“Vaqner”in yüzlərlə muzdlusu Ukraynaya göndərilmək üçün Liviyadan çıxarıldı
26-03-2022, 15:15
0
Hurriyyet.az “Ensonhaber” portalına istinadla xəbər verir ki, Rusiya 1300 muzdlu hərbçisini Liviyadan çıxararaq Ukraynaya göndərməyə hazırlaşır. “Vaqner” muzdlularının bir qisminin Liviyadan çıxarılması barəsində açıqlamanı liviyalı hərbi ekspert, polkovnik Adil Əbdülkafi verib. Əbdülkafi Liviya topraqlarında ümumilikdə 2200 nəfərə yaxın “Vaqner” muzdlusunun olduğu bildirib. Ekspert Sirte ilə Cufranı bir-birinə birləşdirən yoldakı muzdluların oranı tərk elədiyini, strateji Cufra hava bazası ilə Baraj Şatı hava bazasındakı mövqelərin gücləndirildiyini qeyd edərək deyib: “Ukraynadakı müharibə səbəbindən Rusiya 1300 muzdlu hərbçisini Liviyadan çıxarmağı qərara alıb. Ölkədə 900 nəfərə yaxın muzdlu hərbçi qalıb”. “Liviya Panorama” kanalının 22 fevral tarixində anonim mənbəyə istinadla verdiyi xəbərə görə isə 300 nəfər Vaqner döyüşçüsü Sukene ilə Vaddanı tərk eləmişdi. Adil Əbdülkafi deyib: “Vaqner” “Pantsir” sistemləri kimi ağır silahları Cufra və Barak bazalarına apardıqdan sonra movqelərini gücləndirmək üçün afrikalı muzdluları silahlandırmağa davam edir. Şirkət Mali, Çad və Sudandan olan muzdlu döyüşçüləri silahlandırır. Afrika ölkələri tərəfindən maliyyələşdirilən bu muzdlu döyüşçülər şirkətin təlimatlandırdığı suriyalı ünsürlərlə birlikdə meydana çıxarılıb”. BMT-nin 2020-ci ilin sentyabrında yayılan hesabatına görə, Vaqner muzdluları 2018-xi ilin oktyabrından etibarən Liviyada fəaliyyət göstərməyə başlayıb. Hesabatlarda Liviyadakı rusiyalı muzdluların sayının 800-1000 nəfər olduğu bildirilirdi. 2019-cu ilin aprelində qiyamçı general Xəlifə Hafterin yaraqlılarının hücumlarına qoşulduqdan sonra “Vaqner”in Liviyadakı rolu daha da artmışdı. Qərb hökumətləri və analitikləri “Vaqner” muzdlularını Afrikada insan hüquqlarını pozmaqda, Mali, Suriya, Mərkəzi Afrika Respublikası və Çad dövlətlərindəki döyüşlərdə tərəf olmaqda ittiham edirlər. Liviyadakı “Vaqner” muzdlularının sayı barəsində müxtəlif mənbələr müxtəlif məlumatlar verirlər. Liviya dövlət Ali Şurasının sədri Xalid əl Mişri 2021-ci il dekabrın 12-də verdiyi açıqlamada ölkədə “Vaqner” Rusiya hərbi şirkətinin 7 min nəfərdən artıq muzdlu döyüşçüsünün olduğunu söyləmişdi. Hürr Tərcüman