Döyüş ruhu, taktika və doktrina: Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanın uğurunun səbəbləri

29-03-2022, 10:59   


Ukrayna, Rusiya, müharibəŞƏKLİN MƏNBƏYİ,GOKTAY KORALTAN / BBC
Şəklin alt yazısı,Ekspert hesab edir ki, Rusiya ordusunun yüksək rütbəli zabitlərinin ölümü snayper əməliyyatının nəticəsi ola bilər

Dünyanın ən böyük ordularından birinin genişmiqyaslı hücumu Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanından qaçmasıyla nəticələnmədi. Müharibənin ilk ayında ukraynalılar bir çox istiqamətlərdə hücumları dəf edərək rəqibə ciddi zərər vura bildilər.

Ötən həftənin cümə günü Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı "xüsusi əməliyyatın" başladığı bir ay ərzində 1351 rus əsgərinin öldüyünü açıqladı - bu, üç il yarım davam edən Birinci Çeçen müharibəsində Rusiyanın rəsmi itkilərinin demək olar ki, dörddə biri qədərdir.


Müharibənin gedişi təkcə Moskva üçün yox, Kiyevin tərəfdaşları - Ukrayna Silahlı Qüvvələrindən belə inadkar müqavimət gözləməyən Qərb ölkələri üçün də sürpriz oldu.

Ukrayna hərbçilərinin uğurunun sirri nədədir, onlar nəyi Rusiya qoşunlarından daha yaxşı bacarırlar? BBC ekspert rəylərini təqdim edir.

Döyüş ruhu və hərbi hazırlıq

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Franz-Stefan Gady BBC-yə bildirib ki, Ukraynaya hücum edən Rusiya hərbçiləri intensiv döyüşlərə hazırlaşmayıblar - onlar Ukrayna ordusunun və ölkə rəhbərliyinin qaçacağına inanıblar.

Əksər ekspertlər Ukrayna qüvvələrinin Moskva "xüsusi əməliyyatı" planlaşdırarkən təxmin etdiyi səviyyədən qat-qat yüksək döyüş ruhuna malik olması fikriylə razılaşırlar.

Rəsmi açıqlamalardan bəlli olur ki, Rusiya rəhbərliyi şiddətli müqavimətlə qarşılaşacağını gözləməyib. "Hakimiyyəti öz əlinizə alın! Belə görünür ki, sizinlə razılığa gəlmək Kiyevdə oturub bütün Ukrayna xalqını girov götürən o narkomanlar və neonasistlər dəstəsiylə razılığa gəlməkdən daha asan olacaq" - Rusiya prezidenti Vladimir Putin müharibənin ikinci günündə belə demişdi.

Amma Ukrayna Silahlı Qüvvələri bu çağırışlara məhəl qoymur, bütün istiqamətlərdə Rusiya ordusuna müqavimət göstərir. Mühasirəyə alınmış Ukrayna şəhərlərinin merləri də təslim olmaq və əməkdaşlıq etmək təkliflərini rədd edirlər, bu məsələdə əhalidən dəstək alırlar. Hətta Rusiyanın işğal etdiyi Xerson şəhərində də sakinlər əllərində Ukrayna bayrağı etiraz aksiyaları keçirməyə davam edirlər.

"İnsanlar sağ qalmaq üçün mübarizə aparanda belə döyüşürlər. Vətənini və ailəni belə müdafiə edirlər. Onların cəsarəti təəccübləndirir və heyrətləndirir" - Britaniya ordusunun istefada olan generalı Tom Foulkes belə deyir.

Strategiya və doktrina

Gady qeyd edir ki, müharibənin əvvəlində Ukrayna ordusu strateji əhəmiyyətli şəhərlərin və kommunikasiyaların, o cümlədən, dəmir yollarının müdafiəsinə fokuslanıb; eyni zamanda, vaxt qazanmaq fürsəti yaradan yerlərdə geri çəkilib:

"Döyüş meydanlarında sürətlə dəyişən vəziyyətə Ukrayna ordusu daha yaxşı uyğunlaşa bilir - son illərdə tətbiq edilməyə başlanmış komanda strukturu sayəsində".

Ukrayna, Rusiya, müharibə, orduŞƏKLİN MƏNBƏYİ,REUTERS
Şəklin alt yazısı,Ukrayna ordusu Qərbin tank əleyhinə sistemlərindən geniş şəkildə istifadə edir

2015-ci ildən sonra NATO-nun ABŞ, Britaniya və Kanadadan olan hərbi məsləhətçiləri Ukrayna Silahlı Qüvvələriylə işləyiblər, müharibədə qərarların qəbulunun yüksək səviyyəli komandanlıqdan yerlərdəki zabitlərə ötürülməsini nəzərdə tutan mərkəzsizləşdirilmiş komandanlıq fəlsəfəsini tətbiq ediblər.

"Ukrayna Silahlı Qüvvələrinin bəzi kiçik rütbəli zabitləri və çavuşları təşəbbüsü ələ aldılar; bu onlara daha müstəqil hərəkət etmə imkanı verdi və bütün müharibəni kiçik toqquşmalar və pusqular seriyasına çevirdi" - Gady belə deyir.

Sovet ordusundan miras qalmış Rusiya doktrinasının çevikliyi isə bundan dəfələrlə azdır, bu sənəd aşağı rütbəli komandirlərə geniş təşəbbüs irəli sürmə imkanı yaratmır.

Hazırda açıq mənbələrdə tərəflərin batalyon qruplarının qarşılaşdığı genişmiqyaslı döyüşlərlə bağlı sübutlar yoxdur. Gady-nin qənaətinə görə, müharibənin bu cür gedişatı Ukrayna qüvvələri üçün faydalı, Rusiya üçün isə zərərlidir.

O deyir ki, mərkəzsizləşdirmə doktrinası məhz belə kiçik miqyaslı döyüşlərdə önəmli rol oynaya və döyüşlərin nəticələrinə təsir edə bilər.

Londondakı "King's College"-in hərbi tədqiqatlar fakultəsinin ştatdankənar professoru Mike Clark hesab edir ki, Ukrayna ordusu ümumqoşun döyüş bacarıqlarını Rusiya ordusundan daha ardıcıl nümayiş etdirir - yəni piyadaların, tankların, dronların, artilleriyanın, ordunun müxtəlif növlərinin və qollarının səylərini daha yaxşı əlaqələndirir və birləşdirir.

Rusiya, Ukrayna, müharibə, işğal, ordu, döyüş. silah, münaqişəŞƏKLİN MƏNBƏYİ,REUTERS
Şəklin alt yazısı,Rusiya qoşunları çətin yerlərdən keçməyə yox, yollarla hərəkət etməyə üstünlük verirlər

Ümumqoşun döyüşlərində tank bölmələrinə havadan dəstək verilir, bu bölmələr piyadalarla birgə hərəkət edirlər və bu onların tank əleyhinə sistemlərə qarşı həssaslığını azaldır.

Ukraynada mart ayında baş vermiş döyüşlərə aid videolardan görünür ki, ayrı-ayrı Rusiya tankları şəhər ərazilərində piyadaların dəstəyi olmadan irəliləyir və vurulurlar.

"Bu taktikada nə Ukrayna, nə də Rusiya qüvvələri xüsusi bacarığa malikdir, amma bu sahədəki çatışmazlıqdan rusiyalılar daha çox əziyyət çəkirlər. Çünki onların bölmələri daha böyükdür, ona görə də asan hədəfə çevrilir və pusquya düşürlər" - Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Gady belə deyir.

Müşahidəçilər həmçinin qeyd edirlər ki, Rusiya qoşunları çətin yerlərlə yox, yollarla irəliləməyə üstünlük verirlər.

Zəif yerləri tapmaq və öz üstünlüklərindən faydalanmaq

"Sibylline" konsaltinq bürosunun rəhbəri və keçmiş britaniyalı tankçı Justin Crump deyir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının zəif yerlərini aşkar edərək onlardan faydalanmağı bacarıb.

Müxtəlif ekspertlərin qənaətinə görə, Ukrayna ordusu müasir Qərb sistemlərindən, xüsusən tank əleyhinə "Javelin" və NLAW sistemlərindən, həmçinin "Stinger" zenit-raket komplekslərinin ən son versiyalarından məharətlə istifadə edir.

Ukraynanın "Azov" alayı da Rusiyaya məxsus "Raptor" patrul katerinin tank əleyhinə kompleksdən vurulması görüntülərini paylaşıb.

Rusiya bölmələri tez-tez böyük karvanlar halında hərəkət etdikləri halda, Ukrayna qoşunları kiçik dəstələr şəklində fəaliyyət göstərir. Onlar qısamüddətli hücumlar vasitəsilə tankları vurur və Rusiya qoşunları cavab atəşi açmamış gizləndikləri yerə qayıdırlar.


Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Rusiyanın yeddi generalının öldürüldüyünü bəyan edib, qarşı tərəfsə onlardan yalnız birinin ölümünü təsdiqləyib (BBC ən azı yeddi polkovnikin və birinci dərəcəli bir kapitanın həlak olduğunu təsdiqləyən sübutlar əldə edib).

Rusiya mətbuatı Qara dəniz donanmasının dəniz piyadaları briqadasının komandiri, polkovnik Aleksey Şarovun ölümüylə bağlı xəbər yayıb. Ekspertlər deyirlər ki, onun həlak olması generalın ölümündən daha ciddi itki ola bilər, çünki belə vəzifədəki zabiti əvəz etmək daha çətindir.

"Bu, Rusiya komandanlığını zəiflədə biləcək şüurlu və çox uğurlu snayper əməliyyatına bənzəyir" - İstefada olan general Foulkes yüksək rütbəli Rusiya hərbçilərinin ölümünü şərh edərkən belə deyib.

Rusiya, Ukrayna, müharibə, işğal, ordu, döyüş. silah, münaqişə, hərbŞƏKLİN MƏNBƏYİ,ORLA GUERIN / BBC
Şəklin alt yazısı,Ekspertlərin fikrincə, döyüş ruhu Ukrayna Hərbi Qüvvələrinin əsas üstünlüklərindən biridir

Bununla belə, Franz-Stefan Gady hər iki tərəfin uğurlarıyla bağlı xəbərlərə ehtiyatla yanaşmağı tövsiyə edir:

"Biz münaqişəni Ukrayna tərəfdən görürük, çünki Qərbin informasiya məkanında Ukrayna dominantlıq edir. Biz hadisələrin son dərəcə birtərəfli mənzərəsini əldə edirik".

O, Qərb ekspertlərinin, o cümlədən özünün də qiymətləndirmələrinə münasibətdə bu amili nəzərə almağı məsləhət görür.

  • BBC.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.