Rusiya qoşunları Ukrayna şəhərlərini o qədər çox bombalayır və atəşə tuturlar ki, sağ qalanlar ölənləri tələsik və kütləvi məzarlıqlarda basdırmağa məcbur olurlar.
Ən acınacaqlı vəziyyət Mariupoldadır - bu şəhərdə güllə yağışı və bombardmanlar ara vermir, mülki əhali arasında qurbanların sayı artır, kommunal xidmətlər öz funksiyalarını yerinə yetirə bilmirlər, ölənlərin qəbirstanlıqlarda normal şəkildə basdırılması mümkünsüz hala gəlib. Ona görə də son iki həftə ərzində şəhərdə bir neçə kütləvi məzarlıq yaranıb.
"Biz [qurbanları] ayrı-ayrı qəbirlərdə dəfn edə bilmərik, çünki qəbirstanlıqlar şəhərdən kənardadır və oralara Rusiya qoşunları nəzarət edir," - Mariupol merinin müavini Sergey Orlov BBC-yə telefonla müsahibəsində belə deyib.
Onun sözlərinə görə, həlak olanları şəhərin hüdudları daxilində və yenidən istifadə etməyə başladıqları köhnə qəbirstanlıqda dəfn edirlər.
Mariupol şəhər sovetinin məlumatına görə, ötən bazar həlak olanların sayı 2100 nəfəri ötüb. Humanitar dəhlizlər təşkil edilməsi cəhdlərinə baxmayaraq, Rusiya ordusunun dayanmadan atəş açması əhalini evakuasiya etməyə imkan vermir.
Sergey Orlov kütləvi məzarlarda dəfn edilənlərin ümumi sayını bilmədiyini deyib, amma qeyd edib ki, belə məzarların birində 67 meyit basdırıblar:
"Bəzilərinin kimliyini müəyyən edə bilmədik, amma üstündə sənədləri olanlar da vardı".
Sergey Orlov bildirib ki, minlərlə insan güllə və bombalardan qorunmaq üçün zirzəmilərə toplaşıb. O qeyd edib ki, bəzi hallarda insanlar həlak olan qohumlarını birbaşa həyətlərdə və ya parklarda dəfn edirlər.
Şəhərin kommunal xidmət idarələri fəaliyyət göstərə bilmədikləri üçün meyitləri i küçələrdən təmirçilər və ya təmizlikçilər komandası yığır. Orlovun sözlərinə görə, bəzən həmin insanlar özləri də həlak olurlar.
"Bizdə artıq günlərdir ki, işıq, istilik və su yoxdur, kanalizasiya xətləri işləmir" - Orlov belə deyir.
Mariupoldan 600 kilometr şimal-qərbdə, Kiyev yaxınlığında yerləşən Buça şəhərinin yerli deputatı Mixaylina Skorık-Şkarivskayanın sözlərinə görə, kilsənin yanında qazılmış kütləvi məzarlıqda 60 nəfərdən çox Buça sakini basdırılıb.
İrpen xəstəxanasının həkimi Andrey Levkovski həmin dəfn mərasiminin videogörüntülərini Facebook-da paylaşıb.
Hazırda Ukraynanın qərbində olan Skorık-Şkarivskaya BBC-yə telefonla müsahibəsində deyib ki, cənazə törəni elə xəstəxanada keçirilib, amma ölənlərin hamısının kimliyini dəqiqləşdirmək mümkün olmayıb; qohumlarının harda dəfn olunduğunu heç kim dəqiq bilmir:
"İndi biz könüllülərlə insanların rəqəmsal identifikasiyası sisteminin imkanlarını və onların qohumlarını tapmağı müzakirə edirik".
Deputatın sözlərinə görə, ötən şənbə Rusiya hərbçiləri İrpen xəstəxanasını ələ keçirərək tibbi personala oranı boşaltmağı əmr ediblər.
Kütləvi məzarlıqların yaranması ukraynalılar üçün əsl şok olub. Bu, çoxlarına İkinci Dünya müharibəsinin acı səhnələrini - nasistlərin yəhudiləri, kommunistləri və partizanları kütləvi şəkildə qətl etməsini və 1930-cu illərin "qolodomor" hadisələrini - sovet hakimiyyətinin buğdanı müsadirə etməsi nəticəsində Ukraynanı bürümüş aclığı və kütləvi ölümləri xatırladıb.
"Dayımın 92 yaşı var və o, indiki hadisələri uşaqlığının müharibə xatirələriylə heç müqayisə də etmək istəmir," - öz yaxınlarını xristian ənənələrinə uyğun dəfn etməyin əhali üçün çox vacib olduğunu vurğulayan Skorık-Şkarivskaya belə deyir.
"Hətta indi - müharibə dövründə də insanlar bunun üçün keşiş dəvət edirlər".
Rusiya qoşunları Ukraynanın şimalındakı Xarkov, Çerniqov və Sumı şəhərlərini də mühasirəyə alıblar, fasiləsiz güllə yağışı bu yerlərdə də çox sayda mülki əhalinin ölümünə səbəb olur.
İnsan azadlıqları uğrunda mübarizə aparan fəal Aleksandra Matviyçuk martın 6-da öz "Tvitter" hesabında səngərlərə qoyulmuş tabutların fotosunu bu qeydlə paylaşıb:
"Rusiyanın bombardmanları nəticəsində həlak olmuş Çerniqov sakinləri birbaşa səngərlərdə basdırırlar. Çünki şəhərin Yatsevodakı qəbirstanlığı Rusiya işğalçılarının fasiləsiz atəşi altındadır. Qurbanları birbaşa Yalovşin meşəsində basdırırlar".
Çerniqov şəhər sovetinin katibi Aleksandr Lomako BBC-yə açıqlamasında bildirib ki, Rusiya hərbçilərinin öldürdükləri qurbanları müvəqqəti qəbirstanlıqda basdırırlar. O, şəhərin əsas qəbirstanlığının hazırda bağlı olduğunu və artıq 10 kilometr məsafədə olan Rusiya qoşunlarının Çerniqovu üç tərəfdən mühasirəyə aldığını təsdiqləyib.
"Təkrar dəfnlə biz artıq müharibədən sonra məşğul olacağıq" deyən Lomakonun hesablamalarına görə, Rusiyanın hava zərbələri nəticəsində 200-ə yaxın şəhər sakini həlak olub.
O bildirib ki, təkcə bir hava hücumu zamanı 45 çerniqovlu öldürülüb və bu, indiyə qədər baş vermiş ən faciəli haldır. Lomako hər gecə hava hücumundan orta hesabla 7 nəfərin həlak olduğunu qeyd edib:
"Təyyarələr yaşayış yerlərinə 3-4 bomba atır, biri xəstəxanaya düşmüşdü. Amma tibb işçiləri işlərini davam etdirirlər. Şəhər kənarında onlarla bina dağıdılıb".
Kütləvi məzarlarla yanaşı, kortəbii qəbirlər haqqında da məlumatlar var. Məsələn, Rusiya qoşunlarının sürəkli atəş altında saxladığı İrpen şəhərindəki yeni tikililərin birinin həyətində bir ana-oğul dəfn edilib. Həmin məzarın fotosu müxtəlif sosial şəbəkələrdə yayılıb, jurnalist Olqa Rudenko isə "Tvitter"də onların - Marina Metlə oğlu İvanın müharibədən əvvəl Kiyevdə çəkilmiş, onların qayğısız həyatını əks etdirən fotosunu paylaşıb.
Bu tələsik dəfnlər və əldəqayırma qəbirlər yaxınları və qohumları Rusiya qoşunları tərəfindən öldürülən şəxslər üçün insan ləyaqətinə vurulan son zərbə olacaq.