Ukraynaya hücum etdiyi üçün Rusiya nələrdən məhrum olur?

2-03-2022, 19:49   


Rusiyaya SanksiyalarŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlar aparır və buna görə Qarb ölkələri və müttfəiqləri tərəfindən sanksiyalar və məhdudiyyətlərlə üzləşib.

Sanksiyalar və məhdudiyyətlər Rusiya iqtisadiyyatını çökdürmək və hökumətini hərbi əməliyyatlara görə cəzalandırmaq üçün nəzərdə tutulub.

Rusiyaya tətbiq olunan sanksiyalar sırasında siyasi, maliyyə, hərbi, idman, aviasiya, nəqliyyat kimi ən müxtəlif sahələri əhatə edən məhdudiyyətlər var.

Rusiyaya qarşı maliyyə sankisyalarına münaqişələrdə neytral olan İsveçrə də qoşulacaq. 2020-ci ilin məlumatına görə, bu ölkənin banklarında Rusiyanın 11.24 milyard dollar sərvəti olub.


Bazar ertəsindən Avropa İttifaqı (Aİ) hava məkanını bütün Rusiya təyyarələri üçün tamamilə bağlamaq qərarına gəlib. Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, Rusiya tərəfindən qeydiyyata alınan və ya nəzarət edilən bütün təyyarələrə məhdudiyyət tətbiq ediləcək.

"Onlar Avropa İttifaqının ərazisi üzərindən havaya qalxa, enə və uça bilməyəcəklər. Xüsusilə də oliqarxların şəxsi təyyarələri", - Ursula von der Leyen bildirib.

Von der Leyen, həmçinin bildirib ki, Aİ Rusiyaya məxsus dövlət medialarının "Russia Today" və "Sputnik"in yayımını dayandıracaq ki, onlar "artıq Putinin müharibəsinə haqq qazandırmaq üçün yalan yaymasınlar".

Swift-dən çıxarılma

Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və müttəfiqlər bir sıra Rusiya banklarını minlərlə maliyyə qurumunun istifadə etdiyi beynəlxalq ödəniş sistemi olan Swift-dən xaric etmək barədə razılığa gəliblər.

Hərəkət ölkənin bank şəbəkəsini və onun bütün dünyada pulun rahat əməliyyatı üçün əsas olan Swift vasitəsilə vəsaitlərə çıxışını əngəlləmək məqsədi daşıyır.


Swift nədir?

Swift pulun sərhədlər arasında hamar və sürətli transferinə imkan verən qlobal maliyyə arteriyasıdır. Bu, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti deməkdir.

1973-cü ildə yaradılmış və Belçikada yerləşən Swift 200-dən çox ölkədə 11.000 bank və qurumu birləşdirir.

Bu, ödənişlərin göndərildiyi və çatdığı zaman istifadəçilərə məlumat verən bir növ ani mesajlaşma sistemidir.

Swift 2000-dən çox bank və maliyyə institutunun birgə mülkiyyətindədir. Amma ABŞ Federal Ehtiyat Sistemi və İngiltərə Bankı da daxil olmaqla, dünyanın əsas mərkəzi bankları ilə birgə Belçika Milli Bankı tərəfindən idarə olunur.

"Şimal Axını 2" dayandırılır

Almaniya bildirib ki, "Şimal axını 2" qaz kəmərinin yekun təsdiqi Rusiyanın Ukraynadakı hərəkətləri səbəbindən dayandırılıb.

Rusiya ilə Almaniya arasında boru kəməri ötən ilin sentyabrında tamamlanıb, lakin hələ işləmir.


"Şimal Axını 2" nədir?

"Şimal axını 2" Baltik dənizinin altından keçən 1200 km-lik boru kəməridir və qazı Sankt-Peterburq yaxınlığındakı Rusiya sahillərindən Almaniyanın Lubmin şəhərinə aparacaq.

Bu, 10 milyard avroya başa gəlib və ötən ilin payızında tamamlanıb. Qaz kəmərinin yarı xərcini Rusiyanın dövlət enerji nəhəngi Qazprom, qalanını isə Fransanın Shell və ENGIE kimi Qərb enerji şirkətləri ödəyib.

"Şimal axını 2" 2011-ci ildən fəaliyyət göstərən mövcud qaz kəməri olan "Şimal axını" ilə paralel işləyir.

Bu iki boru kəməri birlikdə hər il 110 milyard kubmetr qazı Avropaya çatdıra bilər. Bu, Avropa Birliyi ölkələrinin hər il istifadə etdiyi bütün qazın dörddə birindən çoxdur.

BP Rosneft-dəki payını geri verir

Amerikanın "ExxonMobil" şirkəti operator olduğu "Saxalin-1" layihəsindən çıxdığını və Rusiyaya əlavə sərmayə qoymaqdan imtina etdiyini açıqlayıb.

"Son hadisələrə cavab olaraq, biz əməliyyatların dayandırılması prosesinə başlayırıq və Saxalin-1 layihəsindən çıxmaq üçün addımlar hazırlayırıq", - şirkətin bəyanatında deyilir.

Enerji nəhəngi Shell şirkəri də Qazpromla müştərək müəssisələrdən çıxmaq və "Şimal axını 2" qaz kəməri layihəsində iştirakını dayandırmaq qərarını açıqlayıb. Rusiyadakı müştərək müəssisələrdən imtina etmək qərarına Norveçin Equinor şirkəti də gəlib.

İtaliyanın "Eni" şirkəti Rusiyadan Türkiyəyə təbii qaz daşıyan "Mavi Axın" boru kəmərindəki 50 faizlik payını satmaq istədiyini açıqlayıb.

Britaniyanın BP şirkəti də Rusiyanın "Ukraynaya təcavüz aktı"ndan sonra Rusiyanın dövlət neft şirkəti "Rosneft"dəki 19,75 faizlik payını geri verir.

Neft nəhəngi cümə axşamı günü Rusiyanın işğaldan sonra Böyük Britaniya hökuməti tərəfindən payını satması üçün təzyiqə məruz qalmışdı.

BP 2013-cü ildən Rusiya şirkətinin səhmlərinə sahib olub.


Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə "Rosneft" otuz illik uğurlu əməkdaşlığın məhv edildiyini bildirib və BP-nin qərarını "görünməmiş siyasi təzyiq" adlandırıb.

"Rosneft"in sədri İqor Seçin Prezident Putinin yaxın müttəfiqidir və "Rosneft" Rusiya ordusunu yanacaqla təmin edir.

BP-nin iki həftə əvvəl dərc edilmiş son illik nəticələrinə görə, onun Rosneftdən mənfəəti 2,7 milyard dollar təşkil edib ki, bu da ümumi mənfəətin təxminən beşdə birini təşkil edir.

Norveçin suveren fondu Rusiya aktivlərini dondurur

Dünyanın ən böyük ehtiyata malik olan 1.3 trlyon dollarlıq Norveç suveren sərvət fondu da bazar günü Rusiya aktivlərini donduracağını və satışdan çıxaracağını elan edib. Norveçin enerji nəhəngi Equinor-un da Rusiya bazarından çəkiləcəyi bu xəbərin ardınca yayılıb.

Norveç suveren fondunun Rusiya aktivləri 2021-ci ilin sonunda 2,83 milyard dollar dəyərində olub. Fond Rusiyanın Sberbank bankının dördüncü ən böyük səhmdarıdır və Rusiyanın Qazprom və Lukoyl enerji şirkətlərində paylara malikdir.


Onlayn xidmətlər

Google və Facebook-un məxsus olduğu Meta texnologiya nəhəngləri Rusiya dövlət medialarına qadağalar tətbiq edib.

Şirkətlər açıqlayıb ki, dövlətə məxsus medialara reklam yerləşdirmək və reklam gəlirlərini əldə etmək qadağan edilib.

Amerikanın aparıcı loqistika şirkətləri FedEx və UPS daşıma şirkətləri də Rusiya daxilində və xaricində bütün xidmətlərini dayandırıb.

United Parcel Service Inc. (UPS) bildirib ki, Ukrayna və Rusiyaya tranzitlə gedən bağlamalar mümkün olduqda heç bir əlavə xərc ödəmədən göndərənlərə qaytarılacaq.

Aviasiya qadağaları

Rusiya hava yolları şirkətlərinin müntəzəm həyata keçirdiyi uçuşlar da sanksiyaların hədəfi olub.

Bazar ertəsi Moskvada pilot hazırlığı proqramlarını saxlayan Boeing korporasiyası Rusiya aviaşirkətlərinə texniki xidmət və dəstəyini də dayandırıb.

"Biz Rusiya aviaşirkətlərinə ehtiyat hissələrin təchizatı, texniki xidmət və texniki dəstəyi dayandırdıq", - deyə şirkətin açıqlamasında bildirilir.

ABŞ hava məkanını Rusiyaya bağlayır, ABŞ prezidenti Joe Biden ABŞ Konqresinə illik müraciəti zamanı deyib.

Qadağa Rusiyada istifadə edilən, qeydiyyatdan keçmiş və sertifikatlaşdırılmış bütün təyyarələrə, o cümlədən çarter reyslərinə şamil edilir.

Bənzər addımlar Aİ, Britaniya və Kanadada qəbul edilib və Rusiya aviaşirkətləri bu istiqamətdə uçuşları dayandırıblar.

Avropa İttifaqı, Britaniya və ABŞ Rusiyaya aviasiya və kosmik sənaye təyinatlı mal və texnologiyaların ixracını qadağan edib.

Müstəqil şərhçilər hesab edirlər ki, bu sanksiyalar uzun müddət davam etsə, Rusiya havaya qaldırmağa təyyarə tapmaqda çətnlik çəkəcək.

VTB, Sovcombank, Novikombank, Promzvyazbank və Otkrıtie banklarının kartları artıq Apple Pay və Google Pay ilə işləməyəcək.

Maliyyə qadağaları

Rusiyanın nəhəng bankı - Sberbank Avropa bazarını tərk edir. Sberbank Avropada Avstriya, Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Macarıstan, Sloveniya, Serbiya və Almaniyada işləyirdi.

Bundan başqa VTB, Sovcombank, Novikombank, Promzvyazbank və Otkrıtie banklarının kartları artıq Apple Pay və Google Pay ilə işləməyəcək.

Apple Pay kimi bəzi xidmətlərin işini məhdudlaşdırmaq qərarını verən Apple həmçinin Rusiyada bütün satışlarını dayandırıb.

Bu bankların kartları sankiya tətbiq olunan ölkələrdə onlayn ödənişlər üçün qəbul edilməyəcək.

Alfa-Bank ABŞ-ın sanksiyalara məruz qalıb. Bu, ABŞ-dan olan investorlara şirkətin qiymətli kağızlarını almağı qadağan etmək deməkdir. Bank Avropanın da sanksiyalar siyahısındadır.

Mədəniyyət qadağaları

ABŞ-ın Universal Pictures şirkəti "Ukraynada dava m edən humanitar böhrana görə" Rusiyada nümayişləri dayandıran ən böyük Hollywood kinostudiyalarının sonuncusudur - bundan əvvəl belə qərarı Disney, Warner Bros, Sony və Paramount şirkətləri veriblər.

Eləcə də Rusiyaya tətəbiq olunan məhdudiyyətlər çərçivəsində ölkənin 2022-ci il Eurovision musiqi yarışmasında iştirakı qadağan olunub.

Drijor Gergiyev və pianoçu Matsuyevin New York-da Carnegi Hall-da çıxışları ləğv olunub.

İvan Dorn emalatxanasının rusiyalı rəssamlarla əməkdaşlığı dayandırılıb.

Moskvanın Böyük Teatr artistlərinin Londondakı Covent Garden teatrında qastrol səfərləri qadağan olunub.

  • Avto qadağalar

Beynəlxalq sanksiyalara Avropa və Amerikanın avtomobil nəhəngləri də qoşulub.

Audi, BMW, Mercedes-Benz, Citroen, General Motors, Volkswagen, və Skoda Rusiyaya avtomobillərin göndərilməsini dayandırıb.

Digər iri şirkətlərinin ardınca daha bir avtomobil istehsalçı Amerikanın Ford şirkəti də, Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.

İdman yarışlarında qadağalar

Rusiyalı idmançılara biatlon üzrə beynəlxalq yarışlarda iştirak qadağan edilib. Martın 17-də Rusiya və Belarus federasiyalarının ittifaqda üzvlüyün dayandırılması məsələsi müzakirə olunacaq.

Putin artıq Beynəlxalq Cüdo Federasiyasının fəxri Prezidenti deyil.

Beynəlxalq Cüdo Federasiyası (IJF) Vladimir Putinin səlahiyyətlərini dayandırıb.

"Ukraynada davam edən hərbi münaqişə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri Prezidenti və səfiri statusunun dayandırıldığını elan edir", - qurum elan edib.

Sankt-Peterburgda keçirilməsi planlanmış UEFA Çempionlar Liqasının final matçı ləğv edilib, oyunun keçirilməsi Parisdə təşkil olunacaq. Bundan başqa Rusiyada rəsmi beynəlxalq futbol oyunları da qadağan edilib.

  • UEFA ilə yanaşı FİFA da Rusiyaya qadağalar tətbiq edəcəyini deyib. Beynəlxalq yarışlarda Rusiya bayrağı qaldırılmayacaq və ev oyunları 3-cü ölkələrdə azarkeşsiz oynanılacaq. Komanda Rusiya adından çıxış edə bilməyəcək.

Rusiyada keçiriləcək Şahmat üzrə olimpiada və Formula 1 Gran-Pri də təxirə salınıb.

Həmçinin bu mövsümün sonuna kimi Beynəlxalq Xizək Federasiyasının beynəlxalq yarışları, güllə və stend atıcılığı üzrə beynəlxalq yarışlar Rusiyada keçirilə bilməyəcək.

Avropa Reqbi Federasiyasının himayəsi altında keçirilən bütün yarışlar da məhdudiyyətlər sırasındadır.

Vizalar

Çex Respublikası fiziki şəxslər üçün viza və ya yaşayış icazəsi verilməsini dayandırıb.

Litva və Yaponiya fiziki şəxslər üçün vizaların verilməsini dayandırıb.

Latviya Rusiyadan olan fiziki şəxslər üçün vizaların verilməsini, diplomatlar, rəsmi şəxslər, iş adamlarından ibarət rəsmi nümayəndə heyətlərinin üzvləri və deputatlar üçün sadələşdirilmiş viza rejimini dayandırıb.

bbc.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.