Ukrayna ordusu Rusiyanın bu ölkə ərazisində neft bazalarına ardıcıl olaraq raket zərbələri endirməsinin qisasını almaq üçün uğurlu əməliyyat keçirib. virtualaz.org xəbər verir ki, ötən gecə Ukrayna Hərbi Hava Qüvvələrinin iki vertolyotu aşağı hündürlükdə uçaraq Rusiyanın sərhədə yaxın Belqorod şəhərindəki iri neft bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində bazada güclü yanğın başlayıb və hələ də davam edir.
Ukrayna vertolyotlarının neft bazasına necə zərbə endirdiyi videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Belqorod qubernatoru Vyaçeslav Qladkov bu gün səhər jurnalistlərə bildirib ki, neft bazasının partladılması nəticəsində vilayətdə yanacaq qıtlığı gözlənilmir. Hakimiyyət yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişir.
Qubernator deyib ki, yanacaq bazasına yaxın küçələrdən sakinlər təxliyyə olunur və “Belqorod-Arena” stadionunda yerləşdiriləcək. Yanğın söndürüləndən sonra onlar evlərinə qayıda bilərlər. Qladkov bazada yanğının “aşağı hündürlükdən uçan iki Ukrayna vertolyotunun Rusiyanın hava məkanına daxil olması və zərbə endirməsi nəticəsində baş verdiyini” bildirib.
“Neft bazasında irimiqyaslı yanğınla bağlı yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişməklə məşğuluq. Situasiya stabildir. Yanacaq qıtlığı olmayacaq”,-o deyib. Rusiyanınm Fövqəladə Hallar Nazirliyi isə bildirir ki, neft bazasında yanacaqla dolu rezervuarlar yanır, yanğınsöndürənlər alovun qonşu rezervuarlara keçməsinin qarşısını almağa çalışır.
Xatırladaq ki, martın 29-da Belqorodda sursat anbarında yanğın və partlayışlar baş vermişdi. Bununla əlaqədar şəhərin bir hissəsindən əhali təxliyyə olunmuşdu. Bazaya Ukrayna aviasiyasının zərbə endirdiyi bildirilirdi. Bu isə Rusiya hakimiyyətinin Ukraynanın Hərbi Hava Qüvvələrinin artıq məhv edildiyinə dair hələ müharibənin ilk 3 günündən sonra verdikləri bəyanatların təkzib edilməsidir.
virtualaz.org