Rusiya artıq bu ölkələrdə açıq işğala başlayır

31-03-2022, 12:37   




Ötən gün Gürcüstandakı separatçı ocaqlarından biri – Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirməyə hazır olduğunu elan etdi.
Daha doğrusu, “prezidenti” Anatoli Bibilov belə bir fikir səsləndirdi, “mətbuat xidməti” Dina Qassiyeva referendumun dəqiq keçiriləcəyini bildirib, 10 aprel tarixində baş tutacaq “prezident seçkiləri”ndən sonra ümumxalq səsverməsinin olacağını əminliklə vurğuladı, "təhlükəsizlik şurası"nın katibi Sergey Şamba isə belə bir məsələnin gündəmdə olmadığı haqda açıqlama yaydı.
Əldəqayırma, qondarma, başıpozuq bir qurumdur – Rusiyadan hansı sifariş alırlar, onu da səsləndirirlər. Rusiyada isə baş müharibəyə qarışıb, qruplaşmalar aktivləşib, hər klan öz ayı xidmətini təklif edir və əldəqayırmaları öz istədikləri kimi “oxudurlar”, nəticədə də ortaya eybəcər bir mənzərə çıxır.
Amma bu cür təzadlar belə bir ssenarinin gerçəkləşdirilməsi istiqamətində faktiki olaraq iş getdiyini sübut edir. Əgər Rusiya keçmiş post-sovet məkanında indiyə qədər münaqişə ocaqları yaradıb, onları idarə etmək və təzyiq vasitəsi kimi kullanmaq yolunu tutmuşdusa, indi konkret olaraq işğal siyasəti aparır: Krım “təcrübəsi”ni hər yerə tətbiq edir – girir, alır, ordusunu yerləşdirir, sonra da “referendum” keçirib, özünə birləşdirir.
Donbasdakı və Gürcüstandakı separatçılar kimi, sabah Dnestryanı da referendum keçirə bilər.
Ən maraqlısı az öncə yayılan xəbərdir. Rusiya Krıma quru sərhədini təmin etmək üçün işğal etdiyi ərazini özünə birləşdirməyin “eyni üsulunu” tətbiq edir: Donetsk və Luqansk vilayətləri Krıma çatmır axı – indi Ukraynada “üçüncü respublika” – “Xerson respublikası” yaratmağa qərar verib, onu da yaradıb, müstəqilliyini tanıyıb, sonra özünə birləşdirməklə Krıma, daha sonra Dnestryanıya çıxa bilər.
Kalininqrad ortada qalıb – ona da quru yolu lazımdır...
Dünyanın quru hissəsinin 11,4 faizinə sahib olan bu ölkə dayanmır – işğal edə-edə gedir; bir ölkə də ona dur deyə bilmir; heç kim ərazisi BMT səviyyəsində tanınan ölkələrin işğalına qarşı açıq, gücü və ordusu ilə çıxmağa cəsarət etmir; İraqın Küveyti işğal cəhdində “Səhrada tufan” qoparanlar Rusiya ilə açıq döyüşə girməmək üçün hər şey edir.
Səbəb isə nüvə silahıdır: Rusiyanın nüvə silahı bütün ölkələri çəkindirir.
Belə çıxır ki, nüvə silahın varsa, hər qanunsuzluğu edə və ölkələri işğal edə bilərsən?
Çox pis tendensiya başlayıb və dünyanı ciddi təhlükə gözləyir.
axar.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.