UKRAYNA RUS ORDUSUNU, RUSLAR DİNC ƏHALİNI QIRIR - Mariupolda əsl soyqrım yaşanır + FOTOLAR/ VİDEOLAR

17-03-2022, 14:20   



Baxiş sayı: 2081
Dərc olunub: 17/03/2022 - 13:58
Bölmə: Manşet
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı operativ məlumat yayıb. Bu  barədə nazirliyin feysbuk səhifəsində paylaşım edilib.
Rəsmi informasiyaya əsasən, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ələ keçirərək müdafiəsini saxlamağa çalışdığı sərhədyanı bölgələrə əks-hücumları davam edir. Ukraynalı hərbçilər ötən sutka Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib.
Bildirilib ki, rəqibin itkilərinin sayı dəqiqləşdirilir:Ötən sutka ərzində düşmənin 2 “Su-34” qırıcısı, 3 esminets “Vaçi” “Su-34CM”, 3 “ES” helikopteri və operativ-taktiki səviyyəli pilotsuz uçan aparatı məhv edilib. Quru əməliyyatı keçirə bilməyən rusiyalılar mülki obyektləri hədəf almaqda davam edir”.
Məlumata görə, Rusiya kütləvi şəkildə dezinformasiya yayır: “Qarşı tərəfin informasiya məkanındakı məkrli fəaliyyəti davam edir. Bu, Ukraynanın hərbi-siyasi rəhbərliyinə və müdafiə qüvvələrinə qarşı təxribatdır. Amma onlar ciddi itki verməkdədir. Rəqibin kadr təminatında ciddi problemlər var. Rusiya ordusunun şəxsi heyəti ruhdan düşür. Beləliklə, fərariliklərin sayı artır”.
Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə deyib ki, Rusiya hərbi təyyarələrinin təxminən üçdəbir hissəsini itirib.


“Ukrayna hərbçiləri hər gün rusların bir neçə təyyarəsini vururlar. Üç həftə ərzində ruslar təyyarələrinin üçdəbir hissəsini itirib”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi martın 16-da Rusiyanın 5 təyyarə və 3 helikopterinin məhv edildiyini açıqlayıb.
Martın 17-nə keçən gecə  isə Dnepropetrovsk bölgəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri iki Rusiya təyyarəsini məhv edib. Bu barədə “Vostok” Hərbi Hava Komandanlığından məlumat verilib.
Təyyarələr vurulub. Pilotların sağ qalıb-qalmaması barədə məlumat verilmir. Təyyarə modelləri də açıqlanmır.
Bu arada Böyük Britaniya yüksək sürətli "Starstreak"ləri Ukraynaya təhvil verib. BBC xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.


Nazir "Starstreak" yüksək sürətli hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləyib.
"Bu sistemlər Ukrayna qüvvələrinə səmalarını daha yaxşı qorumağa imkan verir və 5 km-ə qədər yüksəklikdəki hava hədəflərini vura bilir”, - Uolles qeyd edib.
Müdafiə naziri bildirib ki, Britaniya artıq Ukraynaya 3 615 tank əleyhinə silah tədarük edib və tezliklə "Javelin" tank əleyhinə raketlərin kiçik partiyasını tədarük edəcək.
Rusiya ordusu isə Ukraynada dinc əhaliyə qarşı hərbi cinayətlərin dozasını hər keçən gün daha da artırır. Xüsusən mühasirədə olan Mariupol şəhərində əsl insanlıq dramı hökm sürür.
Ötən gün Rusiya aviasiyası şəhərdə yüzlərlə uşaqların və qadınların sığındığı teatr binasına böyük dağıdıcı gücə malik aviabomba ilə zərbə endirib, nəticədə bina yerlə bir olub. Ölənlərin sayını bilən yoxdur, çünki dağıntıları təmizləməyə və insanları xilas etməyə, meyitləri çıxarmağa xilasedicilər qalmayıb. İndiyədək şəhərdə 20 mindən çox dinc sakinin öldürüldüyü təxmin edilir, Rusiya ordusu şəhərdən çıxış yollarını atəşə tutur və əhalinin təxliyəsinə imkan vermir.

Virtualaz.org xəbər verir ki, Luqansk vilayətində ötən gecə Rusiya artilleriyası Rubejnoye şəhərini intensiv atəşə tutub. Vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirir ki, ruslar şəhərə əsl cəhənnəmi yaşadıblar, onlarla ev darmadağın edilib. Onlarla sakin həlak olub, evlər yanıb. 
“Rusiya ordusu məqsədli şəkildə dinc sakinləri atəşə tutur, onların şəhərdən təhlükəsiz çıxışına imkan vermir. Bu günlərdə biz Rubejnoye şəhərindən çıxan sərnişin avtobusuna necə atəş açıldığını gördük”, - o bildirib.
Mariupolu bu günlərdə öz gücüylə tərk etməyə imkan tapmış sakinlərdən biri Kristina Clos isə Facebook-da yazıb ki, şəhərdə əsl dəhşət, fəlakət, insanlıq dramı yaşanır.
Onun sözlərinə görə, sakinlər aramsız bombardmanların altından öz gücləri ilə, kalonlar şəklində, maşınların üstünə “Uşaqlar” sözü yapışdıraraq çıxa biliblər. “Bizi heç kim xilas etmədi, özümüz və Allah xilas etdi”, - o yazır.

Həmin sakin bildirir ki, şəhərdə qaz, su, işıq yoxdur. Əlləri, ayaqları qopmuş insanlar binaların həyətlərində köməksiz qalaraq qan itirir və can verirlər. Ölənləri harada gəldi qazıb basdırırlar və yaxınları sonradan onları tapa bilməyəcəklər. 

“İnsanları ölüm su axtarışına çıxanda, yaxud tonqal qalayıb sup bişirməyə çalışanda haqlayır”, - o bildirir.
Mariupol başçısı Vadim Boyçenko isə müraciətində bildirir ki, beş gündür şəhərdən çıxış üçün humanitar dəhliz yaradılacağı haqda vədlər eşidirlər, amma bu vədlərə əməl olunmur. Ona görə də sakinlər konvoylar halında raket və artilleriya atəşləri altında şəhəri tərk etməyə çalışırlar, ölümü gözə alıb yola çıxırlar. İki gün ərzində 6 500-dən çox şəxsi avtomobil Mariupoldan çıxa bilib.

Boyçenko dünən yerlə bir edilən teatr binasının dağıntıları altında nə qədər adamın qaldığını bilmədiklərini deyir.
“Bu dəhşətli faciədir, amma biz təslim olmayacağıq. Biz hər şeyi edəcəyik ki, “yaşıl dəhliz” işləsin, insanlar istənilən yolla təxliyə oluna bilsinlər”, - mer bildirib. Boyçenko hazırda Ukraynada və xüsusən Mariupolda baş verənlərin “genosid” olduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenksi isə ötən gecə müraciətində Mariupol və Çerniqovda dinc insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışıb. Onun sözlərinə görə, Rusiya aviasiyası məqsədli şəkildə Mariupolda teatr binasını böyük dağıdıcı gücə malik bomba ilə vurub. 
“Orada yüzlərlə uşaq sığınmışdı...Bina yerlə bir edilib. Həlak olanların sayı məlum deyil, Rusiyanın bizim xalqımızın başına gətirdiklərini görəndə ürək parçalanır. Onlar bizim Mariupolla, Donetsk vilayəti ilə necə qəddar davranırlar”, - Zelenski bildirib. 
Ukrayna prezidenti bildirib ki, işğalçılar bunu yaddan çıxarmasınlar – onların aldığı hər cana görə hesab soruşulacaq, qisas alınacaq.

Ukraynanın mühasirədə olan Mariupol şəhərində salamat qalan yeganə xəstəxana şəhərin bombalanması zamanı yaralanan insanlarla dolub-daşır.
“Associated Press”in müxbiri bununla bağlı hazırda təcili yardım, doğum evi və meyitxana kimi fəaliyyət göstərən tibb müəssisəsindən ürəkdağlayan reportaj hazırlayıb.
Şəhər meyitxanası artıq dolduğu üçün bombardmanlar nəticəsində həlak olan Mariupol sakinlərinin cəsədləri xəstəxananın zirzəmisində qalaqlanır.
Doktor Valeriy Drenqarın sözlərinə görə, bütün xəstəxanalar dağıdılıb, bu səbəbdən onların heç biri yaralıları qəbul edə bilmir.
Balaca uşaqlar və yeni doğulmuş körpələr də burada yerləşdirilib. Onların bəziləri hətta küvəzlərdə saxlanılır.

Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı müharibə zamanı mülki əhaliyə qarşı hücumları nəticəsində indiyədək 108 uşaq həlak olub, 120-si də yaralanıb. Bu barədə Ukrayna Baş Prokuror Ofisi “Telegram” kanalından bildirib.

Zərərçəkən uşaqların çoxu Kiyev (52 nəfər), Xarkov (34), Donetsk (25), Çernihiv (24), Mikolaiv (20), Jitomir (15), Sumı (14), Xerson (10) əyalətlərinin payına düşür.
Bununla yanaşı, Rusiya ordusunun artileriya və raket hücumları nəticəsində 411 təhsil ocağına ziyan dəyib, bunların 63-ü bütövlükdə dağılıb, həmçinin 11 səhiyyə müəssisəsi və 3 reabilitasiya mərkəzi atəşə tutulub.

BMT-nin baş katibi Antonio Quterreş isə Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynanı tərk edən məcburi qaçqınların sayını açıqlaylıb.
O qeyd edib ki, Rusiya ordusu Ukraynaya daxil olandan sonra 3 milyon ukraynalı doğma ölkəsini tərk etmək məcburiyyətində qalıb.
Məlumata görə, ukraynalı qaçqınların yarıdan çoxu Polşa ərazisinə köç edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.