Osman Gündüz: “Azərbaycan Rusiya İT mütəxəssislərini cəlb etməlidir”
Natiq Cəfərli: “Bütün bunları etmək Azərbaycanda asan başa gəlmir”
Ukraynaya qarşı işğalçı müharibəyə görə inkişaf etmiş ölkələrin ən kəskin sanksiyaları ilə üzləşən Rusiyadan binzesin axını başlayıb. Söhbət müharibəyə etiraz olaraq ölkəni tərk edən xarici şirkətlərdən deyil, Rusiyanın özündə qeydiyyatdan keçən yerli biznesdən gedir.Əgər hakimiyyətə yaxınlığına görə sanksiya altına salınan oliqarxlar məcburən Rusiyada qalmalı olurlarsa, xırda və orta sahibkarlar fəaliyyət mühitinin daralması üzündən bizneslərini də götürüb ölkəni tərk edirlər. Çünki mövcud sanksiyalar şəraitində Rusiyada qalmaq onların biznesinin tamamilə məhv olmasına gətirib çıxara bilər. Daha bir qisim orta varlılar isə dünyadan təcrid olunmuş ölkədə yaşamaqdan imtina edərək, yaxın və uzaq xarici ölkələrə üz tuturlar. Özü də bu proses Rusiyanın Ukraynaya hücumundan ayyarım əvvəl – yanvarın ilk günlərindən start götürüb. Belə hesab olunur ki, biznes proseslərin hansı istiqamətdə getdiyini dəqiq müəyyənləşdirməklə özünüqoruma fəaliyyətlərinə müharibə reallığa çevrilməzdən əvvəl başlayıb...
“Forbes”in biznesin yerdəyişməsinə dəstək xidməti göstərən şirkətlərə istinadən yazdığına görə, yalnız fevralın 21-də texnoloji proseslərin Böyük Britaniyaya köçürülməsinə yardım üçün müraciətlərin sayı 3 dəfə artıb və bunun 65 faizi Rusiyadan olub. Biznesin köçmək istədiyi istiqamətlər arasında Baltikyanı ölkələr, Portuqaliya, Böyük Britaniya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada üstünlük təşkil edib. Hazırda bu istiqamətlərə Ermənistan, Gürcüstan, Qazaxıstan da əlavə olunub. Məsələn, Gürcüstan DİN rəhbəri Vaxtanq Qomelaurinin martın 15-də açıqladığı məlumata görə, bu ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 30,5 min nəfər olub, onlardan 12,6 min nəfəri geri qayıtmayıb. Fevralın 24-dən sonra Ermənistanda qeydə alınan rusiyalıların sayı 5 dəfə artıb – 4 mindən 20 minə yüksəlib. BBC-nin martın ortalarında yaydığı məlumatda Ermənistana gündə 7 mindən çox Rusiya vətəndaşının getdiyi qeyd olunur. Düzdür, onlardan çoxu Ermənistandan tranzit kimi istifadə edərək başqa ölkələrə uçurlar, lakin qalanlar da az deyil.
Türkiyə mətbuatı isə yazır ki, Ukraynaya hücum başlanandan bu ölkədə daimi yaşamaq izni alan rusiyalıların sayı 14 min nəfərə yaxındır. Mart ayında Qazaxıstanda yaşamağı seçən Rusiya vətəndaşlarının sayı isə 11 faiz artmaqla 10,3 min nəfər təşkil edib.
Rusiyanı tərk edən biznes arasında üstünlük böyük ölçüdə yhüksək kommunikasiyalar sahəsində çalışanlardadır. Rusiya Elektron Kommunikasiyalar Assosiasiyasının məlumatına əsasən fevralın 24-dən indiyədək 50-70 min nəfərə yaxın İT mütəxəssis tərk edib. Aprel ayı ərzində daha 70-100 min nəfərin getməsi gözlənilir. Böyük Britaniyanın “Wired” nəşrinin yazdığına görə, Rusiyanı tərk edən İT mütəxəssislərin 60 faizdən çox Türkiyə, Ermənistan və Gürcüstana üz tutub.
Beynəlxalq Konsaltinq Şirkəti olan International Data Corporation-ın 2019-cu ildəki qiymətləndirməsinə görə, Rusiya İT biznesinin bazar dəyəri 24,8 milyard dollar təşkil edir. 1,3 milyon nəfərin çalışdığı bu sektor ölkə ümumi daxili məhsulunun 2,7 faizini təmin edirdi.
Son həftələr ərzində Ermənistan və Qazaxıstanda biznes qeydiyyatdan keçirən Rusiya iş adamlarının sayında kəskin artım var. Bu ölkələrdə biznes qeydiyyatı daha çox Rusiya mənşəli olsa da, fəaliyyəti müasir texnologiyalara bağlı olan, yaxud xarici ölkələrlə işləyən Rusiya şirkətləri tərərindən həyata keçirilir. Onlar fəaliyyətlərini davam etdirmək üçün buna gedirlər. Lakin xarici mətbuatın yaydığı məlumatda İT biznes nümayəndələrinin ən çox üz tutduğu məkan Birləşmiş Ərəb Əmirlikləri, daha dəqiqi isə Dubaydır. Dubayda şirkət açmaq 10 min dollara başa gəlir. İllik vergi yükü də təxminən bu qədərdir. Rusiyalı iş adamlarının ərəb dövlətini seçməsinin səbəblərindən biri də Əmirliyin antiRusiya sanksiyaları ilə bağlı neytral mövqedə dayanmasıdır. Bundan əlavə, BƏƏ-nin vergilər baxımından kifayət qədər sabit qanunvericiliyi var. Məsələn, gəlir vergisi və əmlak vergisi, habelə kapitalın idxalına və əmlaka sahiblik hüququna məhdudiyyətlər yoxdur. Rusları əmlak və gəlir vergilərinin olmaması cəlb edir. Dubayda 204 min dollara ev almaq kifayətdir ki, üç illik yaşayış icazəsi də əldə edəsən.
İT sektorundan əlavə, imkanlı Rusiya vətəndaşları əllərindəki vəsaiti sanksiyalara qoşulmayan ölkələrdə daşınmaz əmlaka yatırmağa başlayıblar. Ölkəyə xarici valyuta axınının kəskin azalması şəraitində onlar bu yolla sabit valyuta gəlirini təmin etməyə çalışırlar. Açıqlanan məlumatlardan aydın olur ki, rusiyalı varlıların Gürcüstan və Türkiyədə də əmlak bazarına diqqəti artıb.
Maraqlıdır ki, dünya və Rusiya mətbuatında şimal qonşumuzdan axın edən biznesin, yüksək səviyyəli mütəxəssis ordusunun məskunlaşmaq üçün seçdiyi ölkələr arasında Azərbaycanın adı çəkilmir. Buna baxmayaraq, bəzi sosial şəbəkələrdə Rusiya İT mütxəssislərindən fəaliyyət üçün Bakını seçənlərin də olduğuna dair məlumatlar yayılsa da, kütləvi axın müşahidə olunmamaqdadır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, dünyanın nəhəng kommunikasiya şirkətlərinin Rusiyada fəaliyyətini dayandırması, eyni zamanda bu ölkəyə texnologiyaların satışının qadağan olunması yüz minlərlə İT mütəxəssislərin oradan getməsinə səbəb olub:“Dünyanın ən böyük freelancer şəbəkəsi - Upwork birjası Ukraynaya təcavüzlə bağlı Rusiyada, həmçinin Belarusda fəaliyyətini dayandırıb. Bu birjada həmin ölkələrdən yeni qeydiyyat olmayacaq, köhnə müqavilələr 1 may tarixədək qüvvədə olacaq. Bu qlobal birja müstəqil, sərbəst çalışanların, xüsusən də proqramçıların, dizaynerlərin və digər İT mütəxəssislərin sifarişlər aldığı əsas onlayn platformadır. İlk baxışda bu, adi bir sanksiya addımı kimi görünə bilər. Amma statistikaya baxsaq görərik ki, Rusiyada 100 minlərlə İT mütəxəssis məhz bu birja üzərindən iş taparaq çalışırdı. Rusiyada yüz minlərlə müxtəlif sahələr üzrə mütəxəssisin pul qazandığı yeganə mənbə Upwork platformasıydı. Birjanın Rusiya üçün bağlanması o anlama gəlir ki, 100 minlərlə Rusiyalı işçi bir anda işsiz qaldı. Ağlasığmaz proseslər baş verir Rusiyanın əmək bazarında. Ötən günlərdə adını ilk dəfə eşitdiyim bir İT şirkət də Rusiyadan baş götürüb getdiyini bildirmişdi.Heç yerdə adına rast gəlmədiyim bu şirkəti bir balaca qurdaladıqda məlum oldu ki, onun Rusiyada 9 min, Ukrayna və Belarusun hər birisində də 12 min İT mütəxəssisi çalışırmış. Demək, adi bir İT şirkətin sanksiyası ilə Rusiyada 10 minlərlə işçi bir anda işsiz qalır”.
O.Gündüzün hesablamalarına görə, artıq yarım milyonadək İT mütəxəssis Rusiyada iş yerini itirib, yaxud belə təhlükə ilə üzləşib:“Doğrudur, Rusiya hökuməti İT sektorun dayanıqlığı, İT mütəxəssislərin köçünün və beyin axınının qarşısını almaq üçün təcili addımlar artır, hətta ağlasığmaz qərarlar da verir. Amma bunların total və qlobal texnoloji basqı qarşısında, kütləvi işsizlik qarşısında təsirli və effektiv olacağı ağlabatan görsənmir. Düşünürəm ki, ölkədən çıxa bilən İT elita Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya, Dubay regionlarına maraq göstərəcəklər.
Fikrimcə, hökumətimiz indiki situasiyanı dəyərləndirməli, münbit şərait yaratmaqla Azərbaycan İT bazarını Rusiyadan köç edənlər üçün maraqlı edə bilər.Yəni Azərbaycanın İT və startap ekosistemini inkişaf etdirmək, ölkənin İT üzrə ixrac potensialını qaldırmaq üçün hazırda Rusiyadan köç edən İT elitasından səmərəli istifadə faydalı ola bilərdi. Son müşahidələrim göstərir ki, Gürcüstan və Ermənistana Rusiyadan xeyli sayda insanlar köç edir. Fikrimcə, indiki vəziyyətdə Ermənistan və Gürcüstanın Rusiya üçün İKT sahəsində HUB -a çevrilməsi bizim milli maraqlarımıza uyğun olmazdı”.
İqtisadçı-ekspert Natiq Cəfərli də bildirir ki, orta təbəqənin Rusiyanı kütləvi şəkildə tərk etməsinə dair məlumatlar geniş yayılır:“Rusiyanın özünün rəsmi məlumatına görə, son bir ayda ölkədən gedənlərin sayı 250 min nəfərə yaxındır. Bu, hələ qeydiyyata düşən, sərhəd keçid məntəqələrindən keçməklə çıxanlardır. Çoxlu sayda insanlar viza rejimi olmayan ölkələr üzərindən Rusiyanı tərk edirlər. Rusiyadan çıxan biznesin Ermənistan, Qazaxıstan, Qırğızıstana daha çox getməsinin bir səbəbi onların Avrasiya İqtisadi İttifaqının üzvü olması, bu səbəbdən də Rusiyanın bank hesablaşmaları üçün tətbiq etdiyi “Mir” kartının ərazilərində işlək olmasıdır. Gürcüstanda isə həm qiymətlər əlverişlidir, həm də Avropa ilə əlaqələr genişdir. Rusiyanın 4 bankının Gürcüstanda fəaliyyəti var, onların vasitəsilə hesablaşma aparmaq mümkün olur. Daha bir səbəb bu ölkələrdə xarici vətəndaşlar üçün bank hesabları açmaq Azərbaycandan daha asandır. Rusiyada açılan Masterkart, Vizakartlar artıq işləmir. Digər ölkələrdə belə kartları almaqla ruslar valyuta əməliyyatlarını həyata keçirə bilirlər”.
Ekspert bildirir ki, Türkiyədə 300 min nəfərdən çox Rusiya vətəndaşı daşınmaz əmlak alıb:“Onların bəziləri aldıqları evlərə köçüb vəziyyət düzələnə qədər orada yaşamağı seçirlər. Dubayda isə biznesi qeydiyyatdan keçirmək, iş qurmaq asandır. Azərbaycanda isə bütün bunları etmək çox çətindir: nə normal biznes mühiti var, nə bank hesabı açmaqda asanlıq var... Buna görə də Azərbaycan rusiyalı varlıları o qədər də cəlb etmir. Amma bütün bunlara baxmayaraq, son həftələ ərzində Azərbaycana gələnlərin sayında da artım müşahidə olunur”.
Dünya SAKİT,Musavat.com