Hüquq-mühafizə orqanlarından virtualaz.org-a verilən məlumata görə, Fərhad Əliyevi izləyən avtomobilin sahibi müəyyənləşdirilib. Bu, Naxçıvan sakini, 1973-cü il təvəllüdlü Əhmədov Əli Nəsrəddin oğludur.
Xəbərdə deyilir ki, hal-hazırda əməliyyat-istintaq qrupu taksi sürücüsünün döyülməsində, ona işgəncə verilməsində əli olan digər şəxslərin də məsuliyyətə cəlb olunması ilə bağlı əməliyyat-istintaq tədbirlərini davam etdirir.
“Hafka” kimi tanınan oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun keçmiş biznes ortağı Hafiz Məmmədovun cangüdənləri olduğu təxmin edilən bir qrup şəxsin taksi sürücüsü Fərhad Əliyevi avqustun 24-də axşam naməlum istiqamətə apararaq vəhşicəsinə döyməsi faktı üzrə araşdırmalar davam edir.
Araşdırmaların hansı mərhələdə olmasını aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova müraciət etdik.
E.Zahidov virtualaz.org saytına açıqlamasında sözügedən hadisə ilə bağlı nazirlikdə heç bir məlumat olmadığını bildirdi.
Zərərçəkənin müraciət etdiyi ilk instansiyadan - Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsindən əvvəlcə bu barədə məlumatlarının olmadığını dedilər.
Amma sonradan RPİ-nin təhqiqatçısı Elvar Quliyev taksi sürücüsünü döyənlərin kimliyinin müəyyənləşdirildiyini bildirdi: “Bizə xəstəxanadan məlumat daxil oldu. Xəstəxanaya gedib döyülən şəxsi dindirdik, izahatını aldıq. Onun özü də hansı səbəbə görə, nə üçün döyüldüyünü bilmirdi. Eləcə deyirdi ki, maşınla dalımca düşüblər. Fərhad Əliyevi izləyən maşının kimə məxsus olması artıq müəyyənləşdirilib. Sadəcə istintaq sirri olduğundan hələlik bu barədə məlumat vermək istəmirik”.
Fərhad Əliyevin həyat yoldaşı Yeganə Əliyeva virtualaz.org saytına açıqlamasında bu gün Binəqədi RPİ 6-cı polis bölməsindən ona zəng vurub işlə maraqlandıqlarını dedi: “Xəstəxanada həyat yoldaşımın yanında qalıram. Polisdən zəng vurub bir neçə dəfə “hadisə ilə bağlı yoldaşınızın yadına əlavə nəsə düşübmü” deyə soruşublar. Bizə həmin şəxsin axtarışda olduğunu, amma hələlik tapılmadığını deyirlər. Daha sonra Abşeron Rayon Polis İdarəsindən gəlib Fərhadı dindirdilər. Dediklərinə görə, hadisə həmin ərazidə baş verdiyindən aidiyyəti üzrə onlara göndərilib”.
Y.Əliyeva son ümidini ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət etməkdə gördüyünü bildirdi: “Başqa çıxış yolum yoxdur. Həyat yoldaşımı döyənlər, ona bu cür işgəncə verənlər məni də təhqir ediblər. Fərhada “övladınız yoxdur, biz sizə övlad verərik” deməklə həm onu, həm də məni alçaldıblar. Mehriban xanıma müraciət edəcəyəm. Ümidim yalnız onadır”.
Xatırladaq ki, 1967-ci il təvəllüdlü Fərhad Əliyev avqustun 24-də axşam saatlarında tanımadığı şəxslər tərəfindən qaçırılıb. O, idarə etdiyi “BMW” markalı, 10 MR 051 dövlət nömrə nişanlı maşınından düşürülərək başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb. Səhər saatlarına qədər isə vəhşicəsinə döyülüb. Fərhad Əliyev hazırda 1 saylı Klinik Xəstəxanada müalicə alır.