ŞOYQU NİYƏ YOXA ÇIXIB? - "Müdafiə naziri 12 gündür ki, görünmür..."

23-03-2022, 16:02   




“Martın 11-dən etibarən Müdafiə naziri Sergey Şoyqu ictimaiyyət qarşısına çıxmır. Müharibənin davam etdiyi 28 günün son 12 günündə nazir görünmür”
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Rusiyanın “Mediazona” və “Aqentstvo” dərgilərinin araşdırmaçı jurnalistləri məlumat paylaşıblar.
Məlumatda qeyd olunur ki, son dəfə nazir martın 11-də Ukraynanın işğalında iştirak edən bir qrup hərbçinin mükafatlandırılması tədbirində görünüb. Onun sosial şəbəkə profilindəki paylaşımının Müdafiə Nazirliyinin saytında son yayımı da məhz həmin günə təsadüf edir.
Həmçinin, martın 18-də rəsmi telekanallarda Şoyqunun hərbçiləri təltif etməsi barədə süjet verilsə də, həmin kadrların köhnə olduğu bildirilir. Eyni zamanda, həmin gün Təhlükəsizlik Şurasının iclası barədə verilən məlumatda nə foto, nə də video yayımlanıb.
Ancaq martın 11-nə qədər Şoyqu hər gün ictimaiyyət qarşısına çıxıb, rəsmi xəbərlərdə onunla bağlı videomateriallar paylaşılıb, rəsmi məlumatlar verilib və s. Ümumiyyətlə, Müdafiə naziri öz şəxsi personasına xüsusi önəm verən, mətbuatla sıx təmasda olan nazirlərdən biri kimi tanınır. Məhz onun gəlişindən sonra Müdafiə Nazirliyinin mətbuat xidməti genişlənib və əməkdaşların sayı artırılıb. Bu baxımdan nazirin son günlər “yoxa çıxması” müxtəlif söz-söhbətlərə yol açıb.
Jurnalistlər Şoyquya yaxın mənbələrə istinadla xəbər verirlər ki, nazirin səhhətində ciddi problemlər yaranıb və o, ürək xəstəliyindən əziyyət çəkir. Xəbərdə o da qeyd olunur ki, “yoxa çıxan” təkcə Şoyqu deyil. Baş Qərargah rəisi Valeri Gerasimov da martın 11-dən etibarən üz-araya çıxmır.
Xatırladaq ki, kəşfiyyat məlumatlarına görə, açıq-aşkar uğursuzluğa rəğmən Rusiya rəhbərliyində Ukraynaya qarşı işğal müharibəsinin davam etdirilməsində qətiyyətlə israr edən iki nəfər var – Putin və Şoyqu.
C.Məmmədov
“AzPolitika.info”   


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.