Azərbaycan Müdafiə Nazirliyi: "Fərrux kəndi və ətraf mövqelərdə heç bir dəyişiklik baş verməyib”

28-03-2022, 08:36   


Azərbaycan Ermənistan Dağlıq Qarabağda gərginlik Fərrux kəndi Parrux kəndi Xocalı Əsgəran Azərbaycan hərbçiləri Ermənistan silahlılarıŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun "Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyini" deyir.

"Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir", Azərbaycan MN bildirib.

Rusiya Müdafiə Nazirliyi Azərbaycan əsgərlərinin Fərrux kəndini "keçirilmiş danışıqlar nəticəsində tərk etdiyini" bildirib.

"Danışıqların nəticələrinə əsasən, Azərbaycan tərəfi Furux (Fərrux kəndi - red.) yaşayış məntəqəsi ərazisindən öz bölmələrinin çıxarılmasını həyata keçirib", Rusiya MN-in vebsaytında bazar günü martın 27-də dərc olunmuş açıqlamasında deyilib.

Rusiya MN-nin məlumatında həmçinin Əsgəran rayonu ərazisində (Xocalı rayonu- red.) "atəşkəs rejiminin Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən iki dəfə pozulduğunu" qeyd edib.

"Atışma nəticəsində tərəflərin hər birində iki nəfər yaralanıb", məlumatda deyilib.

"Rusiya sülhməramlı kontingentinin komandanlığı münaqişə tərəflərinin nümayəndələri ilə əməkdaşlıq yolu ilə vəziyyəti sabitləşdirib," - Rusiya MN bildirib.

Azərbaycan Müdafiə Nazirliyi buna cavab olaraq bildirib ki, Rusiya MN-in açıqlamasında "atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb."

Bakı Moskvaya bir daha xatırladıb ki, "Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur."

Bakı qeyd edib ki, Rusiya MN-in 26 və 27 mart tarixli açıqlamalarında "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi Azərbaycanın "ərazi bütövlüyünə qarşı hörmətsizlikdir."

Azərbaycan MN-i ötən ay iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 18-ci bəndində Rusiya və Azərbaycanın "separatçılıq təhdidlərinə qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirdiklərini" xatırladıb.

Müdafiə Nazirliyi Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kəndin olmadığını deyib və bildirib ki, "ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir."

Bakının Rusiyaya cavabı və xahişi: Erməni silahlılarını "tam çıxarın"

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin Qarabağda vəziyyətlə bağlı açıqlamasını "təəssüflə" qarşılayıb və onu "həqiqəti əks etdirməyən və birtərəfli" adlandırıb.

Rusiya Müdafiə Nazirliyi şənbə günü yaydığı məlumatda Azərbaycanı 10 noyabr bəyanatını "pozmaqda" ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasını ikitərəfli əlaqələrin mahiyyətinə və bu ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə "zidd" hesab edib.

Azərbaycanın 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına sadiq olduğunu, onun heç bir müddəasını pozmadığını bildirən Müdafiə Nazirliyi bu bəyanatın 4-cü bəndinə əsasən Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən "tam olaraq çıxarılmasının indiyə qədər icra edilməməsinə" görə Ermənistanı ittiham edib.

Bundan əvvəl Ermənistan da Azərbaycanı 10 noyabr bəyanatının müddəalarını "pozmaqda" ittiham etmişdi.


Nə baş verib?

Ermənistan mediası martın 24-dən bəri Əsgəran rayonu, Parux kəndi (Xocalı rayonu, Fərrux kəndi -red.) yaxınlığında Azərbaycan hərbçiləri ilə Qarabağdakı erməni silahlı qruplaşmaları arasında gərginlik baş verdiyini yazır.

Vəziyyətlə bağlı Rusiya sülhməramlılarına müraciət edən erməni tərəfi Qarabağda 3 hərbçilərinin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Azərbaycan Ordusunun bölmələri mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir və bu zaman "güc tətbiq etmir".

Azərbaycan həmçinin heç bir itkisinin olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında nə deyilir?

Rusiya Müdafiə Nazirliyi şənbə günü yaydığı açıqlamada Azərbaycan ordusunun martın 24-dən 25-dək "Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olaraq müşahidə postunu qurduğunu" bildirib, Rusiya mediası yazır.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında Azərbaycanı 10 noyabr bəyanatını "pozmaqda" ittiham edib.

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycan qüvvələri "Bayraktar dronları ilə Dağlıq Qarabağ silahlı birləşmələrinin ərazidəki bölmələrinə 4 zərbə endirib".

Məlumata əsasən, Rusiya Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan tərəfinə qoşunların çıxarılması çağırışı göndərilib."

Qeyd olunan gərginlik zamanı Bayraktar dronlarından istifadə edildiyinə dair sübut-dəlil yoxdur.

Azərbaycanın Rusiyaya cavabı və xahişi: "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur"

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə cavabında onu da bildirib ki, "Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur" və "açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur."

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinindən 10 noyabr bəyanatına uyğun olaraq "Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, "Dağlıq Qarabağ" ifadəsini işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edib."

Azərbaycan erməni silahlılarını "geri çəkilməyə məcbur edib"

Azərbaycan Müdafiə Nazirliyi martın 26-da səhər "qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərini geri çəkilməyə məcbur etdiyini" bildirib.

"Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib", - nazirliyin məlumatında deyilib.

Hadisənin hansı sahədə baş verdiyi barədə məlumatda deyilməyib.

Bakı baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığını və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini məlumatlandırıb.

Azərbaycan Müdafiə Nazirliyi ordu bölmələrinin itki vermədiyini və əməliyyat şəraitinin nəzarət altında olduğunu qeyd edib.

Hərbi mənbələrə istinad edən Ermənistan mediası ötən gecə və bu səhər "əməliyyat-taktiki vəziyyətin nisbətən sabit" olduğunu və "atəşkəs rejiminin əhəmiyyətli dərəcədə pozulmadığını" bildirib.

Erməni mənbələri Azərbaycan tərəfinin "martın 24-də tutduğu mövqedə qalmaqda davam etdiyini" və "ilkin mövqeyə qaytmaq barədə" danışıqların getdiyini bildirib.

Belə danışıqların getdiyi barədə Ermənistan tərəfinin yaydığı xəbərlərə Azərbaycan reaksiya verməyib.

Qarabağda "14 nəfər yaralanıb, 3 nəfər ölüb"

Qarabağda baş vermiş gərginlik nəticəsində üç erməni əsgəri ölüb, məlumatı "Qarabağ özünümüdafiə ordusu" adlandıran mənbə yayıb.

Məlumatda həmçinin ölənlərin adları çəkilir və deyilir ki, onlar təmas xəttinin şərq istiqamətində Bayraktar PUA-larının zərbəsi nəticəsində həlak olublar.

Azərbaycan rəsmiləri bu iddialara reaksiya verməyib. Bayraktarlardan istifadə olunmasına dair hələ ki, heç bir sübut və ya dəlil yoxdur.

Bir qədər əvvəl özünü "Qarabağın ombudsmanı" adlandıran Geğan Stepanyan bildirib ki, Xankəndi xəstəxanasında 14 yaralı var.

Onun sözlərinə görə, həkimlər 10 nəfərin səhhətini "yüngül", bir nəfərin "orta", bir nəfərin "ağır", iki nəfərin isə son dərəcə ağır kimi qiymətləndirir.

Stepanyanın açıqlamasında "onların əksəriyyəti Azərbaycan silahlı qüvvvələri tərəfindən PUA-dan (Pilotsuz Uçan Aparat) istifadə olunması nəticəsində yaralandığı" deyilir.

Ermənistan Qarabağ münaqişəsiŞƏKLİN MƏNBƏYİ,ARMENIA TODAY

Ermənistan mediası özünü "Qarabağ özünümüdafiə ordusu" adlandıran mənbənin mətbuat xidmətinə istinadən yazıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri martın 25-i gecəsi "Artsax özünümüdafiə ordusu bölmələrinin mövqelərini müxtəlif çaplı silah növləri və zərbə PUA-sından atəşə tutub".

Azərbaycan hərbçilərinin həlak olması xəbərini təkzib edib

İddialara görə, atışma nəticəsində "Azərbaycan tərəfindən azı 5 hərbçi həlak olub, erməni tərəfindən bir hərbçi yaralanıb", ancaq Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı "informasiya təxribatı" adlandırıb.

Azərbaycan Müdafiə Nazirliyi cümə günü Qarabağda hərbi qulluqçularının həlak olmadığını bildirib, bunu yerli informasiya agentlikləri nazirliyə istinadən yayıblar.

"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır", - MN deyib,

Azərbaycan MN əlavə edib ki, Azərbaycan Ordusunun bölmələri mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir və bu zaman "güc tətbiq etmir", yerli media yazır.

Cümə günü Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağda vəziyyətin gərginləşməsini Azərbaycan müdafiə naziri Zakir Həsənovla müzakirə edib.

Rusiya müdafiə nazirliyin bildirib ki, onlar Qarabağda sülhməramlı əməliyyat zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar telefonla danışıblar və Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsi və Zaqafqaziyada təhlükəsizliyin qorunması yollarını müzakirə ediblər.

Sosial mediada yayılmış bir videoda ekskavatorun qarlı ərazidə çalışdığı görünür. Ətrafda isə Rusiya bayrağı olan tanklar var. Videonu paylaşanlar ekskavatorun Azərbaycan ordusuna məxsus olduğunu və Xocalı ərazisindəki strateji bir təpəni ələ keçirmək üçün yolu açdığını bildirib. Onlar həmçinin Rusiya sülhməramlılarının Azərbaycan əsgərlərinə müdaxilə etməməsinə diqqəti çəkib.

Rusiya Dağlıq Qarabağ Münaqişəsi Rusiya sülhməramlıları Xocalı Əsgəran Azərbaycan əsgərləriŞƏKLİN MƏNBƏYİ,AKSHAY/TWITTER

İttihamlar

Daha əvvəl, martın 24-də "Qarabağ İnformasiya Qərargahı" adlı mənbənin məlumatına istinadən Ermənistan informasiya agentlikləri Azərbaycan silahlı bölmələrinin Rusiya sülhməramlı kontingentin "məsuliyyət zonasında yerləşən Əsgəran rayonu Parux kəndinə (Xocalı rayonu, Fərrux kəndi-red.) müdaxilə edərək yaxınlıqda yerləşən mövqeləri nəzarəti altına" aldığı haqqında məlumat yaymışdılar.

Həmin axşam Ermənistan müdafiə naziri Suren Papikyan məsələni Rusiya müdafiə naziri Sergey Şoyquya telefonla müzakirə edib və Ermənistan MN mətbuat xidmətinin məlumatında deyilir ki, "Sergey Şoyqu əmin edib ki, vəziyyət Rusiya tərəfinin diqqət mərkəzindədir, onun dinc yolla həlli üçün lazımi tədbirlər görülür".

Ermənistan Xarici İşlər Nazirliyi ötən axşam Azərbaycanı 10 noyabr bəyanatının müddəalarını "pozmaqda" ittiham edib.

"Biz gözləyirik ki, təxribatların onun məsuliyyət zonasında baş verən Rusiya sülhməramlı qüvvələri Azərbaycan qoşunlarının dərhal öz çıxış mövqelərinə qayıtması və 9 noyabr 2020-ci il üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə əməl edilməsi üçün tədbirlər görəcək", - bəyanatda deyilir.

Erməni tərəfinin görə, Rusiya sülhməramlıları vasitəsilə danışıqlar nəticəsində danışıqlar bir nəticə verməyib, Azərbaycan qüvvələri öz əvvəlki mövqelərinə qayıtmayıb.

Bu məsələ ilə bağlı Azərbaycan XİN Ermənistan tərəfini "məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğul" olmaqda ittiham edib:

"Ermənistan Xarici İşlər Nazirliyinin 24 mart tarixli, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir".

Azərbaycan XİN bildirib ki, bölgədə sülh və sabitliyin təmin ediməsinin "yeganə yolu imzalanmış birgə bəyanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması"dır.

əSGƏRAN ASKERAN qarabağ Dağlıq Qarabağ münaqişə Azərbaaycan Ermənistan Rusiya sülhməramlılarıŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Xocalı rayonunda nə baş verib?

Qarabağdan verilən məlumatlarda deyilir ki, Azərbaycan silahlı qüvvələrinin Əsgəranın Parux (Xocalının Fərrux - red.) kəndinə keçməsinə görə Əsgəranın Xramort (Xocalının Pirlər - red.) kəndinin əhalisi ərazidən çıxarılıb.

Azərbaycanın Xocalının Pirlər kəndi saydığı ərazini ermənilər Əsgəran inzibati ərazisi daxilində Xramort kəndi olaraq hesab edir.

Kəndin başçısı Zorik Abrahamyan Ermənistan mediasına "Vəziyyət yaxşı deyil" deyib.

Xocalı Qarabağ Ermənistan AzərbaycanŞƏKLİN MƏNBƏYİ,GOOGLE MAPS
Şəklin alt yazısı,Azərbaycan əsgərləri, iddialara görə, hazırda Xocalının Fərux kəndinə daxil olub.

Fərrux kəndinin başçısı Vardan Mxitaryan News.am saytına müsahibəsində deyib: "Onlar (Azərbaycan hərbçiləri - red.) müxtəlif istiqamətdən, atəş açmadan, insan zənciri yaradaraq kəndə girdilər".

Azərbaycan bu iddiaların yalan olduğunu və Azərbaycan ordusu tərəfindən heç bir insident tördilmədiyini bəyan edib.

"Biz tez insanları evakuasiya etdik, yollar vardı, onlardan keçdik", - Vardan Mxitaryan bildirib.

"Biz bildiririk ki, Əsgəranın Xramort icmasından qadınlar və uşaqlar təhlükəsizlik səbəbilə evakuasiya olunur", - Qarabağdan yayılmış məlumatlarda deyilir.

Erməni mərkəzin yaydığı məlumata görə, ötən gün də Rusiya sülhməramlı qüvvələri Azərbaycan ordusu ilə danışıqlar aparıb.

Bundan əvvəl Xankəndi/Stepanakertin sakinləri iki həftədir ki, ötən həftəsonu istisna olmaqla, qazsız qaldıqlarını deyiblər.

Azərbaycan XİN martın 25-də açıqlamasında qaz problemini "bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlər" kimi təsvir edib və deyib ki, "Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır".

Bu ayın əvvəlində Pirlər kəndinin bir mülki sakini minaatandan açılan atəş nəticəsində yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi mülkiləri hədəf almadığını deyib.

Qarabağdakı separatçılar bu ayın əvvəlindən Azərbaycanı erməni kəndlərinə atəş açmaqda və atəşkəsi pozmaqda günahlandırıblar.

Azərbaycanın bir müddətdir ki, kəndin yaxılığına hərbi texnika yerləşdirdiyi və azan və himn səsləndirdiyi barədə məlumatlar yayılmışdı.

Azərbaycan Ermənistanı Qarabağdan erməni silahlılarını çıxarmağa çağırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.