Zərdüşt Əlizadə: “Rusiya ölümə doğru irəliləyir, amma o, çox böyük və zəngin olduğu üçün bu proses çox çəkəcək”"Putin 22 ildir hakimiyyətdədir və itirə-itirə gedir. Bütün xalqlar Rusiyadan üz döndəriblər, bu ölkəyə nifrət edirlər"Rusiya Ukrayna ilə bağlı qərarını verdi, Donbassdakı Luqansk və Donetsk qondarma rejimlərinin “müstəqilliyini” tanıdı. Putin separatçı rejimləri tanımaqla və onların nəzarətindəki ərazilərə ordu yeritməklə yeni siyasi vəziyyət yaratmış oldu. Bəs, bundan sonrakı addımlar nədən ibarət olacaq?“AzPolitika.info” bu mövzunu politoloq
Zərdüşt Əlizadə ilə müzakirə edib:
- Zərdüşt bəy, Rusiya Ukraynanın şərqindəki separatçı respublikaların "müstəqilliyini" tanıdı. Eyni zamanda Ukraynanın suveren ərazilərinə ordu birlikləri yeritdi. Həmin regiondakı mövcud durumu necə qiymətləndirirsiniz?- Bundan əvvəl Moskva eyni ssenarini Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgəsində həyata keçirib. Abxaziya və Osetiya bundan sonra xoşbəxt oldumu? Hesab edirəm ki, Luqansk və Donetsk də xoşbəxt olmayacaq. Rusiyanın özü Gürcüstanın bu iki hissəsini qoparandan sonra xoşbəxt olubmu, dünya siyasətində hörməti və nüfuzu artıbmı? Yox! Burada da eyni şey olacaq.
Putin imperialistdir, iddiaları imkanlarına uyğun gəlmir, bir növ özünü lotu kimi aparır. Lotunun da sonu bəllidir. Bu baxımdan Moskvanın son addımları heç cür qəbul olunası deyil.İkincisi, Moskvanın belə bir addım atacağı ehtimal olunurdu. Gözlənilirdi ki, Moskvanın ən az itkili və imicini saxlamasını təmin edən yolu separatçı rejimlərin "müstəqilliyini" tanıması yoludur. Yəni Putin bu bölgələri tanıyır, əvəzində böyük müharibə, Ukraynanın işğalı kimi məsələlər gündəmdən çıxır. Məncə, Kreml bu addımını atıb, indi qalır digər oyunçuların reaksiyaları. Daha doğrusu, çox şey Qərbin qətiyyətindən asılı olacaq. Amma təəssüflər olsun ki, Qərb də pul qazanır, Ukrayna xalqı onun üçün o qədər də əhəmiyyətli deyil.
Bəli, Putin ən münasib yolu seçdi. Amma müharibə hələ də istisna edilmir və o, mühribəyə getsə dəhşətli itkiləri olacaq. Odur ki, simasını saxlamaq şərti ilə bu cür qanunsuzluğa yol verib.- Sizcə, bundan sonra Ukrayna hadisələri hansı istiqamətdə inkişaf edəcək?- Ukraynanın əlindən heç nə gəlməz. Nəzərə almaq lazımdır ki, Rusiya hərbi baxımdan güclüdür, nüvə silahına malikdir. Üstəlik də aqressivdir. Mənim qənaətimcə, indi Ukrayna başını aşağı salaraq, öz iqtisadiyyatı ilə məşğul olmalıdır, onu dirçəltməlidir.
Əslində, Ukrayna son 30 ildə öz hakim siyasi sinfinin açgözlüyü və axmaqlığı ucbatından çox şeylər itirib.
Məsələn, 1990-cı ildə Ukraynanın ÜDM-i Çinin anoloji göstəricisindən böyük idi. Polşanın ÜDM-indən 3 dəfə artıq idi. Buna heç kim inanmaz, halbuki, bu, faktdır. Amma indi Çin hara, Ukrayna hara. Ukrayna iqtisadiyyatını, sənayesini, elmini, mədəniyyətini itirib. Ona görə ki, büdcə pulları və vəzifələr üstündə siyasətçilər boğuşurlar. Üç dəfə Maydan ediblər. Nə zaman baxırsan dalaşırlar, boğuşurlar. Bunun əvəzinə Ukraynanı inkişaf etdirməlidirlər. Ukrayna zəngin ölkədir, gözəl xalqı var, resursları kifayət qədərdir. Məsələn, Ukrayna ildə 20 milyard kubmetr qaz çıxarır. Yəni öz əhalisinə çatar, sənayesi üçün ola bilsin ki, ruslardan qaz almalıdır. Bir sözlə, hər şeyi var. Avropanın ərazisinə görə ən böyük dövlətidir. Təəssüflər olsun ki, hakimiyyətlərin acgözlüyü ucbatından son 30 ildə böyük itkilərə yol verilib.
- Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsmək məsələsinə baxır. Bundan sonra Rusiya-Ukrayna münasibətləri necə olacaq?- Diplomatik əlaqələr hətta qala da bilər. Ən dəhşətlisi odur ki, iki xalq bir-birinə əbədi düşmən oldu.
Putin 22 ildir hakimiyyətdədir və itirə-itirə gedir. Bütün xalqlar Rusiyadan üz döndəriblər, bu ölkəyə nifrət edirlər. Rusiyanın dadına hətta böyük rus mədəniyyəti də çatmır. Hamı Rusiyadan üz döndərir. Reallıq budur. İki böyük xalq əbədi olaraq bir-birinə düşmən edildi. Rusiya buna imkan verdi, Qərb üçün bu, göydəndüşmə oldu.
- Ancaq bir sıra mütəxəssislər müharibə ehtimalının olduğunu, separatçıların Rusiyadan yararlanaraq bütövlükdə Donbass regionunu Ukraynadan almaq üçün müharibəyə başlayacağını ehtimal edir...- Mən müharibə ehtimalını zəif görürəm. Lokal müharibə və əməliyyatlar olsa belə, Rusiya istəyinə çatmayacaq. Ukrayna xalqı daha dönüb Rusiya ilə dost olan deyil.
Rusiyanın bütövlükdə Ukraynanı işğal etməyə gücü və resursu, halı da yoxdur. Lokal müharibədə qalib gələ bilər. Amma Rusiyaya qarşı sanksiyalar tətbiq edilə və məntiqlə qazanılanlar itirilənlərdən daha az ola bilər. Bu baxımdan müharibəni istisna edirəm. O şərtlə ki, Putinin zərrə qədər ağlı var. Əgər ağlı varsa, müharibəyə getməyəcək. Əgər müharibə niyyətində olsa, buyursun.
Donbassın yarıdan çoxu Ukraynanın nəzarətindədir. Mən inanmıram ki, onlar bütövlükdə regiona iddia etsinlər. İndiki sərhədləri daxilində oturacaqlar. Açığı, Putinin Donbassı bütövlükdə ələ keçirmək kimi istəyi olsa da, buna gücü çatmaz. Həm hərbi, həm də siyasi gücü çatmaz. Bu, dəqiqdir.
- ABŞ başda olmaqla Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi halında ciddi sanksiyalar tətbiq ediləcəyinin anonsunu edirdi. Elan olunan sanksiyaları yetərli saymaq olarmı?- İndiki mərhələdə Rusiya dayansa, onlar da sanksiyaları dayandıracaqlar. ABŞ zamanında Rusiyaya sanksiya tətbiq etdi, Ukraynaya hər cür dəstək, silah verdi. Ancaq ABŞ nüvə dövləti olan Rusiya ilə müharibə aparmayacaq. Bunu bilmək lazımdır. Ən vacibi, Qərbin məqsədi nə idi? Ukrayna və rus xalqlarını düşmən etsin. Buna nail olundu. Məsələ bitib.
- Bu günə qədər də separatçı Luqansk və Donetsk “respublikaları”nı Rusiya idarə edirdi, separatçılar Moskvadan gələn təlimatlar əsasında fəaliyyət göstərirdilər. İndi separatçı "respublikaların№ Rusiya tərəfindən rəsmən tanınması ilə nə dəyişir?- Əslində bu, siyasi eskalasiyadır. Başqa heç nə. Rusiya imkan əldə edir ki, separatçı "respublikalara" ordu toplasın. Əlbəttə ki, Gürcüstanda olduğu kimi, Rusiya təzyiq altında olacaq, müəyyən sanksiyalarla da qarşılaşacaq.
Yeri gəlmişkən, “Şimal axını-2”nin sertifikatlaşdırılmasının dayandırılması müvəqqətidir. Bir azdan onu bərpa edəcəklər. Qaz kəməri çəkilib, onun da əsl sahibkarları Qərbdədir. Rusiya sadəcə, qaz verir. Onlar da daşıyıb satırlar və gəlir əldə edirlər. Sanksiyalar Rusiyaya təsir etmir.
- Bəs, Putinin son addımları MDB məkanına hansı təsirlər göstərəcək?- MDB bitdi. Belə hərəkətlərlə Moskva postsovet ölkələrinin ona tərəf gəlməsini, gerçəkdən yaxınlaşmasını istisna edir. Hamısı da bir araya gələndə Rusiyaya qarşı olur. Diqqət edin, Azərbaycan və digər ölkələr öz təhlükəsizliyini təmin etmək naminə Rusiyaya “can, can” deyir. Bunu da anlamaq lazımdır. Bu ölkələr çalışırlar ki, Rusiyadan onlara xətər gəlməsin.- Belə də davam edəcək?-Rusiya ölümə gedir, amma o, çox böyük və zəngindir. Bu prosses çox çəkəcək.
Rusiyaya təsir etmək üçün bircə yol var. O da rus oliqarxlarının xalqdan oğurlayıb Qərbdə gizlətdiyi pulları müsadirə etməkdir. Bu halda oliqarxlar Kremlə hücum çəkib Putini bayıra atarlar. Amma Qərb buna getmir, çünki “qızıl yumurtlayan toyuğu” heç yerdə kəsmirlər. Rus xalqının böyük hissəsi də özündən və dünyadan bixəbərdir. Çörək yeyir, araq içir, yaşayırlar. Xalq istedadlı xalqdır, gözəl xalqdır. Amma əksəriyyət kütlədir. Bu, reallıqdır.
Rasim Əliyev“AzPolitika.info”