Azərbaycan Rusiya ilə niyə strateji müttəfiqlik bəyannaməsi imzalayır? - Təhlil

22-02-2022, 14:01   


62149261f2bb4_hgnmugiçui


Sözlə ifadə edilməsi mümkün olmayan təhlükəli və ziddiyyətli bir dönəmin, hər an dəyişə biləcək geosiyasi proseslərin içərisindən keçirik. Bəlkə də bəşəriyyət son 75-80 il ərzində xalqları, dövlətləri sonu görünməyən qaranlıqlara sürükləyəcək bu qədər amansız reallıqlarla qarşılaşmayıb. Soyuq müharibənin, SSRİ-nin süqutunun yaratdığı gerçəkliklər, “rəngli inqilab” ssenarilərinin qanlı səhnələri belə bu günün gerçək mənzərəsi ilə müqayisədə sönük və rəngsiz görünür.
Belə bir şəraitdə yeganə çıxış yolu dünyada baş verən prosesləri soyuqqanlı bir şəkildə dəyərləndirmək, reallıqları – onlar nə qədər sərt və ağrılı olsalar da belə -olduğu kimi qiymətləndirmək, dövlətin, xalqın mənafeyi naminə populyar olmayan, amma strateji, uzaq hədəflərə hesablanan qərarlar qəbul etməkdən ibarətdir. Son 20 il ərzində regionda, subregionda və dünyada, mahiyyət etibarilə bir-biri ilə zəncirvari şəkildə bağlı olan proseslər və mövcud reallıqlar da bizdən bunu tələb edir.
“Geosiyasi romantika”
SSRİ-nin süqutundan sonra postsovet məkanına “mələk qanadları” ilə daxil olan, “demokratiya”, “insan hüquq və azadlıqları”, “plüarizm” kimi dəyərləri məxməri ekspaniya üçün vasitəyə çevirən Qərb imperiyanın dağıntıları üzərindən dirçələn və dirçəlməyə çalışan müstəqil dövlətlərin, özlərinin dediyi kimi “yeni demokratiyalar”ın müdafiəçisinə çevrilə bilmədi. Əksinə, ən adi, qlobal geosiyasi proseslər üçün əhəmiyyət kəsb etməyən maraq toqquşmalarında belə onları acı reallıqlarla qarşı-qarşıya qoydu, xalqların, dövlətlərin taleyini keçici iqtisadi maraqları naminə edam kötüyü üzərinə çıxararaq qurban verdi.
…Biz 30 ilə yaxın bir zaman kəsiyinin geridə buraxdığımız hər anında bu amansız reallıqları görərək, üzərimizdə hiss edərək yaşadıq və bütün bunlar dünya düzəninin gerçək mahiyyətini dərk etməyimiz, vəziyyətə və reallıqlara uyğun qərarlar verməyimiz üçün yetərli oldu. Əks təqdirdə, bu gün əldə etdiyimiz nəticələrin yüzdə birini də görməyəcək, torpaqlarımızın əhəmiyyətli hissəsinin işğalına son qoya bilməyəcəkdik. Kimsə bütün bunları düşüncəsinin süzgəcindən keçirərək təhlil etməyi, doğru-dürüst nəticə çıxarmağı bacarmırsa, o zaman sosial şəbəkələrin ən müxtəlif seqmentlərində gündəlik “ulduz falçılığını” ömrünün sonuna qədər davam etdirə, yaxud geosiyasi romantika ilə məşğul ola bilər.
“Geosiyasi afterşok”
…Bu gün Rusiya Ukraynanın, əsasən rusların yaşadığı Donesk və Luqansk vilayətlərinin “müstəqilliklərini” tanıdı və bu qərarla, nəinki postsovet məkanındakı, Şərqi və Qərbi Avropadakı reallıqlar, bütövlükdə dünyanın geosiyasi mənzərəsi tamamilə dəyişdi və bəşəriyyət hələ uzun müddət afterşok effektiylə silkələnəcək bir mərhələyə qədəm qoydu. Ukraynanın, əslində 1994-cü ildə, Büdapeşt bəyannaməsi ilə zəmanətçi dövlətlərin sayı qədər hissələrə bölünən taleyi, elə taleyin özünün ümidinə buraxılmışdı. Nə bəyannaməni imzalayaraq, Ukraynanın ərazi bütövlüyünə təminat verən dövlətlər, nə də sonradan rəsmi Kiyev qarşısında yazılı öhdəlik götürən ölkələr öz vədlərinə əməl etmədilər. Hadisələrin indiki gedişatı sübuta yetirir ki, məqsəd Ukraynanı real gücdən məhrum etmək, bu dövləti geosiyasi oyunların epidsentrinə çevirmək, iki qardaş xalqı qarşı-qarşı qoymaqla və saysız-hesabsız vədlərin qarşılığında heş bir real dəstək verməməklə Şərqi Avropanın “təhlükəsizliyini” təmin etmək üçün ərazisinə görə Avropanın Rusiyadan sonra ən böyük dövlətini qurban verməkdən ibarət olub. Bəzilərin hələ də “havasına oynadığı” “maydanlar”, “rəngli inqilablar”, “güllü-çiçəkli hakimiyyət dəyişiklikləri”, Qərbin ayrı-ayrı beyin mərkəzlərinin ekperimentlərində “sınaq dovşanı” funksiyasını yerinə yetirməyə hazır olanların korəfəhmliyi bugünkü mənzərənin ortaya çıxmasına zəmin yaratdı… Budapeşt bəyannaməsini imzalayan Leonid Kuçmadan başlayaraq, Ukrayna siyasətçilərinin buraxdıqları kobud və bağışlanmaz səhvlər öz yekun və gözlənilən nəticəsinə vardı və bu gün baş verənlərə təəssüflənməkdən, reallıqla barışmaqdan başqa çıxış yolunun olmadığı göz qabağındadır. Ukraynanı Rusiya əleyhinə oyunların epidsentrinə çevirən Qərb bu ölkənin müdafiəsi üçün heç bir real addım atmadı. Hətta Ukraynaya müdaxilə olunacağı təqdirdə, Rusiyaya tətbiq ediləcək sanksiyaların nədən ibarət olacağını belə açıqlamadı. Sadəcə “Görərsiniz”, “baxarsınız” dedi, barmaq silkələdi və nəticədə… görmək istədiyini görüb, “sakitləşdi”. Qoca… qitənin şakəridir, çətin ki, dəyişə…
İndi nə olacaq? Heç nə! Qərbin qətiyyətsiz, qorxaq, iradəsiz, dəfələrlə “dişə vurulmaqdan” çat-çat olmuş liderləri sevimli pozlarında bəyanatlar verməklə, mahiyyət etibarilə heç bir fundamental dəyişikliyə yol açmayacaq sanksiya siyahılarını ucadan səsləndirməklə… kifayətlənəcəklər. Vəssalam. Bəziləri isə sələflərinin qalstuku ilə baş verənləri xatırlayaraq, daha yumşaq mövqe nümayiş etdirəcək. Baş verənlər Qərb düşərgəsində çat yaradacaq, ABŞ-ın Avropaya təsir imkanlarını azaldacaq, mərkəzdənqaçma meylləri güclənəcək və ola bilsin ki, yeni regional, subregionaı konfiqurasiyaların meydana çıxmasına zəmin yaranacaq…
Azərbaycanın seçimi
Bu gün baş verənlər ölkəmizin uzun illərdən bəri yürütdüyü siyasətin nə qədər dəqiq, praqmatik olduğunu, milli maraqlara xidmət etdiyini sübuta yetirir. Bizim üçün önəmli olan dövlətimizin ərazi bütövlüyünün təmin olunması, sərhədlərinin toxunulmazlığı, suverenliyi və təhlükəsizliyidir. Azərbaycan Türkiyə ilə “Şuşa bəyannaməsi”ni imzalamaqla, dünyanın ən güclü ordularından birinə sahib olan qardaş ölkəylə münasibətlərini strateji müttəfiqlik müstəvisinə daşımaqla təhlükəsizliyinə çox ciddi təminat alıb. İndi bu təminat Rusiya ilə imzalanacaq strateji müttəfiqlik haqqında bəyannamə ilə daha da möhkəmlənəcək. Gününü siyasi “ulduz falı” ilə keçirənlərdən, yaxud NED, NDİ və Soros kimi cəsus şəbəkələrinin muzdlu qaraqışqırıqçılarından fərqli olaraq, Rusiya ilə imzalanacaq strateji müttəfiqlik haqqında bəyannamənin ölkəmiz üçün olduca mühüm əhəmiyyət daşıyacağını düşünürəm. Digət tərəfdən, Rusiya ilə strateji müttəfiqliyin Bakı-Ankara, Bakı-Moskva və Ankara-Moskva münasibətlərinin inkişafına təkan verəcəyini, həmçinin yeni Avrasiyanın gələcəyi üçün taleyüklü əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Rusiya geosiyasi oxunun reallığa çevirləcəyinə zəmin yaradacağını düşünürəm.
Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanla Rusiya arasında imzalanacaq strateji müttəfiqlik haqqında bəyannamənin ən önəmli tərəfi, sənədin hər iki tərəfin üzərinə eyni öhdəliklər və vəzifələr qoyması, mahiyyət etibarilə bərabərhüquqlu olmasıdır. Yəni Azərbaycanın Rusiya ilə strateji müttəfqiliyi hansısa kollektiv təsisat çərçivəsində gerçəkləşdiriləcək ümumi bir prosesin tərkib hissəsi deyil, müstəqil hüququn iki subyektinin qarşılıqlı faydalılıq və bərabərlik prinsipi üzərindən ən müxtəlif istiqamətlərdə inkişaf etdirəcəkləri münasibətləridir.Bu isə öz növbəsində, kollektiv təsisat – KTMT çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməklə regional proseslərdə üstünlük qazanmağa çalışan Ermənistanın növbəti məğlubiyyəti kimi də dəyərləndirilə bilər. Azərbaycan-Rusiya strateji müttəfiqliyi son zamanlar postsovet məkanında baş verən proseslərdən ruhlanan separatçıların tör-töküntülərinin və himayəçilərinin də ümidlərinin əbədiyyətə qədər tarixin qaranlıqlarına gömülməsi deməkdir.
…Torpaqlarımızın işğalının davam etdiyi 30 ilə yaxın bir zaman kəsiyində və işğala son qoyduğumuz 44 günlük müharibədə yanımızda kimlərin olduğunu, qarşımızda kimlərin dayandığını, yaxud dayanmadığını hər kəs bilir. Təkrarlamağa ehtiyac duymuram. Prioritetlərimiz də bölgədə və dünyada baş verən proseslərdə yanımızda olanlar və qarşımızda olmayanlarla birlikdə təhlükəszliyimizin təmin edilməsidir. Bizim bir xalq olaraq ən böyük üstünlüyümüz sözə deyil, əmələ qiymət vermək bacarığımızdır.
…Öncə Azərbaycan! Gerisi təfərrüatdır…/kanal.az/
 Elçin Mirzəbəyli,
Əməkdar jurnalist
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.