ABŞ və onun Avropadakı müttəfiqləri Ukraynaya qarşı hücum olacağı halda Moskvaya tətbiq olunacaq sanksiyaların miqyası barədə razılığa gələ bilməyib.Tərəflər hələ də Rusiyaya qarşı sanksiyalarla ən ağır zərbəni necə və nə zaman vurmağı müzakirə edirlər. Qeyd edək ki, rəsmi Vaşinqton Rusiyanın Ukraynaya hücum edəcəyi halda rəsmi Moskvaya çox ağır sanksiya paketi hazırlandığını açıqlayıb. Buraya Rusiyanın SWIFT sistemindən çıxarılması və “Şimal axını-2” layihəsinin dayandırılması kimi “öldürücü sanksiyalar” daxildir. Lakin buna baxmayaraq, başda Almaniya olmaqla bir çox Avropa ölkəsi bu təkliflərə qarşı çıxıb. Buna görə də, ABŞ və Avropa İttifaqı bu mövzuda ortaq məxrəcə gələ bilmir.
Bəs nə üçün Avropa İttifaqı və ABŞ bu məsələdə razılaşmır?Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev
Cebhe.info-ya açıqlamasında deyib ki, ABŞ və Avropa İttifaqının öz maraqları var:
“Bu maraqlar üst-üstə düşmədiyinə görə onlar razılaşa bilmirlər. Onsuz da əvvəldən Rusiyanın Ukraynaya hələlik hücum etməyəcəyi gözlənilirdi. Rəsmi Moskva bir növ həm Avropanın, həm də ABŞ-ın siyasi nəbzini yoxladı. Onlar bilmək istəyirdilər ki, hansı reaksiya ilə üzləşəcəklər. Lakin Rusiya bu reaksiyanın nəticəsinin ağır olacağını başa düşdüyü üçün geri çəkilmək məcburiyyətində qaldı. Düşünürəm ki, hələlik müharibə olmayacaq. Hazırda ABŞ-ın “Şimal axını-2” layihəsi və avro ilə bağlı problemləri var. Nəzərə almaq lazımdır ki, dollarla müqayisədə avronun kursu 20 faiz yüksəkdir. Bu isə təbii ki, Vaşinqtona sərf etmir. Ona görə də ABŞ hər hansı formada olur-olsun, həm Avropa İttifaqına ziyan vurmağa, həm də Rusiyanı çökdürməyə çalışır. Əgər “Şimal axını-2”-nin qarşısı alınsa, Avropa qış vaxtı çox çətin vəziyyətə düşəcək. Xüsusilə də Almaniya bununla razılaşmır, çünki onların Rusiya ilə iqtisadi əlaqələri kifayət qədər möhkəmdir”.Ekspert hesab edir ki, burada iqtisadi maraqlar təşkil etdiyi üçün siyasi maraqlar ikinci cərgəyə keçdi:
“Ona görə də ABŞ və Avropa İttifaqı arasında razılıq yaranmır. Əlbəttə ki, Rusiya tərəfi də bunu başa düşdüyünə görə vəziyyətdən çox gözəl yararlanır. Kreml çalışır ki, Avropa İttifaqı və ABŞ arasında gərginlik artsın. Görünən odur ki, nə ABŞ-ı, nə də Avropa İttifaqını Ukrayna maraqlandırır. Onların öz iqtisadi-siyasi maraqları var və ona uyğun hərəkət edirlər”.Elmir
Cebhe.info