əsasən Rusiya silahlı qüvvələrinin bir hissəsi təlimlərin başa çatması ilə əlaqədar olaraq qoşunların geri çəkilməsini həyata keçirir. Əlbəttə ki, burada bir neçə maraqlı məqam yaranır. Əvvəla uzun müddətdir dünya mediasında Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır, amma Rusiya tərəfi bu məlumatı qəti şəkildə təkzib edib. Hətta Qərb mediasında yayılan məlumatlarda bugünlərdə Rusiyanın işğal prosesinə başlaması qeyd edilirdi". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd edib.
Politoloqun sözlərinə görə, görünən odur ki, Rusiya bu addımı atmaq niyyətində deyil, yaxud bu addımın ona böyük ziyan gətirəcəyini düşünür: "Rusiya yaxşı başa düşür ki, indiki halda Ukraynaya müdaxilə edərsə, bu, dünya birliyi, xüsusilə də Qərb ölkələri tərəfindən işğal faktı kimi dəyərləndiriləcək və Qərbin ona qarşı sanksiyalar paketinin işə düşməsinə şərait yaradacaq. Ona görə də digər variantı seçmiş oldu. Yəni, Gürcüstanda olduğu kimi, amma fərqli formada. İndi Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı kimi qondarma Donesk və Luqansk "respublikalar"ının da müstəqilliyini tanımağı hədəfləyir. Görünən ssenari bundan ibarətdir ki, Rusiya sözügedən "respublikalar"ın müstəqilliklərini tanımağa çalışacaq. Daha sonra həmin "respublikalar"la təhlükəsizlik və əməkdaşlıqla bağlı müqavilə imzalaya bilər ki, bununla da Ukraynanın həmin əraziləri özünə birləşdirmək cəhdləri demək olar ki, tamamilə azalmış olacaq".
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədrinin fikrincə, Qərb dövlətləri Ukraynaya istənilən dəstəyi göstərmədi: "Hətta demək olar ki, Ukrayna-Rusiya məsələsində Qərb dövlətləri arasında ciddi fikir ayrılıqları yaşanmağa başladı. Burada Ukrayna baxımında əsas narahat edici digər məsələ onun NATO-ya daxil olması məsələsində yetərli dəstəyi ala bilməməsidir. Düzdür, Rusiya Qərb dövlətlərindən təhlükəsizliyi ilə bağlı yazılı zəmanəti ala bilmədi, amma Qərb dövlətləri qarşısında geri də çəkilmədi. Digər tərəfdən, Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında dialoqun qurulması cəhdi də məsələnin hərbi müstəvidən çıxıb siyasi müstəviyə qayıtmasına imkan yaratdı. İstisna etmək olmaz ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Ukraynaya sonuncu səfəri zamanı tərəflər arasında Rusiya-Ukrayna böhranı müzakirə edilməsin. Türkiyə kimi Azərbaycanın da əsas məqsədi tərəflər arasında gərginliyi azaltmaq və məsələləri dinc yolla həll etməkdir. Gözləniləndir ki, tərəflər arasında bundan sonrakı mərhələdə yeni münasibətlər sistemi qurulacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.