“Amerikalıların nüvə müharibəsindən narahat olmasına ehtiyac yoxdur”.Bunu ABŞ Prezidenti Co Bayden deyib. ABŞ xalqının nüvə müharibəsi ehtimalından narahat olub-olmaması ilə bağlı suala dövlət başçısı lakonik cavab verib:
“Xeyr”.Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib. Onların arasında strateji nüvə qüvvələri də var. Artıq Rusiyanın Şimal və Sakit Okean donanmaları, eləcə də uzaqmənzilli raketlərlə təchiz olunmuş aviasiya gücləndirilmiş heyətlə hazır vəziyyətə gətirilib. Məhz bu səbəbdəndir ki, günlərdir dünyada nüvə müharibəsinin olma ehtimalı ilə bağlı ciddi müzakirələr gedir. Vladimir Putinin Ukraynada istəyinə çatmaması və Rusiyaya tətbiq olunan öldürücü sanksiyalar onu dünyanı nüvə ilə təhdid edəcək səviyyəyə gətirib çıxarıb. Bir çox ekspertlər onun sadəcə blef etdiyini düşünsə də, bəziləri Rusiyanın nüvə silahından istifadəsini istsna etmir.
Məlumdur ki, nüvə silahının istifadəsi Üçüncü Dünya müharibəsinə və dolayısıyla dünyanın sonuna gətirib çıxacaq. Belə bir vəziyyətdə ABŞ Prezidenti bununla bağlı narahatlığa əsas olmadığını bəyan edir. Baydendə bu əminliyi yaradan nədir?
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov
Cebhe.info-ya bildirib ki, Rusiyanın bu addımı Qərbi çəkindirmə məqsədi daşıyır:
"Düzdür, Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təlimatı var. Lakin bu silahın harada və hansı məqsədlə istifadə olunacağı ilə bağlı hələ ki, açıqlama yoxdur. Məsələ burasındadır ki, çox adam nüvə silahlarının hazır vəziyyətə gətirilməsini ondan istifadə ediləcəyi kimi qiymətləndirir. Əslində, Rusiyanın bu addımı özünü qorumaq instinkti kimi dəyərləndirilə bilər".Ekspert hesab edir ki, nüvə silahından istifadə çətin məsələdir:
"Çünki bu, artıq bəşəriyyətin sonu deməkdir. Nəzərə almaq lazımdır ki, Rusiya ilə yanaşı, ABŞ, Böyük Britaniya və Fransada da nüvə başlıqlı silahlar mövcuddur. Bu ölkələr isə hazırda münaqişə tərəfləridir. Ümumiyyətlə, bu, çox qəliz məsələdir və nüvə silahından istifadəyə icazə veriləcəyi də inandırıcı deyil".Politoloq deyib ki, 27 fevralda Belarusda keçirilən referenduma diqqət etmək lazımdır:
"Çünki referendum Aleksandr Lukaşenkonun daha 10 il hakimiyyətdə qalması və kənar ölkənin Belarusda nüvə başlıqlı raketlər yerləşdirməsi ilə bağlı idi. Bunlar isə Putinin birbaşa marağına xidmət edən məsələlərdir. Hesab edirəm ki, Rusiyanın burada əsas məqsədi nüvə başlıqlı raketlərini Belarus-Polşa sərhədinə yerləşdirməkdir".Onun sözlərinə görə, Rusiya nüvə müharibəsinə başlaya bilməz:
"Çin belə Rusiyanı nüvə silahından istifadə ilə bağlı səbrli və təmkinli olmağa çağırıb. Bu isə Rusiyanın nüvə məsələsində təkbaşına qərar verə bilməyəcəyini göstərir. Təbii ki, bu məsələdə digər dövlətlərin də razılığı olmalıdır. Düşünürəm ki, Ukrayna məsələsini böyüdüb nüvə müharibəsi etmək Rusiyanın məhvinə gətirib çıxaracaq. Rəsmi Moskva da yaxşı başa düşür ki, NATO ölkələri ilə qarşı-qarşıya gələcək gücdə deyil. Fikrimcə, bütün bunlar sadəcə Qərbi çəkindirmək üçün təhdid xarakterli addımlardır".Elmir
Cebhe.info