Azərbaycan Silahlı Qüvvələrinin Xocalı rayonunun Fərrux kəndinə və ətraf yüksəkliklərə nəzarəti bərpa etməsi gözlənilən idi. Bu yüksəkliklər separatçı rejimin və onun havadarı rolunda çıxış edən Rusiya "sülhməramlılarının" fəaliyyətini tam nəzarət altında saxlamağa imkan verir. Xatırladaq ki, müharibədən sonra Laçın dəhlizi Azərbaycan Ordusunun müşahidəsi altındadır.Növbəti addım
Ağdam-Şuşa, Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması, daha sonra üçtərəfli razılaşmaya uyğun olaraq
Laçın dəhlizinin, Laçın şəhərinin və kəndlərin nəzarətimizə qaytarılması, bu istiqamətdə dövlət nəzarətinin təmin olunması ola bilər. Yaxın 3 ayda Laçın dəhlizinə alternativ olacaq yolun inşasının başa çatması gözlənilir.
Azərbaycanın öz suveren ərazilərinə nəzarəti addım-addım bərpa edir və bu, tamamilə beynəlxalq hüquqa və bölgədəki vəziyyəti tənzimləyən razılaşmalara uyğundur.
10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarında:
Separatçı quldur dəstələrinin bölgəni tərk etməsi;Bütün kommunikasiyaların açılması;Laçın dəhlizinin 3 il ərzində boşaldılması;Köçkünlərin öz yurdlarına qaytarılması razılaşdırılıb.Müharibənin bitməsindən keçən
17 ay ərzində bu razılaşmaların icrası istiqamətində heç bir addım atılmayıb. Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə öhdəliklərin icrasından yayınır, Rusiya isə faktiki vəziyyətin konservləşdirilməsində maraqlıdır. Belə olan halda Azərbaycan birtərəfli qaydada özünün milli təhlükəsizlik maraqlarından irəli gələn vəzifələri həyata keçirməyə başlayıb.
Rusiya, təbii olaraq bu prosesə mane olmağa çalışır. Ukraynada işğalçılıq planları suya düşən, dünyanın təcrid etdiyi Putinin Paşinyanı dinləməyə zaman ayırması, müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı həmkarı ilə telefon danışığı aparması, ardınca Rusiya Müdafiə Nazirliyinin yazıb sonra sildiyi saxta informasiya (guya Azərbaycan qüvvələri Fərrux kəndindən çıxıb - red.) Moskvanın əndişəsini göstərir. Amma bu narahatlığın heç bir hüquqi əsası yoxdur.Əvvəla, qüvvədə olan razılaşmalarda və
fevralın 22-də Moskvada imzalanmış dövlətlərarası bəyannamədə Rusiya Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, suverenliyinə hörmət etmək öhdəliyini bir daha təsdiqləyib.
İkincisi, 10 noyabr bəyanatı Rusiyaya müstəsna səlahiyyətlər verməyib. Sənəddə sülhməramlı qüvvələrin Laçın dəhlizi və o dövrdəki təmas xətti boyunca yerləşdirilməsi əksini tapıb.
Amma orada yazılmayıb ki, Xankəndindəki separatçı rejimin silahlı dəstələri əbədi qalmalı, Azərbaycan da bununla razılaşmalıdır. Rusiya ordusunun həmin bölgədə Azərbaycanın hər hansı fəaliyyətinə mane olmaq hüququ yoxdur. Bu barədə Moskvadan verilən bəyanatlar ölkənin daxili işlərinə və suverenliyinə kobud müdaxilədir.
ABŞ və Fransandan verilən bəyanatlar da eyni dərəcə Azərbaycana təzyiq cəhdidir. Eyni zamanda faktiki situasiyaya da uyğun gəlmir. Çünki 44 günlük müharibənin gündəmdən çıxardığı uğursuz
Minsk formatını Ukrayna müharibəsi ümumiyyətlə tarixin zibilliyinə atıb. Vaşinqton və Paris işğalçı reallıqlara uyğun davranıb Rusiya ilə bir arada görünmək istəmədiklərindən bu qrupun adını çəkmirlər, amma birbaşa diplomatik səylərin gücləndirilməsindən danışırlar.
Üstəlik, qəribə də olsa, 10 noyabr bəyanatının yerinə yetirilməsinə istinad edirlər. Amma bu sənədin Ermənistan və Rusiya tərəfindən icra olunmaması Qərbi niyə narahat etmir? ABŞ və Fransa bölgədə sabitlik və sülh istəyirlərsə, onun təminatı qarşılıqlı olaraq öhdəliklərin yerinə yetirilməsi, Azərbaycanın suverenliyinin təmin olunması, daha sonra sərhədlərin dəqiqləşdirilməsi, daxili kommunikasiyaların açılmasıdır.Qərbin bölgədəki geopolitik maraqları kontekstində də 10 noyabr bəyanatının icrası vacibdir. Çünki bu regionda da işğalçı Rusiya var, hazırda Moskva problemin dondurulmasına və bölgədə hərbi-siyasi təsir imkanlarını saxlamağa çalışır.
Anlaşılan deyil ki, Ukraynada Rusiyaya qarşı müharibə aparan Qərb, Qarabağda niyə bu siyasətin tam əskini yürüdür?Qərbin təklif etdiy birbaşa diplomatiya imkanlarına gəlincə, Azərbaycan qapıları taybatay açıb:
bu ayın əvvəlində rəsmi Bakı Ermənistana sülh razılaşması üçün 5 bəndlik baza prinsipləri təklif edib. Bütün şərtlər beynəlxalq hüquqa və qüvvədə olan razılaşmalara tam uyğundur. O zaman Qərb Azərbaycan rəhbərliyinin bu addımını niyə görməzdən gəlir?
Diplomatiya üçün Ermənistana təzyiq etmək, yaxud İrəvanı sülhə təşviq etmək niyə belə çətin işdir?Çox güman, rəsmi Bakı yaxın zamanlarda üzərində işlədiyi erməni vətəndaşlarının reinteqrasiya ilə bağlı hərtərəfli planını beynəlxalq ictimaiyyətə təqdim edəcək. Azərbaycan bununla bir daha dünyaya göstərəcək ki, heç vaxt dinc əhaliyə silah tətbiq etməyib və belə bir niyyəti yoxdur.
Amma öz ərazisində qanuni hakimiyyətə tabe olmayan, insanlıq əleyhinə cinayətlər törətmiş separatçı quldur dəstələrinin olması ilə barışmayacaq. Necə ki, Avropada əlinə silah almış bütün separatizm cəhdlərini güc tətbiqi ilə sıradan çıxarıb...E.Rüstəmli"AzPolitika.info"