UKRAYNA İKİ ŞƏHƏRƏ NƏZARƏTİ GERİ QAYTARDI! - Rusiya ordusu isə Ukraynanın bu adasını mühasirəyə aldı+ VİDEOLAR (YENİLƏNİR)
24-02-2022, 14:25
Ukrayna hərbi qüvvələri Luqanskdakı Sçastye və Mariupol şəhərlərini tam nəzarətinə qaytarıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Ukrayna qüvvələri həmçinin Çerniqov əyalətində düşmənin hərəkətini dayandırıb. Lakin bununla yanaşı, Xarkov istiqamətində ağır döyüşlər davam edir. Bu arada Rusiya Hərbi-dəniz qüvvələrinə məxsus gəmilər Ukraynaya aid Zmeinıy adasına yaxınlaşaraq İzmails sərhəd dəstəsinə təslim olmağı tələb ediblər. Bu barədə Ukrayna Sərhəd xidməti məlumat yayıb. Rusiyalılar ultimatum üçün gəmiçilik təhlükəsizliyi üzrə beynəlxalq əlaqə kanallarından istifadə ediblər. “Siz tam təcrid olunmusunuz və atəş zonasında qalmısız. Müqavimət halında məhv ediləcəksiniz. Yaşamaq şansınız sıfıra bərabərdir”,-deyə müraciətdə bildirilib. ***
Ukrayna Sərhəd Xidməti Rusiya texnikalarının hücumundan əvvəl ərazilərə artilleriya zərbələri endirildiyini açıqlayıb. Qeyd olunub ki, Rusiya texnikası artıq Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib. Dojd” telekanalı məlumat verir ki, Rusiya ordusu Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatları genişləndirir. Bu dəqiqələrdə yayılan xəbərlərə görə, Belarusda cəmləşdirilmiş Rusiya ordusu qüvvələri də Ukrayna ərazisinə daxil olub. CNN telekanalı Rusiya tanklarının Ukrayna-Belarus sərhədindəki sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə necə daxil olduğunu əks etdirən kadrları yayıb. Ukraynanın sərhəd qoşunlarının onlara müqavimət göstərməsi barədə məlumat yoxdur. Habelə Ukrayna Dövlət Sərhədi Rusiya qoşunlarının ilhaq edilmiş Krım ərazisindən də hücuma keçdiyini açıqlayıb. Hazırda yarımadanın inzibati sərhədindən Ukrayna ərazisinə hərbi texnikanın keçməsi müşahidə olunur. Virtualaz.org-ın məlumatına görə, hücum şərq istiqamətindən də davam edir, şahidlər Çerniqov vilayətinin Novqorod-Seversk rayonu istiqamətindən Rusiya tanklarının ölkə ərazisinin içərilərinə doğru irəlilədiyini bildirir. Ukraynanın Quru Qoşunlarının komandanlığı Luqansk vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun bir neçə tankının, avtomobil texnikasının və digər döyüş vasitələrinin məhv edildiyini bildirir.
***
“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”. Bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb. Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib. Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər. "The Guardian" qəzetinin Kiyevdəki müxbiri Lyuk Hardinq bildirib ki, Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur. Rusiya Müdafiə Nazirliyi Ukraynın bütün hərbi hava hücumundan müdafiə sisteminin sıradan çıxarıldığını iddia edib. Qurum həmçinin Ukrayna sərhəd qüvvələrinin Rusiya qoşunlarına heç bir müqavimət göstərmədiyini, ölkənin hərbi aerodromlarının məhv edildiyini iddia edir. Rusiya Ukraynaya qarşı Qara dənizdən və Azov dənizindən də hücuma keçib. Artıq Odessaya Rusiya desantı çıxarılıb. Bu haqda İnterfaks-Ukrayna bildirir. Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Nikolayev vilayətində Rusiyanın raket zərbələri nəticəsində güclü yanğınlar başlayıb. Xarkovda raket-artilleriya mərmiləri anbarı məhv edilib. Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko isə bildirib ki, Rusiya ölkənin iri şəhərlərinə hücuma keçib, qanadlı raketlərlə və ballistik raketlərlə aramsız zərbələr endirilir. O cümlədən Kiyevdə strateji obyektlər vurulur, Borispol aeroportu ətrafında da partlayış səsləri eşidilir. Prezident Volodimir Zelenski isə xalqa növbəti müraciətində onları evdən çıxmamağa çağırıb. Mülki əhalinin Lvova doğru qaçdığı haqda xəbərlər də var. Youtube platformasında yayılan görüntülərdən isə aydın olur ki, gecə saatlarında Rusiya ordusu paytaxt Kiyev istiqamətinə də raketlər yağdırıb. Rusiya lideri hədəfin Donbas və Luqans cəbhəsi olduğunu bəyan etsə də, görüntülər paytaxt Kiyevin də təhlükə altında olduğu qənaətini yaradır.
Rusiya prezidentinin Ukrayna hərbçilərinə silahlarını yerə qoyub, evə dönmələri ilə bağlı müraciət etməsindən sonra başlanan hava zərbələrinin ardınca rus tanklarının da sərhədi keçdiyini əks etdirən kadrlar yayılıb. Yayılan videokadrlardan görünür ki, Rusiya ordusuna məxsus tanklar sərbəst şəkildə Ukrayna ərazisinə daxil olur və hətta hərbçilərdən birinin “Odessa” dediyi eşidilir.