Ukraynadakı müharibənin nəticələri yeni dünya düzənin formalaşmasında həlledici rol oynayacaq.Artıq yalnız Rusiya və Qərb deyil, həm də bir çox dövlətlər də öz xarici siyasət mövqeyini məhz bu prosesə uyğun qurmağa çalışır. Rusiya 2014-2015-ci llərdə Minsk razılaşmlarından çıxaraq müharibəyə başladığına görə münaqişənin danışıqlar yolu ilə həlli imkanları tam aradan qalxıb. Hazırda həm Moskva, həm də Qərb sülhün əldə edilməsini yalnız qalib və məğlub tərəf arasındakı təslimçi saziş şəklində təsəvvür edir. İstər Rusiya Prezidenti Vladimir Putinin Ukraynın dövlət başçısı Vladimir Zelenskinin telefon zənginə cavab verməməsi, istərsə də ABŞ Prezidenti Co Baydenin Kreml rəhbəri ilə görüşdən imtina etməsi bunu göstərir. Ona görə də indi bütün konyuktur müharibənin perspektiv nəticələrinə hesablanır.
Aparılan təhlillər və verilən proqnozlar bəzən müəyyən qədər konspiriloji məzmun daşısa da, hadisələrin gedişindən asılı olaraq qısa müddətdə siyasi reallığa çevrilə bilər. Ancaq cəbhə xəttinin hər iki tərəfində dayanan güc mərkəzlərinin geostrateji planları bəlli olduğundan, proseslərin inkişaf istiqamətini müəyyənləşdirmək olar. Rusiya qalib gələcəyi, yəni Ukraynanı işğal edəcəyi təqdirdə bir sıra geosiyasi üstünlük qazanmış olacaq.
Birinci, NATO-nun şərqə doğru genişlənməsinin qarşını almaq.
İkincisi, işğal başa çatdıqdan sonra Ukrayna ərazisində Şərqi və Qərbi Ukraynadan ibarət iki vassal dövlət yaratmaq. Həmin ölkələrdə rus icmasının nümayəndələrindən ibarət hakimiyyət formalaşdırmaq və bu yolla hər iki- Şərqi və Qərbi Ukrayna “respublikalarını” İttifaq Dövlətinə daxil etmək.
Üçüncü, bu yolla "düşməni ölkə sərhədlərindən xaricdə qarşılamaq" strategiyasına əsaslanaraq Rusiyanın ətrafında geniş bufer zona yaratmaq.
Dördüncü, Qara dəniz hövzəsində geosiyasi təsir dairəsini genişləndirmək və ABŞ başda olmaqla NATO-nun bu bölgədə fəallığının qarşısını almaq.
Beşinci, Moldovanı işğal etmək üçün Dnestryanı bölgəyə quru yolla çıxış əldə etmək.
Altıncı, işğaldan sonra Ukraynanın ərazisində ABŞ-ın, eləcə də NATO-nun Mərkəzi və Şərqi Avropadakı hərbi bazalarına qarşı nüvə başlıqlı ballistik raketlər yerləşdirmək.
Yeddinci, Qara dənizi Şərqi Avropa və Baltikyanı ölkələrlə birləşdirən nəqliyyat, kommunikasiya dəhlizlərini nəzarətə götürmək.
Əgər Ukraynaın işğalı Putinin planlarına uyğun reallaşarsa, bu üstünlükdən istifadə edən Rusiya digər postsovet ölkələrinə də hücuma keçəcək. Yəni Ukraynadakı müharibə həm də Qərbin mövqeyini sınağa çəkmək məqsədi daşıyır. Rusiyanın növbəti işğalçılıq siyasəti Qərbin reaksiyasından asılı olacaq. Qərb Ukraynanın süqutunu yeni siyasi reallıq kimi qəbul etsə, o zaman Rusiyanın növbəti işğal hədəfi Gürcüstan olacaq. Çünki Gürcüstan postsovet məkanında NATO-nun strateji tərəfdaşı olmaqla yanaşı, alyansın üzvlüyünə birinci namizəddir. Rusiya Ukraynadan sonra Gürcüstanı işğal etməklə NATO-nun Qara dəniz ekvatoriyasında daha bir müttəfiqini sıradan çıxara bilər. Bu, həm də NATO-nun və ABŞ-ın Qara dəniz üzərindən Cənubi Qafqaza girişinin qarşısının alanması deməkdir. Nəticədə, Qara dəniz - Cənubi Qafqaz geosiyasi sınıq xətti Rusiyanın nəzarətinə keçə bilər.
Gürcüstanın işğalı Cənubi Qafqazın Rusiyanın tam nəzarətinə keçməsini təmin etmiş olar. Belə ki, Rusiyanın Gürcüstanı tam hərbi nəzarətə alması və ya orada Qərbyönlü hakimiyyəti devirib bu ölkəni İttifaq Dövlətinə daxil etməsi Azərbaycanın Qərbə çıxış imkanlarının bağlanılmasına gətirib çıxara bilər. Belə olarsa, Rusiya 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində olduğu kimi, beynəlxalq əhəmiyyətli nəqliyyat və enerji marşrutlarının keçdiyi Gəncə dəhlizini nəzarətə götürmək planını yenidən işə salacaq. Bu zaman isə Kremlin Azərbaycana aid tərəfdaş və “müttəfiq” münasibəti dəyişəcək. Azərbaycanın Qərbə çıxışının bağlanması Rusiyanın daha təhlükəli planlarının işə düşməsinə gətirib çıxara bilər.
Rusiya müəyyən təxribatlar törətməklə “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti” Bəyannaməsinin 16-cı bəndini əsas götürüb sabitlik yaratmaq adı altında Qazaxıstanda olduğu kimi davrana bilər. Əslində, Azərbaycanı İttifaq Dövlətinə daxil etmək Putinin planlarına çoxdan daxildir. Bundan istifadə edən ermənilər isə itirilmiş əraziləri geri qaytarmaq adı altında Qarabağdan hücuma keçməyə cəhd edəcək. O zaman Rusiyanın oyun qaydalarını dəyişib Ermənistanın yanında yer alacağı şübhə doğurmur. Qeyd edək ki, bunlar Rusiya Prezidentinin xəyallarında olan və güc bahasına həyata keçirməyə çalışdığı iddialardır.
Müşfiq Abdulla
Cebhe.info