Azərbaycan və İran arasında Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizi ilə bağlı imzalanmış memorandumun regiona siyasi-iqtisadi təsirləri nədir?
Siyasi təhlilçi Fuad Şahbazov BBC News Azərbaycanca üçün şərh edib:
Bu sənədin post-müharibə dövründə Bakı-Tehran arasında imzalanan ilk vacib sənəd olmasıyla yanaşı, həm də regiondakı ticarət dəhlizlərinin gələcəyinə təsir edəcəyi istisna deyil.
Bu sənədlə İİR ərazisində Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur.
Dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.
Regionda yeni ticarət dəhlizinin yaranması sadəcə iqtisadi maraqların yox, eyni zamanda göründüyü kimi, Azərbaycanın Ermənistanı iqtisadi müstəvidə təcrid etmək üçün atdığı növbəti addımdır.
İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra imzalanan atəşkəs müqaviləsi ilə Azərbaycanın Ermənistanın Syunik əyaləti (Qərbi Zəngəzur) vasitəsilə Naxçıvana və daha sonra Türkiyəyə uzanan yeni dəhliz yaratması nəzərdə tutulsa da, Ermənistan hökümətinin buna qəti formada etiraz etməsi və müzakirə etməkdən boyun qaçırması məsələnin yubanmasına gətirib çıxardı.
Görünən odur ki, Azərbaycan höküməti regional əməkdaşlığı daha da gücləndirməyin marağında olması ucbatından Ermənistanın dəhlizlə bağlı yekun mövqeyini gözləməməyə qərar verib. Nəticə etibarilə yeni dəhliz Ermənistanın yox, qonşu İranın ərazisindən keçərək yeni kommunikasiya xəttinin yaradılmasına sövq edəcək.
Bununla rəsmi Bakının "Qərbi Zəngəzur" dəhlizi ideyasından tam olaraq imtina etdiyini iddia etmək çətin olsa da, çox güman ki, bu layihənin reallaşdırılması bir müddət təxirə salınır.
Azərbaycan üçün bunun indiki mərhələdə mənfi təsiri görünmür, əksinə İranla yeni dəhliz həm ticarət dövriyyəsinin artmasına, həm də bu dəhliz vasitəsilə qonşu Türkiyəyə uzanan quru yol əldə etmiş olacaq.
Bu dəhlizin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan dəhlizdən fərqi odur ki, bura Rusiya hər hansı bir formada nəzarət edə bilməyəcək. Bu da dəhlizin təhlükəsizlik risklərini minimuma endirir.
Bu anlaşma özlüyündə İran üçün iqtisadi baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Son bir neçə ildir ki, dərin iqtisadi böhranla və daxili narazılıqlarla mübarizə aparan İran üçün bu memorandum və dəhliz layihəsi yeni nəfəslik rolunu oynayacaq.
Həmçinin 44-günlük Qarabağ müharibəsi vaxtı sülh danışıqları və ümumilikdə geosiyasi proseslərdən kənarda qalan İran bu layihə ilə həm regiondakı rolunu, həm də iqtisadi gəlirlərini artırmaq şansı əldə edəcək.
Yeni dəhliz layihəsi, göründüyü kimi, rəsmi Bakının özünün regionda əsas resurs bazasına malik olduğunu, digər tərəfdən isə Naxçıvana açılacaq birbaşa quru yol dəhlizi üçün alternativ variantların mövcud olduğunu nümayiş etdirmək üçün bir fürsətdir.
Ermənistan hökümətinin layihədən kənar qalması isə onun yaxın gələcəkdə digər beynəlxalq əhəmiyyətli tranzit layihələrdən (Şimal-Cənub dəhlizi) də kənarda qalmasına səbəb ola bilər.
İran və Azərbaycan arasında nəqliyyat dəhlizinin fəaliyyətə başlaması Ermənistanla əməkdaşlıq dialoquna inamı artırsa da, hələ ki rəsmi Yerevan bu məsələni ciddi müzakirəyə çıxarmaqdan boyun qaçırır.
2021-ci ildə Bakı və Tehranın qarşılıqlı münasibətlərində qısamüddətli, lakin görünməmiş səviyyədə bir gərginlik yaşansa da, sonradan hər iki tərəf yenidən regional əməkdaşlıq ritorikasına dönməyi vacib saymışdı.
İndiki mərhələdə isə Rusiyanın Ukraynaya hərbi təcavüzü və Qərb ölkələrinin İranla nüvə sazişini ən qısa zamanda yekunlaşdırmaq istəklərini nəzərə alsaq, o zaman Bakı-Tehran əməkdaşlığının əhəmiyyətini anlamaq mümkündür.
Ukraynanın işğalı və Rusiyaya qarşı tətbiq edilən misli görünməmiş iqtisadi sanksiyaların yaxın gələcəkdə digər region ölkələrinə də təsir edəcəyi istisna deyil və belə olan halda Azərbaycan özü üçün təhlükəsizlik yastığı prinsipini əsas tutaraq, bəzi region dövlətləri, o cümlədən Türkiyə və İranla fərdi əməkdaşlığın inkişaf etdirilməsində daha maraqlıdır.
Göründüyü kimi, indiki qlobal böhran dövründə Azərbaycan və İran ilk öncə Qərbə alternativ enerji mənbələri kimi daha maraqlıdır.
İranın enerji mənbəyinə çevrilməsi nüvə danışıqlarının nəticələrindən asılıdırsa, Azərbaycan höküməti artıq bir müddətdir ki, Brüssel ilə Avropaya mümkün təbii qaz ixracının həcminin artırılması ilə bağlı danışıqları davam etdirir.
Avropa ölkələrinin açıq şəkildə Rusiya nefti və qazından imtinaya çağırış etmələri yaxın gələcəkdə Azərbaycan qazına olan tələbatı bir az da artıra bilər. Hərçənd, Azərbaycanın qaz ehtiyatı bütövlükdə Avropa enerji bazarında böyük paya sahib olmasa da, əlavə mənbə kimi əhəmiyyətini qoruyacaq.
Bu baxımdan, Rusiyanın həm İranın nüvə danışıqlarına maneə törədəcəyi, həm də digər region ölkələrinə siyasi təzyiqi artıracağı şübhə doğurmur.
Lakin indiki mərhələdə ağır iqtisadi-siyasi sanksiyalara məruz qalan Rusiyanın post-Sovet regionunda öz təsirini necə konsolidasiya edəcəyi və öz təsir zonasında özünün nəzarətindən kənar baş tuta biləcək istənilən əməkdaşlıq formatlarına necə bir münasibət ortaya qoyacağı hələ ki sual altındadır.