Türkiyə barış masasının başında - nəzərlər yenidən İstanbula yönəlib

29-03-2022, 10:07   


Rusiyanın Ukraynada bir aydan artıqdır apardığı müharibənin davam etdiyi şəraitdə dünyanın nəzərləri Kiyev və Moskva arasında yeni diplomatik təmaslara yönəlib. Görüş üçün təşəbbüskar və ev sahibi statusunda yenə də Türkiyə dövləti çıxış edir.
Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatında bildirilir ki, liderlər Rusiya və Ukrayna arasındakı müharibə əsasında cəbhədə yaranmış vəziyyəti, eləcə də böhranın həlli yolunda danışıqların vəziyyətini müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında atəşkəsin və sülhün əldə olunması, eləcə də bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq bu prosesdə Türkiyənin hərtərəfli təsir göstərməyə davam edəcəyini bildirib. Yekunda prezidentlər Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Martın 27-də Rusiya prezidentinin köməkçisi Vladimir Medinski də Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin martın 29-30-da Türkiyədə keçiriləcəyini bildirib. “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri, danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya Ukrayna və Rusiya arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqların növbəti mərhələsinin martın 28-30-da Türkiyədə keçiriləcəyini bildirmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskva və Kiyev nümayəndə heyətləri arasında danışıqların bu gün baş tutacağını ehtimal etmir. Azpost.info xəbər verir ki, Peskov bunu jurnalistlərə açıqlamasında deyib. “Danışıqların bu gün (28 martda-red.) davam etməsi ehtimalı yoxdur. Bu gün nümayəndə heyətləri Türkiyəyə yola düşür. Biz bunun nəzəri olaraq sabah baş verə biləcəyini gözləyirik”, - Peskov bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov üzbəüz danışıqların 28-i, yaxud 29-da baş tutacağını qeyd edib. Bundan əvvəlki görüş İstanbulda baş tutsa da, nəticəsiz başa çatdı. Budəfəki görüşün nə vəd etdiyi barədə ekspertlərin fikirlərini təqdim edirik.
Politoloq, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Türkiyənin proseslərdə rolu danılmazdır: “Türkiyə nümayiş etdirməkdədir ki, bölgədə və hətta dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ çözülə bilməz. İstanbulda Ukrayna və Rusiyanın təmasları hansı səviyyədə olur-olsun Türkiyənin barışdırıcılıq missiyası nəticə verəcəkdir. Müharibə artıq elə bir ana yaxınlaşıb ki, onu dayandırmaqdan başqa seçənək yoxdur. Mənə elə gəlir bunu Ərdoğan Putinə başa sala bilib. Prinsipcə, Türkiyə bu raundda atəşkəs və humanitar vəziyyətin yaxşılaşdırılmasına çalışacaq, danışıqların işçi qrupu səviyyəsində olacağından bunlar ələ alınacaqdır”.
63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ
Qafar Çaxmaqlı: “Bu savaşdan yeni bir Türk dövlətinin yaranması Türkiyəni daha da gücləndirər”
Q.Çaxmaqlı qeyd etdi ki, tərəflərin iddiaları və tələbləri daha yüksək səviyyədə danışıq predmetidir: “Məncə, buna hələ nə Rusiya, nə də Ukrayna hazır deyil. Dövlət başçıları səviyyəsində görüş və sülh sazişindən hələ danışmaq tezdir, buna mane olan çoxlu faktorlar mövcuddur. Onlardan biri Ukraynanın Krım və Donbas - Luqansk bölgələrinin taleyidir. Ukrayna bu əraziləri itirməmək üçün təklif edilən heç bir şərti qəbul etməz. Rusiya da özəlliklə Krımdan vaz keçmək istəməyəcək”. Politoloq ilginc bir açıqlama verdi: “Krımda yeni bir referendumun olması ola bilsin müstəqil bir Krım dövlətinin ortaya çıxması ilə nəticələnə bilər. Bu savaşdan yeni bir Türk dövlətinin yaranması Türkiyəni daha da gücləndirər. Türkiyə diplomatik olaraq bu işlərə qarışmır və tərəfsizliyini qorumaqdadır. Türkiyənin məqsədi bu savaşı durdurmaqdır”.
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə qazandıracaq – politoloq şərhi  - 29.10.2019, Sputnik Azərbaycan
İlyas Hüseynov: “XİN rəhbərlərini bir masa ətrafında toplamaq yalnız Türkiyə tərəfinə müyəssər olub”
Politoloq İlyas Hüseynov isə bildirdi ki, Türkiyənin regionda geosiyasi nüfuzu getdikcə güclənməkdədir: “Eyni zamanda rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini siyasi yollarla həll etməkdə maraqlıdır. Bunun üçün Türkiyənin diplomatik fəaliyyəti ilə yanaşı, yerləşdiyi coğrafi mövqe də əlverişlidir. Çünki Qara dəniz vasitəsilə Türkiyə Rusiya və Ukrayna ilə həmsərhəd dövlətdir. Məhz bu amil Türkiyənin vasitəçilik imkanlarını genişləndirir. Digər tərəfdən, Belarusda keçirilmiş danışıqlar heç bir nəticə vermədi. Nəzərə almaq lazımdır ki, rəsmi Minsk birtərəfli siyasət yürüdür və rusiyameyillilik açıq şəkildə nəzərə çarpır”. Analitik qardaş ölkənin rolunu yüksək dəyərləndirdi: “Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun Antalya Diplomatik Forumu çərçivəsində Lavrov-Kuleba görüşünün keçirilməsinə nail olması da bunu göstərir ki, Türkiyənin istəkləri alınır və təqdir olunur. Müharibənin gedişi zamanı tərəflərin XİN rəhbərlərini bir masa ətrafında toplamaq yalnız Türkiyə tərəfinə müyəssər olub və İstanbul görüşünün keçirilməsi də yaxşı nəticələrin əldə olunması üçün əlverişli zəmin yaradır”.
İ.Hüseynov bildirdi ki, digər tərəfdən, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar paketinə də qoşulmur: “Türkiyənin yerləşdiyi coğrafi mövqe və xarici siyasət strategiyası bunu diktə edir. İstanbul görüşündə humanitar dəhlizlər istiqamətində qərarın qəbul olunması və atəşin dayandırılması ilə bağlı hüquqi sənədin imzalanması da baş tuta bilər. Bunun baş verməsi yenə də Türkiyənin aktivinə yazılacaq və növbəti görüşlərin Türkiyə ərazisində keçirilməsinin zəmanətini formalaşdıracaq”.
Qeyd edək ki, Rusiya prezidenti dəfələrlə Türkiyə prezidenti R.T.Ərdoğan haqda müsbət fikirlər söyləyib, ona etimadını bildirib. Eyni zamanda prezident Zelenski də ölkəsinin xilaskarı olan Türkiyəyə yüksək dəyər verir. Bu mənada danışıqlar üçün İstanbulun seçilməsi unikal variantdır, yetər ki, nəticə olsun.
E.PAŞASOY,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.