Rusiya qoşunları Ukraynada niyə sürətlə irəliləyə bilmirlər?

24-03-2022, 15:31   


Rusiya hərbçiləri xarab olan texnikanı atıb gedirlərŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Rusiya hərbçiləri xarab olan texnikanı atıb gedirlər

Rusiya dünyanın ən böyük və ən güclü ordularından birinə sahibdir, amma bu günə qədər Ukraynada istədiyi sürətlə irəliləyə bilməyib. Bir çox hərbi ekspert Rusiya hərbçilərinin döyüş meydanındakı zəif performansından təəccübləndiyini gizlətmir.

Rusiya itkilərinin yerini doldura biləcəkmi? Putin qoşunlarının yavaş irəliləməsi bəzi hərbi ekspertlərin bu sualı səsləndirməsinə səbəb olub.

NATO-nun BBC-yə açıqlama verən yüksək çinli hərbçilərindən biri "Doğrusu, Rusiya hədəflərinə çata bilmədi və yəqin ki, axıra qədər də çata bilməyəcək" deyib.


Rusiya harda səhvə yol verdi? Bunu Qərbin yüksək vəzifəli hərbçilərindən və kəşfiyyat nümayəndələrindən soruşdum.

Yanlış fərziyyələr

Rusiyanın ilk səhvi Ukraynanın xeyli kiçik ordusunun müdafiə qabiliyyətini ciddiyə almaması oldu. Yəqin ona görə ki, Rusiyanın illik hərbi büdcəsi 60 milyard, Ukraynanınkı isə 4 milyard dollardır.

Güclü ordusu olan digər ölkələr kimi, ola bilsin, Rusiya da öz gücünü öz gözündə böyüdüb. Ölkə prezidenti Vladimir Putin uzun müddətdir ki, səylə ordunun modernləşdirilməsi proqramına dəstək verir və buna görə də ordusunu olduğundan daha güclü təsəvvür etmiş ola bilər.

1px transparent line

Britaniya ordusunun yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, Rusiyanın müdafiə sahəsinə yönəltdiyi sərmayələrin böyük hissəsi nüvə potensialının inkişafına və bununla bağlı eksperimentlərə yönəldilir. Bura hipersəs raketləri kimi yeni silahların istehsalı da daxildir.

Moskvadakı qələbə paradlarında nümayiş etdirilən və dünyanın ən güclü tankı kimi təqdim edilən "T-14 Armata" hələ ki bu müharibədə istifadə edilməyib. Rusiyanın Ukraynaya göndərdiyi tankların əksəriyyəti köhnə "T-72"-lər, zirehli transportyorlar, artilleriya və raket qurğularıdır..

Bu ölkəyə hücumun ilk günlərində Rusiya havada çox açıq üstünlüyə malik idi, sərhədə Ukrayna ordusundakından sayca üç dəfə çox döyüş təyyarəsi göndərilmişdi. Buna görə də bir çox hərbi ekspert Rusiyanın havada tez bir zamanda üstünlük qazanacağını düşünürdü. Amma bu baş vermədi. Ukraynanın hava hücumlarından müdafiəsi Rusiyanın manevr imkanlarını məhdudlaşdıracaq qədər təsirli ola bildi.

Moskva Rusiyanın xüsusi təyinatlı qüvvələrinin çox çevik və həlledici rol oynayacağına da ümid etmiş ola bilərdi.

BBC-yə danışan yüksək rütbəli Qərb hərbçisinin sözlərinə görə, Rusiya Ukraynanın hava hücumundan müdafiəsinin "zəifliyinə" güvənərək "Spetsnaz"ı və VDV paraşütçülərini göndərməyin kifayət edəcəyini düşünüb. Ancaq ilk günlərdə Kiyev yaxınlığındakı Hostomel hava limanında vertolyotları məhv etmək üçün başladılan hücum əks nəticə verdi - Ukrayna həmin hücumu dəf etdi. Rusiya qoşun, sursat və dəstək göndərmək üçün istifadə edəcəyi hava limanını ələ keçirə bilmədi.

Ona görə də Rusiya hər növ dəstəyi quru yollarla göndərməyə başladı. Bu, Ukraynaya imkan verdi ki, müəyyən bir marşrut üzrə hərəkət edən texnikanı asanlıqla hədəfə alsın. Bəzi ağır maşınlar atəşdən qorunmaq üçün yoldan çıxanda palçığa batdı və irəli gedə bilmədi.

T-14 Armata tanklarıŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Peyklərin şimal tərəfdə aşkar etdiyi 64 kilometrlik Rusiya zirehli texnikası hələ də Kiyevin mühasirəsinə qoşulmayıb.

Ən mühüm irəliləmələr cənubda müşahidə olunur. Orda həm sursatın, həm də şəxsi heyətin daşınması üçün dəmiryollarından istifadə olunur.

"Putinin qüvvələri əvvəlki sürəti itiriblər. Onlar ilişib qalıblar və yavaş-yavaş da olsa, çox əhəmiyyətli itkilər verirlər" - Britaniyanın müdafiə naziri Ben Wallace BBC-yə açıqlamasında belə deyib.

İtkilər və pis ovqat

Rusiya Ukraynanı işğal etmək üçün sərhədə 190 min əsgər yerləşdirmişdi və onların əhəmiyyətli hissəsi artıq müharibədə fəal iştirak edib. Qərb kəşfiyyatının məlumatına görə, həmin qoşunların 10 faizi sıradan çıxarılıb. Tərəflərin itkiləriylə bağlı etibarlı və təsdiqlənmiş təfərrüatlar yoxdur, amma Ukrayna 14 min rusiyalı əskərin həlak olduğunu iddia edir. ABŞ kəşfiyyatı isə bu rəqəmin yarısının doğru ola biləcəyini düşünür.

Qərb rəsmilərinin dediyinə görə, Rusiya əsgərlərinin mənəvi-psixoloji vəziyyətinin "çox-çox aşağı" olduğunu göstərən əlamətlər var. Məmurlardan biri həftələrlə Belarusda gözləyən əsgərlər haqqında deyib ki, "Onlar üşüyürlər, yorğun və acdırlar".

Rusiya itkilərin yerini doldurmaq üçün artıq ölkənin şərqindən və Ermənistandan Ukraynaya yeni qoşunlar gətirməyə başlayıb.

Qərb rəsmiləri Suriyadan da döyüşçülər gətirildiyi və tezliklə onların da müharibəyə qatılacağı xəbərinə "Böyük ehtimal, doğrudur" deyə münasibət bildirirlər.

Təchizat və logistika problemləri

Rusiya əslində ən təməl sahələrdə çətinlik çəkir.

Köhnə bir hərbi məsəl var: "Peşəkarlar logistika üzərində işləyir, həvəskarlarsa taktikadan danışır".

Bu müharibədə Rusiyanın logistika barədə kifayət qədər düşünmədiyinə dair sübutlar var. Zirehli və silahlı maşın karvanlarında yanacaq, ərzaq və sursat çatışmazlığı müşahidə olunur. Xarab olan maşınlar tərk edilir və Ukrayna traktorları ilə daşınırlar.

Qərb rəsmiləri deyirlər ki, Rusiya qoşunlarında sursat çatışmazlığı problemi də ola bilər. İndiyədək uzaqmənzilli idarə olunan 850-900 raketdən istifadə olunub. Onların yerini idarə olunmayan silahlarla doldurmaq mümkün deyil.

ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, Rusiya bu sahədəki çatışmazlıqları aradan qaldırmaq üçün Çindən kömək istəyə bilər.

Qərb ölkələrindən Ukraynaya müntəzəm silah-sursat axını var. Bu həm də döyüş ruhunu yüksəldir. Bu yaxınlarda ABŞ Ukraynaya müdafiə üçün əlavə 800 milyon dollar məbləğində maliyyə yardımı edəcəyini açıqlayıb.

ABD askeriŞƏKLİN MƏNBƏYİ,ALAMY

Tank əleyhinə və zenit raketləriylə yanaşı, Birləşmiş Ştatlar Ukraynaya "Switchblade" pilotsuz uçuş aparatları da göndərəcək. Bu aparatlar partlayıcılarla doldurula və hədəfə çatdığı an partladıla bilir.

Qərb rəsmiləri həmçinin bildirirlər ki, Putin Ukrayna şəhərlərini uzun müddət bombalamağa yetəcək qədər hərbi qüvvəyə malikdir.

Bir kəşfiyyat rəsmisinin sözlərinə görə, bu günə qədərki nisbi məyusluğuna rəğmən, Putin təslim olmayacaq və böyük ehtimal, hücumların sayını artıracaq:

"Putin hələ də Rusiyanın Ukraynanı hərbi yolla məğlub edə biləcəyinə inanır".

Qərb ekspertləri xəbərdarlıq edirlər ki, Ukrayna ordusu indiyədək effektiv müdafiə nümayiş etdirsə də, çox ciddi dəstək və təchizat olmasa, silah və sursatı sürətlə tükənəcək. Çünki müharibənin əvvəlindəki qədər olmasa da, üstünlük hələ də Rusiya tərəfdədir.

BBC News
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.