Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədrinin müavini Mixail Delyaqinin ölkənin televiziya kanallarının birində Azərbaycanın neft sənayesinə nüvə zərbəsi endirilməsi ilə bağlı Azərbaycanda qəzəb yaradan fikirləri rəsmi Moskvanın mövqeyi deyil, - bəzi Rusiya rəsmiləri açıqlayıblar.
İki gün əvvəl rusiyalı deputat Mixail Delyaqin "Rossiya 24" televiziyasındakı çıxışında Azərbaycanı Türkiyədən asılı siyasət yeritməkdə qınayıb və "cəzalandırmaq" üçün ölkənin neft obiyektlərinin bombalanmasını təklif edib. O, Azərbaycanı Rusiyanın Ukrayna ilə müharibə apardığı bir vaxtda "özünü aqressiv aparmaqda" günahlandırıb.
Sonradan Mixail Delyaqin bu sözləri üçün üzr istəyib. Putinin sözçüsü Dmitri Peskov, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Delyaqinin açıqlamasını Rusiyanın rəsmi mövqeyi olmadığını və "iki dost ölkə arasında münasibətlərə zərər vura biləcəyini" deyiblər. Azərbaycan Delyaqini beynəlxalq "axtarışda olanlar" siyahısına salıb və ona cinayət işi açıb.
Deylaqinin Azərbaycanı nüvə silahı ilə hədələməsindən daha əvvəl, Prezident Vladimir Putin Rusiyanın Ukraynanı işğalının ilk günlərində orduya nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi tapşıraraq hərbi əməliyyatlarda rəsmi Kiyevə dəstək verəcək dövlətlərə xəbərdarlıq etmişdi.
Azərbaycanın şimal qonşusu Rusiya açıq mənbələrdəki məlumatlara görə, dünyada ən çox nüvə silahına malik dövlətlərdən biridir. Təhlilçilər Rusiya Prezidentinin bu əmrini daha çox "blef" kimi qiymətləndiriblər, amma onu da vurğulayıblar ki, belə bir addımın atılması Rusiyanın özünü də nüvə hücumuna məruz qoya bilər.
Paylaşımın sonu YouTube, 1
Bəs, Azərbaycana yaxın ərazilərdə nüvə silahından istifadə olunarsa, bu təhlükədən mühafizə olunmağın yolları nədir?
BBC News Azərbaycanca Milli Nüvə Tədqiqatlar Mərkəzinin keçmiş rəhbəri, akademik Adil Qəribov, kimya elmləri doktoru Xəqani Məmmədov və FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynovla söhbət edərək bu və digər suallara cavab tapmağa çalışıb.
Dünyadakı nüvə silahı başlıqlarının 90 faizi ABŞ və Rusiyanın əlində cəmləşib.
Alimlər hesab edirlər ki, onlar bu silahlardan istifadə edərlərsə, gizlənməyə ehtiyac qalmayacaq, çünki ağır nəticəsini bütün Yer kürəsi hiss edəcək.
Nüvə sahəsində çalışan elm adamları deyirlər, atom silahı elə böyük təhlükədir ki, istənilən ölkə müharibədə məğlubiyyəti boynuna götürər, amma nüvə silahı işlətmək məsuliyyətini yox. Mütəxəssislərə görə, nüvə silahlarının istifadəsindən sonra təsirləri min illər çəkə bilər.
Rusiyanın nüvə silahları olan bazaları və obiyektləri daha çox ölkənin mərkəzi hissələrində yerləşdirilib. Həmin silahlar ordan istənilən quru ərazilərə və dəniz sularına daşına biər.
Güman olunur ki, Rusiya atom silahından istifadə eləsə, ona qarşı cavabda da Rusiyanın mərkəzi şəhərləri və mərkəzi hissələrində yerləşdirilən nüvə obiyektləri hədəf ola bilər. Azərbaycana yaxın ərazilərdə belə hərbi obiyektlər yoxdur, yerli mütəxəssislər BBC Azərbaycancaya deyiblər.
Nüvə silahı lokal tətbiq olunarsa, ondan mühafizə olunmaq mümkündür. Nüvə silahı tətbiq olunduqda, onun təhlükəsinin bir neçə faktoru var. İlk növbədə zərbə dalğası ətrafdakı bütün sədləri, tikililəri dağıtmaq gücünə malikdir. Zərbə dalğası silah işlədilən yerin episentrindən 10 kilometr məsafədə dağıdıcı gücə malikdir.
Zərbə dalğası radiasiyasının yayılması istifadə olunan nüvə silahının gücündən asılıdır. Atom silahının gücünə görə episentrdən başlayaraq təhlükəli ərazinin diametri arta bilər.
Nüvə silahı tətbiq olunarsa, zərbə dalğasından başqa elektromaqnit şüalanması baş verir ki, bu da bütün elektrik xətlərini sıradan çıxarır, cihazlarını yandırır və güclü işıq şüası insan gözünü yandırıb kor edə bilər.
İonlaşdırıcı radiasiya partlayışın episentrində və 10 kilometr radiusda xüsusilə güclüdür. Ancaq get-gedə məsafə artdıqca, onun təsiri zəifləyir. İonlaşdırıcı radiasiya bir çox hallarda 50 kilometr radiusda yayılır, külək əsdikdə onun radiusu böyüyə bilər. Bu rəqəmlər də silahın gücünə görə nisbidir, müasir nüvə silahlarının orta gücünə görə hesablanıb.
Ümumilikdə, atom silahı istifadə edilmiş ərazidə 100 kilometr diametrdəki hissə təhlükəli sayılır.
Ən yaxşı halda xəbərdarlıq siqnalı verilir. Azərbaycanda Fövqəladə Hallar Komissiyası və FHN bu işlərə cavabdeh orqanlardır. Rəsmi qurumlar Azərbaycanda Mülki Müdafiə Sisteminin işlək vəziyyətdə olduğunu deyir.
Mülki şəxslərin mühafizəsi lk növbədə sığınacaqlarda həyata keçirilə biər. Belə imkan olmadığı halda, insanlar yaşayış və iş yerlərində pəncərələri işıq keçirməyən pərdələrlə örtməli və işıqları söndürürək mühafizə olunmalıdırlar. Heç bir halda açıq məkanda olmaq tövsiyə edilmir.
Nəfəsliklər, hava dəyişmə sistemi tam bağlanmalıdır. Qapalı yerdən kənara çıxmaq olmaz.
Nüvə silahı istifadə olunduğunu bildikdən sonra insanlar özlərini mühafizə etmək üçün gözlərini yummalıdırlar. Xüsusi gün eynəkləri olduğu halda bəzən gözləri qapamağa ehtiyac olmaya bilər. Yaxın ərazilərdə yerləşən əhaliyə tövsiyə olunur ki, gözləri işıq keçirməyən qara parça ilə bağlasınlar.
Partlayışın təsiri keçənəcən gözlər bağlı olmalı və yerə istiqamətlənməlidir ki, işıq dalğası gözə təsir etməsin.
Güclü divarları olan sədlər daha yaxşı mühafizə edə bilir. Maşında olan insanlar mühafizə oluna bilər, mümkün olduğu halda hava keçə biləcək yerləri qapatmaq tələb olunur. Maşın işlək vəziyyətdə olmamalıdır.
Nüvə bombasına görə həyəcan siqnalı verilərsə, zirzəmiyə düşmək məsləhətdir.
Zirzəmidə olmaq insanları mühafizə edə bilər. Bu zaman nüvə silahının təhlükəli təsirləri 20 dəfə az hiss edilir.
Məsələn, ionlaşdırıcı şüa 2 metr su layını keçmir, belə bir maneə ilə qarşılaşandan sonra enerjisini tam ititrir. Təqribən yarım metr qalınlığında beton divarla qarşılaşan ionlaşdırıcı şüa enerjisini 2 dəfə itirir. 1-2 metr beton sədd olduqda şüa enerjisini tam itirir.
Ona görə istənilən zirzəmiyə daxil olmaq nüvə sialhının təsirlərini azı 20 faiz azaltmış olur. Zirzəmi nə qədər dərində olsa, bir o qədər effektivdir. Zirzəmidə olan insanlara elektromaqnit impulsu təsir etmir.
İnsanların olduqları məkanın qapısından kənar yerdə durmaları tövsiyə olunur. Nüvə partlayışına yaxın ərazilərdə zərbə dalğası qapıya yaxın olanlara daha çox təsir edir.
Çöldə olan insanlar isə istənilən daldanacaqlardan, divarlardan, hətta səkilərin hündürlüyündən istifadə etməlidir.
Nüvə partlayışının dalğasının hansı istiqamətdən gəldiyini bildikdən sonra insanlar ona əks istiqamətdə yerə uzanıb səddin mühafizəsi olan yerdə özünü qorumalıdır.
Azərbaycana yaxın regionda nüvə təhlükəsi olduğu halda Bakı şəhərində ən yaxşı mühafizə sığınacağı metrolardır. Qida, su, təmizlik vasitələrini götürən əhali üçün ən yaxşı mühafizə yeri metrolar ola bilər.
Metrolar hətta bir neçə kilometr uzaqda olan nüvə partlayışından da mühafizə edə bilər.
Hərbçilər və nüvə təhlükəsi ilə birbaşa işləyən az saylı şəxslər üçün anti-rad deyilən mühafizə vasitələri var ki, onlar bir neçə saat orqanizmi radiasiyanın təsirindən mühafizə edə bilir, amma bu vasitələr kütləvi istifadə üçün nəzərdə tutulmayıb. Onlardan yalnız kimya müdafiə dəstələrinin üzvləri vəzifələrini yerinə yetirmək üçün istifadə edirlər.
İlk növbədə orqanizmdə yaranmış zədələnmələrin qarşısının alınması vacibdir. Kimsə çöldədirsə, burnunu, ağzını bağlamalıdır ki, nəfəs yollarına radioaktiv maddələrin buxarları, tozlarla qarışığı daxil olmasın.
İmkan olduğu halda izolyasiyaedici kostyumlar geyinmək daha yaxşı olar. Bunlar olmadıqda plaş, əlcək götürüb başdan ayağa kimi bütün bədəni örtən geyimlərlə özünü mühafizə etmək tövsiyə olunur. Eynəklə də gözləri örtmək arzuolunandır.
Nüvə partlayışından sonra yaranan ionlaşdırıcı radiasiyanı bu vasitələrlə dayandırmaq mümkün deyil. Onlar orqanizmə təsir edərək hüceyrə parçalanmasına səbəb ola bilirlər. Bu zaman qan hüceyrələri parçalanır və ölümə səbəb olur.
İstənilən halda mütəxəssislər çoxlu maye qəbulu tövsiyə edirlər. Maye yaranmış radikal hissəciklərin orqanizmdən xaric olunmasını tezləşdirir.
Təmiz yemək orqanizmin müqavimətini gücləndirə bilər. Qapalı məkana hava filtrlər vasitəsiylə verilməlidir və hava keçən yerlər ən azı tənziflə bir neçə qat filtirlənməlidir.
Burada məqsəd kənardan tozların içəri girməsinin qarşısını almaqdır. Hətta bəzi hallarda az miqdarda şərab içməki tövsiyə olunur. Çernobıl ərazisində zəhərlənən şəxslərə də tövsiyə olunubmuş ki, azca spirtli içki qəbul etsinlər.
Bu, təmizlənmə prosesinin sürətini artıra bilər. Başqa heç bir xüsusi dərman vasitəsi yoxdur.
Əgər Yer kürəsinin qütblərində iki nüvə silahı işlədilərsə, Yer öz oxu ətrafından çıxa və yerdəki həyat məhv ola bilər. Yerin başqa ərazilərində nüvə silahları işlədiləndə bombanın gücündən asılı olaraq, hədəf edildiyi şəhər tamamilə məhv ola bilər.
Nüvə sahəsində çalışan alimlər deyirlər, dünyadakı mövcud nüvə silahlarının gücü o qədər böyükdür ki, Yer kürəsində həyatı 200 dəfə məhv edə bilərlər.
Böyük dövlətlər arasında nüvə müharibəsi Yer kürəsində həyatın itirilməsinə gətirib çıxara bilər. Beynəlxalq konvensiyalara görə, hazırda nüvə enerjisindən dinc məqsədlər üçün istifadə olunması razılaşdırılıb.
Nüvə silahının birbaşa istifadə edildiyi ərazilərdə və kütləvi istifadəsi halında ondan qorunmaq mümkün deyil. Amma iddialar var ki, Yaponiyanın Xirosima və Naqosaki şəhərinə İkinci Dünya Müharibəsi vaxtı atılmış nüvə bombasından dərinqazılmış bir quyuda olan şəxs ölməyib, sağ qalıb.
Silahın istifadəsindən sonra nüvə qışı olur və radioaktiv maddələr qar kimi yerə yağmağa başlayır, həmin ərazi yaşamaq üçün yararsız olur.
Nüvə silahı tətbiq edildiyi halda rəsmi qurumlar tərəfindən monitorinqlər, yoxlamalar aparılır. Lazım olsa, bu zaman qida məhsullarında, kənd təsərrüfatı məhsullarında məhdudiyyətlər tətbiq olunur.
Əgər birbaşa təhlükəli ərazilər varsa, həmin yerlərə müdaxilə olunur. Heç də hər yerdə nüvə təhlükəsi ilə bağlı işlər görmək olmaz. Müəyyən məlumatlar, proqnozlar, monitorinqlərin nəticələrinə görə, müəyyən olunur ki, hansı ərazilərdə müdaxilə tədbirləri həyata keçirilə bilər.
Müdaxilə tədbirləri də müxtəlif cür olur: sığınacaqlarda əhalinin qorunması, əhalinin təxliyəsi və s.
Azərbaycanda nüvə təhlikəsindən mühafizə edən sığınacaqlar var və bu yerlərin uçotu, vəziyyəti ilə bağlı işləri mülki müdafiə tədbirlərini Fövqəlada Hallar Nazirliyi həyata keçirir.
FHN-nin nümayəndəsinin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikliyi ilə birgə əhalinin məlumatlandırılması üçün müxtəlif proqramlar işlənib hazırlanıb.
Təhlükə yaranarsa, əhalinin məlumatlandırılması üçün kütləvi informasiya vasitələrindən, küçədə quraşdırlıan ruporlardan, mobil rabitə vasitələrindən istifadə oluna bilər.
BBC Azərbaycanca