Hətta ən dəhşətli müharibə də bir gün sona çatır. Bəzən də 1945-ci ildə olduğu kimi ölüm-dirim savaşına çevrilir. Amma çox vaxt müharibələr tərəflərin heç birini tam təmin etməyən razılaşmalarla bitir. Heç olmasa, daha çox qan tökülməsinin qarşısı alınır.
Ən ağır və şiddətli döyüşlərdən sonra da tərəflər arasındakı düşmənçilik zamanla azalaraq keçmişdəki vəziyyətə yaxınlaşır.
Şans yaranarsa, indi Rusiya və Ukrayna arasında da bu mərhələnin başlandığını müşahidə edə bilərik.
Qəzəb və ağrı hissi, xüsusilə Ukrayna əhalisində 10 illər boyu davam edə bilər. Amma hər iki tərəf sülh istəyir, hər iki tərəfin sülhə ehtiyacı var.
Ukraynalılara sülh ölkənin şəhər və qəsəbələri dəhşətli hücumlara məruz qaldığı üçün lazımdır. Prezident Volodimir Zelenskinin sözlərinə görə, Rusiya Çeçenistanla apardığı iki qanlı müharibə ilə müqayisədə, indi daha çox əsgər və texnika itirib.
Hazırda bu iddianı təsdiqləmək mümkün deyil.
Amma bir məqam da var ki, öz hakimiyyətinin sonuna səbəb olacaq sülh müqaviləsini heç kim könüllü olaraq imzalamayacaq.
Ona görə də Rusiya Prezidenti Vladimir Putin məğlub görünməməli və bunun yolunu tapmalıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski ciddi dərəcədə diplomatik bacarıq nümayiş etdirdi. Hazırda o, Rusiyanı ölkəsindən çıxarmaq üçün özünün və xalqın nələri qəbul edə biləcəyini açıq ifadə edir.
Zelenski üçün ən əsas məsələ Putinin əvvəldən planlaşdırdığı kimi, Ukraynanın bu dəhşətli cəhddən Rusiyanın bir əyaləti kimi yox, bütöv şəkildə və birlik içində suveren bir ölkə olaraq çıxmasıdır.
Putin üçünsə ən vacib məsələ bu müharibədə qələbə qazanmış kimi görünməkdir. Rəhbərlikdə təmsil olunanların hamısı bu lazımsız müdaxilə ucbatından Rusiyaya böyük ölçüdə ziyan dəydiyinin fərqində olsalar da, bunun elə bir əhəmiyyəti yoxdur.
Elə ölkə əhalisinin 20 faizi də baş verənlərin mahiyyətini anlayır. Onlar Putinin öz xəyallarını gerçəkləşdirmək üçün qumar oynadığını və uduzduğunu görürlər.
Cəsur jurnalist Marina Ovsyannikova canlı yayımda müharibəyə etiraz edib, xalqa ekrandan deyilənlərin yalan olduğunu bildirsə də, Putinin məqsədi dövlət televiziyasında deyilənlərə inanan əksəriyyətin dəstəyini qazanmaq olacaq.
İlk növbədə Ukrayna təminat verməlidir ki, yaxın gələcəkdə NATO-ya daxil olmaq niyyəti yoxdur və bunu bəlkə konstitusiyada da qeyd etmək lazım gələcək.
Prezident Volodimir Zelenski NATO-nu Ukraynanı tək qoymaqda günahlandırdı, alyansın hazırkı davranışı fonunda bu təşkilata üzv olmağa dəyib-dəymədiyi barədə şübhələrini ifadə etdi. Ağıl və ustalıqla seçilmiş siyasi mövqelər arasında bu, ən yaxşısı sayıla bilər.
NATO günahlandırılacaq (Alyansın bunu asanlıqla həzm etməsi çətin məsələdir) və Ukrayna istədiyi kimi hərəkət etmək azadlığı əldə edəcək.
Amma bu, işin ən asan tərəfidir. Zelenski ölkəsinin tezliklə Avropa İttifaqına üzv qəbul edilməsini istəyir. NATO üzvlüyü məsələsində olduğu kimi, Rusiya Ukraynanın Aİ-yə üzvlüyünün də əleyhinədir. Amma bunun da həll yolları var.
Ukrayna üçün ən qəbuledilməz şey öz sərhədlərini qorumaq üçün daha əvvəl əldə edilmiş beynəlxalq razılaşmanın Rusiya tərəfindən pozulması və bəzi ərazilərinin işğal edilməsidir.
Ukrayna 2014-cü ildə itirdiyi Krımı rəsmən Rusiya ərazisi kimi tanımaq məcburiyyətində qala bilər. Bundan başqa, Rusiya Ukraynanın şərqində de-fakto onun nəzarətində olan bölgələri və bəlkə də daha geniş ərazini öz əlində saxlamaq istəyir.
1939-cu ildə İosif Stalin bir vaxtlar Rusiya imperiyasının tərkibində olmuş Finlandiyanı işğal etmişdi. 2022-ci ildə Ukraynaya hücum edən Putin kimi, o vaxt Stalin də ordunun sürətlə irəliləyəcəyini düşünürdü. Generallar da, çox güman ki, qorxularından onu dəstəkləmişdilər. Amma vəziyyət başqa cür oldu.
Müharibə bütün qış boyu (1940) davam etdi. Sovet ordusunun tez bir zamanda qalib gələ bilməməsi fonunda Finlandiya böyük bir hərbi gücə dirəniş göstərməyin qürurunu yaşadı.
Əlbəttə, ölkə ərazisinin bir hissəsini itirməli oldu, çünki Stalin və Putin kimi avtokratlar belə vəziyyətlərdə qalib gəlmiş kimi görünmək məcburiyyətindədirlər. Amma Finlandiya ən vacib və ən qalıcı bir şeyi əldə etməyi bacardı - müharibədən öz müqəddəratını təyin etmək haqqından istifadə etmiş tam müstəqil bir ölkə kimi çıxdı.
Bu günə qayıtsaq, Rusiyanın çoxsaylı hücumlarını dəf edən, Putinin qüvvələrini zəif göstərən Ukrayna da buna nail ola bilər. Nə qədər ki, Rusiya ordusu paytaxt Kiyevi və ölkənin daha çox ərazisini ələ keçirməyib, Ukrayna milli quruluş kimi öz mövcudluğunu qoruya bilər. Necə ki, 1940-cı ildə Finlandiya bunu edə bilmişdi.
Ukraynanın Krımı və şərq bölgələrini itirməsi ağrılı, qanunsuz və ədalətsiz ola bilər. Amma daha çox şey əldə etmək üçün Vladimir Putin əvvəlkindən daha üstün səviyyədə daha çox güc tətbiq etməli olacaq. Müharibənin üçüncü həftəsindəki vəziyyətə baxanda, bu müharibənin əsl qalibinin kim olduğu heç kimdə şübhə doğurmur.