Türkiyə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dənizə çıxışını əngəlləyə biləcək beynəlxalq müqavilənin şərtlərini tətbiq edəcəyini bildirib.
1936-cı il Montreux Konvensiyasına əsasən, Türkiyə Ukraynanın cənub sahilində yerləşən Qara dənizi Aralıq dənizi ilə birləşdirən iki boğaza nəzarət edir.
Konvensiya Rusiya və digər Qara dəniz sahilində yerləşən ölkələrə məxsus gəmilərin sülh dövründə boğazlardan sərbəst keçidinə zəmanət verir, lakin müharibə zamanı və ya Türkiyənin özü təhlükə altında olarsa, Türkiyəyə boğazları bütün xarici hərbi gəmilər üçün bağlamağa icazə verir.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Ukraynadakı vəziyyətin "müharibəyə çevrildiyini" və "Montreux Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəklərini" bildirib.
Türkiyədəki CNN Türk televiziyasında canlı yayımda danışan Çavuşoğlu, "Tərəflər arasında ciddi qarşıdurma var. Bu, hərbi əməliyyat deyil, müvəqqəti bir-iki hava hücumu deyil, hazırda rəsmi müharibə vəziyyəti var" deyib.
Türkiyənin bu günə qədər Montreux Konvensiyasına ciddi əməl etdiyini bildirən Çavuşoğlu, "Bu şərtlər daxilində əlbəttə ki, Montreux Konvensiyasını həyata keçirəcəyik. Türkiyənin iştirakçı olmadığı bir müharibədə Türkiyə Boğazları gəmilərin keçidinə bağlaya bilər".
O deyib ki, bu şərtlər "Montreux Konvensiyasının 19-cu maddəsi çox aydın" göstərilib.
Çavuşoğlu Ukrayna ilə Rusiya arasında baş tutan görüşün atəşkəslə yekunlaşmasını arzulayıb.
NATO müttəfiqi olan, lakin enerji və turizm baxımından Rusiyadan da asılı olan Türkiyə daha əvvəl Rusiyanın hücumunu qəbuledilməz adlandırsa da, vəziyyəti müharibə adlandırmaqdan çəkinmişdi.
/bbc.com/