Rus hərbi kontingenti bir daha sülhməramlı missiya həyata keçirməyə yaramadığını nümayiş etdirdi Ermənistan mətbuatı və sosial şəbəkələrdəki erməni istifadəçilər fəxrlə ötən gün Qarabağdakı ermənilərin Kəlbəcərə gedən Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsdiyini, hətta avtomobillərin geri qaytarıldığını bildirir və buna dair videogörüntülər paylaşırlar. Videoda rus sülhməramlılarının müşayiətilə Ağdərə-Kəlbəcər yoluyla hərəkət edən Azərbaycana aid avtomobil karvanının ermənilər tərəfindən Ağdərənin Maqavuz kəndi ərazisində qarşısını kəsməsi əks olunur. Görüntülərədn belə aydın olur ki, ermənilər əraziyə çoxlu sayda avtomobil yığaraq, yük maşınlarından ibarət karvanın keçidinin qarşısını alıblar. Məlum məsələdir ki, ermənilərin yolu kəsəcəyini rus hərbçiləri öncədən bilməmiş deyildilər. Ancaq bunun qarşısını almaq üçün heç bir addım atmayıblar...
“Etirazçılar” bu ərazidən Azərbaycana aid tikinti materialları və digər yüklər daşıyan avtomobillərin hərəkətinə qarşı çıxırlar. Bəhanə olaraq, guya Azərbaycan Ordusunun onları öz torpaq sahələrində işləməyə qoymaması və qanunsuz silahlı dəstələrə aid bir ermənini yaralamasını göstərir. Həmçinin tələb edirlər ki, əgər Azərbaycan bu yoldan istifadə edirsə, ermənilərə də Ağdərə-Vardenis yolundan istifadə üçün icazə verilsin. Söhbət ordumuzun işğaldan azad etdiyi Kəlbəcər ərazisindən keçərək, Ermənistanı Qarabağla birləşdirən yoldan gedir.
Maraqlıdır ki, oxşar hadisə ötən ilin yanvarında Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış Heyvalı kəndindəki ərazidə də baş vermişdi. O vaxt hadisə yerinə gələn rus hərbi kontingentinə aid general erməniləri “sakitləşdirməyə” çalışarkən, “artsax” ifadəsindən istifadə etmişdi və bu da ermənilərin ürəyinə “yağ kimi” yayılmışdı. Elə o vaxt da indiki kimi, bu “aksiya”nın rus hərbçilərinin razılığı və bəlkə də təşəbbüsü ilə təşkil olunduğunu düşünməyə ciddi əsaslar vardı. Həmin vaxt ermənilərin qarşısına çıxaraq, onların sülhməramlıların başçısı Rüstəm Muradova ünvanladıqları “müraciəti”ni qəbul edən rus generalı erməniləri “başa düşdüyünü” demişdi.
İndi də eyni ssenari davam etdirilir. Ermənilərin tarix boyu Rusiyanın kölgəsində gizlənib “qəhrəmanlıq” etmələrinə öyrəşmişik və bu gün də həmin proses bizim torpaqlarımızda davam etməkdədir. Doğrudur, Azərbaycan tərəfi özünü təmkinlə apararaq, belə təxribatların böyük insidentlərə çevrilməsinə imkan vermir. Lakin unutmayaq ki, bütün bunlar Azərbaycanın suveren ərazisində baş verir və separatçıların hər bu cür qanunsuz hərəkətinə kəskin reaksiya verməyə, “sülhməramlılar”a rəsmi qaydada iradımızı bildirməyə borcluyuq... Əslində, ötən gün baş verənlərin “sülhməramlılar”ın ermənilərlə müştərək növbəti tamaşası olduğu açıq-aydın görünür və bu baş verənlərlə növbəti dəfə rus hərbi kontingentinin tərəfkeşliyi, daha konkret desək, ermənipərəstliyi üzə çıxır. Onların buradakı mövcud və bundan sonra olası təxribatlarda hansı rol aldığını və alacağını anlamaq heç də çətin deyil.
İstisna etmək olmaz ki, bu yolla erməniləri “ürəkləndirməyə” çalışan rus hərbi kontingenti Qarabağdakı məlum ərazilərdə hər şeyin “sülhməramlılar”ın və ermənilərin birgə nəzarəti altında olduğunu göstərmək istəyirlər. Məqsədləri də bu ərazilərdən qaçmaq istəyən erməniləri saxlamaq, artıq qaçmışları isə geri qaytarmaq üçün mühit, görüntü yaratmaqdı. Həmçinin, bir daha aydın olur ki, rus hərbi kontingenti nə siyasi, nə hərbi, nə də texniki baxımdan beynəlxalq standartlara uyğun şəkildə sülhməramlı missiya həyata keçirməyə yaramır! Kökü, tarixi, qayəsi işğalçılıqdan yoğrulmuş ordu necə sülhməramlı ola bilər axı? C.Məmmədov “AzPolitika.info”