ABŞ KƏŞFİYYATI PUTİNİN YENİ PLANINI AÇIQLADI - "Ruslar Kiyev ətrafından ona görə çəkilir ki...”

30-03-2022, 12:16   




Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Kiyev və Çerniqov vilayətləri istiqamətində “hərbi fəallığın kardinal şəkildə ixtisar ediləcəyi” barədə dünən verdiyi bəyanatın ardınca işğalçı qoşunların bəzi hissələrinin Belarus sərhədləri istiqamətində geri çəkildiyi qeydə alınıb.
Lakin ABŞ və Böyük Britaniyanın müdafiə nazirlikləri xəbərdarlıq edirlər ki, Rusiya aldadıcı manevr edir – qoşunlarını hücumun uğursuz olduğu istiqamətlərdən geri çəkərək yenidən qruplaşdırmağa və Donbass istiqamətinə yönəltməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, Pentaqonun mətbuat katibi Con Kirbi keçirdiyi brifinqdə Rusiyanın bu manevrinə aldanmamağa çağırıb. O, xəbərdarlıq edib ki, Rusiya “o qədər də çox olmayan miqdarda” qoşunları Kiyev ətrafından geri çəksə də yeni hücuma hazırlaşa bilər.
“Biz bunu qoşunların real olaraq geri çəkilməsi yox, yenidən dislokasiya hesab edirik. Və biz hamımız Ukraynanın digər rayonlarında irimiqyaslı hücumlara hazır olmalıyıq”, - Con Kirbi bildirib.

Pentaqon nümayəndəsi qeyd edib ki, Kiyev ətrafından geri çəkilən Rusiya qoşunları o qədər də çox deyil. O, Rusiyanın Ukrayna paytaxtına aviazərbələr endirdiyini də xatırladıb.
“Heç kim özünü Kremlin bu bəyanatı ilə aldatmalı deyil ki, onlar qəfildən Kiyev ətrafında hücumlarını sadəcə olaraq elə-belə ixtisar etməyi, yaxud öz qüvvələrini geri çəkməyi qərara aldılar. Rusiyanın Kiyev ətrafında hərbi fəallığı azaldacağı barədə bəyanatı ona dəlalət edir ki, onlar bu regionda hərbi təşəbbüsü əldən veriblər və digər regionlara qüvvələri yönəltməyə hazırlaşırlar”, - Con Kirbi deyib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi də analoji dəyərləndirmə ilə çıxış edərək bildirib ki, Rusiya işğalçıları indi əsas səyləri Donbassın işğalına yönəltməyə hazırlaşırlar. Nazirliyin açıqladığı son məlumata görə, ruslar öz qüvvələrini yenidən komplektləşdirmək və Ukraynanın şərq regionlarına yönəltmək üçün qismən geri çəkirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında isə deyir ki, işğalçılar Kiyev və Çerniqov vilayətlərindən öz bölmələrini geri çəkməkdə davam edirlər. Və yenidən qruplaşma apararaq Donetsk və Slobajansk istiqamətlərinə səyləri cəmləşdirməyi planlaşdırırlar.
Hərbi analitiklərə görə belə vəziyyətdə Ukrayna ordusu Kiyev və Çerniqov vilayətləri istiqamətində əks-hücumları artırmalı, işğalçıların qalıqlarını Belarus sərhədlərinə doğru sıxışdırmalı və nəticədə Donbassda gözlənilən yeni irimiqyaslı hücumların qarşısını almaq üçün əlavə qüvvələr səfərbər etmək imkanları qazanmalıdır.
azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.