Britaniyanın "Times" və "İndependent" qəzetləri fevral ayının axırlarında yazmışdılar ki, guya Kiyevdə "Vaqner" qrupunun 400 nəfərə yaxın muzdlusu var, onlar ora Ukrayna paytaxtını ələ keçirmək və Prezident Volodimir Zelenskini öldürmək üçün göndəriliblər. BBC Rusca xidməti həmin şəxslərin bir neçəsiylə əlaqə yarada bilib.
Muzdlular bildiriblər ki, o günlərdə çox sayda döyüşçünün Ukraynadakı müharibəyə cəlb edilməsi prosesi başlayıb, hətta əvvəllər bu qurumla müqaviləsi olmayan şəxslər də "Vaqner"ə daxil edilib.
Muzdluların sözlərinə görə, qurumun əsas heyətini daha əvvəl başqa ölkələrlə imzalanmış müqavilələri yerinə yetirmək üçün qoruyurlar.
"Zəhmətkeşlərin xahişilə yaxın xaricdə xidmət üçün mühafizəçilərin qəbuluna başlanıb". Fevralın 28-də - Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra əvvəllər "Vaqner"-ə muzdluların cəlb edilməsi üçün istifadə edilmiş platformalarda belə elanlar görünməyə başladı.
Yeni münaqişəylə bağlı potensial muzdlular üçün əvvəlki məhdudiyyətlər aradan qaldırılıb: hələ bir neçə ay əvvəl PMC-yə ancaq Rusiyada doğulmuş şəxsləri qəbul edirdilərsə, indi Krasnodar yaxınlığındakı Molkino qəbul məntəqəsinə "DXR" və "LXR" əhalisini, ilhaq olunmuş Krımın sakinlərini və Gürcüstan vətəndaşları istisna olmaqla, əcnəbiləri də dəvət edirlər.
Federal Məhkəmə İcraçıları Xidmətinə (FMİX) borc, məhkumluğun olmaması haqqında arayış və ya xarici pasportun olmaması kimi hallar artıq problem hesab edilmir.
Muzdlulardan biri BBC Rusca xidmətinə veteranların daxili çatlarına göndərilmiş mesajı təqdim edib:
"Cənablar! Kim "salo" yemək istəyirsə, mənə yazsın. Əyər-əskiyi olmayan əməkdaşları piknikə dəvət etmirlər. FMİX-ə borc - … (söyüş), xarici pasport - … (söyüş). LDNR, sizi israrla dəvət edirik. Kim hansısa səbəbə görə bizdə işdən çıxarılıbsa, zəng etsin. Təkrar edirəm, piknikə "salo" yemək üçün dəvət edirik".
Hələ 2021-ci ilin payızında keçmiş muzdlular şikayətlənirdilər ki, quruma ukraynalı separatçıların da sızacağından ehtiyat edərək Krım, "DXR" və "LXR"-də doğulanların işə qəbulunu dayandırıblar.
Bununla belə, elanlarda qeyd olunur ki, əvvəlki müqavilələr üzrə işlər davam edir və hələ ki muzdluları Afrika ölkələrindən Rusiyaya qaytarmaq planlaşdırılmır.
"Gənclər, hər şey əvvəlki qaydadadır, dəyişiklik yoxdur. Afrika yerə batmayıb. Kiyevdə Qazmanovun konsertinin nə vaxt keçiriləcəyini bilmirəm. Nəzərə alın ki, cənubda uçuşlar ləğv olunub, Krasnodara başqa vasitələrlə gəlin", - yeni muzdlulara ünvanlanmış elanların birində belə yazılıb.
Vladimir Putin Ukraynaya qarşı müharibənin başlandığını elan edəndən sonra Rusiyanın cənubundakı şəhərlərin - Rostov, Anapa, Soçi və Krasnodarın aeroportları müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.
"Vaqner"-in bazası və qəbul məntəqəsinin yerləşdiyi Molkinoya ən yaxın olanı Krasnodar şəhəridir.
Rusiya-Ukrayna sərhəddində təzəlikcə olmuş, amma artıq evə qayıtmış muzdlulardan biri də BBC əməkdaşıyla söhbətində Molkinoda genişmiqyaslı qəbul prosesinin getdiyini təsdiqləyib.
Onun sözlərinə görə, hazırda "Vaqner" özəl hərbi şirkətinin əsas heyəti Ukrayna müharibəsində iştirak etmir:
"Ukrayna üçün qəbul maraqlı məsələdir: orda əsas heyət yoxdur, Molkinoda kimi gəldi qəbul edirlər. Həm də məhz problemliləri, qara siyahıda olanları. Orda "Vaqner" yox, müxtəlif adlar verilmiş dəstələr vuruşur. Öz aramızda biz onlara cərimə batalyonları deyirik".
"Ordakı "Vaqner" deyil, indi Molkinoda qəbul edilənlər tör-töküntülərdir. Əsas heyətdə olanlar iştirak etmirlər. Ora hər cür zir-zibili yığıblar, rəhbərləri də elə özləri kimi cəzalılardır.
Necə davrandıqlarını bilmirəm, sonradan hansı istiqamətə göndərildiklərini də. Hər halda, hələ ki LXR-da onları görən olmayıb", - keçmiş muzdlu belə deyib.
BBC-nin həmsöhbəti həmçinin bildirib ki, müharibədən bir neçə həftə əvvəl "Vaqner" veteranlarını "QRU zabitlərinin"rəhbərlik etdiyi yeni birləşmələrə işə götürüblər, onlara yeni özəl hərbi şirkətlərin adları yazılmış şevronlar verilib.
Mənbənin dediyinə görə, bu şəxslər "Xarkov istiqamətində" müəyyən tapşırığı yerinə yetirərək bir ay üçün 2100 dollar maaş alıb evlərinə qayıdıblar.
BBC bu informasiyanı şərh etməsi üçün Rusiya Müdafiə Nazirliyinə müraciət edib və cavab gözləyir. QRU zabitlərinin iştirakıyla bağlı iddianı müstəqil mənbələrdən yoxlamaq mümkün deyil.
"Vaqner" PMC ilk dəfə Ukraynanın şərqində münaqişənin başladığı 2014-cü ildə - qondarma "LXR"-də üzə çıxıb. Onda muzdlular Luqansk aeroportu uğrunda döyüşlərdə iştirak etmişdilər, geniş miqyasda tanınmaları isə qondarma respublika tərəfində vuruşan, amma Moskvanın Donetsk və Luqanskda yaratmaq istədiyi "güc vertikalında" yer almayan bəzi məşhur səhra komandirlərinin məhv edilməsindən sonraya təsadüf etmişdi.
"LXR"-dəki hərbi birləşmələrin üzvlərinə istinad edən KİV-lər səhra komandirləri Aleksey Mozqovoy, Pavel Dremov və Aleksandr Bednovun öldürülməsində separatçı rejim rəhbərlərinin iddia etdiyi kimi Ukrayna diversantlarının yox, "Vaqner"çilərin rolu olduğunu yazmışdılar.
Sonrakı illərdə muzdlular Suriya, Liviya, MAR, Mozambik və Sudanda görünüblər.
2021-ci ilin dekabr ayında Avropa Şurası "Vaqner" qrupuna sanksiyalar tətbiq edib və bu qərarlar muzdlularla müqavilə bağlamış 8 fiziki və 3 hüquqi şəxsə də şamil edilib.
BBC-nin Rusca xidməti Müdafiə Nazirliyinə Molkino poliqonunda Rusiya hakimiyyətinin "xüsusi hərbi əməliyyat" adlandırdığı prosesə əlavə qüvvələrin cəlb edilib-edilmədiyini təsdiqləmək və ya təkzib etmək üçün sorğu göndərib və cavab gözləyir.