RUSİYA SƏFİRİNİN “QUBERNATOR İRADI”... – Boçarnikovun “təəccübü” əsaslıdırmı?

2-04-2022, 14:32   




Bizi solovyovların, skabeyevaların, simonyanların verilişlərində, Duma dəhlizlərində və s. hədələyənlər, təhdid edənlər, daxili işlərimizə, suverenliyimizə qarışanlar, bizə “yol göstərənlər”, “necə yaşamalı olduğumuzu öyrədənlər” az idi, Rusiyanın Azərbaycandakı səfiri də bir yandan çıxdı.
İlk baxışdan “abırlı adam” təsiri bağışlayan Mixail Boçarnikov iki gün öncə qubernator, canişin ədasıyla öz naziri Sergey Lavrovdan, dünyanı nüvə silahı ilə hədələyən BMT-dəki səfirindən və digər rus diplomatlarından heç nə ilə fərqlənmədiyini göstərdi: “Azərbaycan mediasında Rusiyanın mövqeyini və rəhbərliyini qərəzli tənqid edən materialların çoxluğu bizi təəccübləndirir. Dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isterikasına cəlb etməli olduq. Ümid edirik ki, bu proses dayandırılacaq”.
Xatırladaq ki. Ukraynaya qarşı təcavüzdən əvvəl Qərb və dünya mediası, eləcə də bir sıra dövlət başçılarının “Rusiya Ukraynaya qarşı təcavüzə hazırlaşır” xəbərdarlıqlarına da Rusiya rəhbərliyi, o cümlədən Lavrov “anti-Rusiya isterikası” deyirdi. Sonradan bu “isterika”nın dəhşətli bir həqiqət olduğu üzə çıxdı, lavrovlar və digərləri isə həyasızcasına “isterika söhbəti”ni unudub, işğala haqq qazandırmağa başladılar. İndidə Azərbaycandakı səfir eyni dildən və üslubdan istifadə edir...
Əslində, bu, müharibəyə müharibə deməyin qadağan olunduğu, cəmiyyətinin böyük bir hissəsi orta əsrlərin imperiya zehniyyətinə yuvarlanmış bir ölkənin Azərbaycanın daxili işlərinə, suverenliyinə, media siyasətinə açıq-aşkar müdaxiləsidir. Səfir bilməmiş deyil ki, qanunla hakimiyyət medianın fəaliyyətinə müdaxilə edə bilməz və Azərbaycanda pis-yaxşı buna müəyyən həddə qədər riayət olunur. Yəni, vəziyyət Rusiyadakı qədər acınacaqlı deyil. İstənilən halda, yad bir ölkənin səfirinin Azərbaycan mətbuatına qarşı “ölçü götürülməsini” tələb etməyə, hakimiyyətə mətbu orqanların cəzalandırılmasına dair göstəriş verməyə ixtiyarı yoxdur!
Səfirin işlətdiyi “anti-Rusiya isterikası” ifadəsi isə Azərbaycan mətbuatına qarşı aşağılayıcı münasibətin göstəricisidir ki, buna da heç kim icazə verməyib və bu, bir diplomata, səfirə yaraşan ritorika deyil. Zatən Ukraynaya qarşı işğaldan sonra əvvəlcə uzun müddət “Ukraynaya müdaxilə olmayacaq” deyə bütün beynəlxalq aləmə və öz xalqına ucuz yalan satan, sonra isə bu işğalı uğursuz şəkildə əsaslandırmağa çalışan Rusiya diplomatiyasının bütün dünyada bir qara qəpiklik hörməti, nüfuzu qalmayıb. Bir yandan da hər zaman Azərbaycanda hörmət və ehtiram görmüş səfirin, buna baxmayaraq, Azərbaycan mətbuatına və hakimiyyətinə göstərdiyi bu hörmətsizlik şəxsən onun da rus diplomatiyasının miskin obrazının bir parçasına çevrildiyinin göstəricisidir...
Həmin bu səfir bircə dəfə Rusiya mətbuatında və televiziyalarında Azərbaycana qarşı kütləvi hal alan üfunət dolu açıqlamalara, təhdidlərə, hədə-qorxulara münasibət bildiribmi ki, bu gün də Azərbaycan mətbuatında haqlı olaraq Rusiya işğalını pisləyən münasibətə bu cür isterik münasibət göstərir? Əsl isterika, özü də anti-Azərbaycan isterikası 44 günlük müharibə dövründə Rusiya televiziyalarında və mətbuatında yaşanırdı. İndi də öz suveren ərazilərimizdəki Fərrux dağı istiqamətində ordumuzun yerdəyişməsinə eyni isterik münasibət sərgilənir.
Təkcə Ermənistandakı Rusiya səfiri ilə bizdəki səfirin davranışları və açıqlamalarına fikir vermək kifayətdir ki, Qafqazdakı rus diplomatiyasının iç üzünü görəsən. Ermənistandakı səfir bəzən ermənilərin maraqlarını o dərəcədə müdafiə edir ki, anlamaq olmur, danışan rus səfiridir, yoxsa daşnak partiyasının siyasi bürosunun üzvü. Azərbaycandakı səfir isə göründüyü kimi, bizə hədə-qorxu gəlməklə məşğuldur...
Səfirin bu imperiya ədalı etirazında maraqlı olan həm də onun azərbaycanlıların Rusiyanın davranışlarına göstərdiyi mənfi münasibətə “təəccüb”üdür. Bəs, nə gözləyirdi görəsən, hörmətli səfir? Bu gün də erməniyə dayılıq edən, silahlandıran, separatizmi dəstəkləyən, eləcə də Ukraynada günahsız insanların qanını axıdan, ailələri, evləri, şəhərləri dağıdan, qarət edən Rusiyaya, özləri də işğaldan uzun illər əziyyət çəkmiş azərbaycanlıların münasibəti necə olmalıdır?
Bəlkə səfir elə bilir ki, Azərbaycan cəmiyyətində və mətbuatında çoxluq Rusiya kəşfiyyatının təsir agenturasının Azərbaycandakı “əsgərlərindən”, yəni vətəninin maraqlarını rus puluna, ”molodes”ə dəyişənlərdən, üzdə bizə oxşayıb, bizdən olmayanlardan, Azərbaycan pasportu daşıyıb, rus ağzıyla danışanlardan, ləyaqətini, milli kimliyini satanlardan ibarət olmalıdır?
Qısası, səfirin məntiqindən belə çıxır ki, Rusiya kanallarında başı-beyni Ukraynada dişi sınan imperiya iddialarından pozulmuş faşist mahiyyətli varlıqlar Azərbaycanın ünvanına gecə-gündüz təhdidlər və hədə-qorxular yağdırmalı, bizə qarşı açıq ermənipərəst, düşmən mövqe sərgiləməli, Azərbaycan mətbuatı isə müti şəkildə buna göz yummalı, susmalıdır. Xeyr! Səfir istəyir indidən sonra da min dəfələrlə “Azərbaycan hakimiyyətinin diqqətini Rusiyaya qarşı tənqidlərə” yönəltsin, xeyri yoxdur! Azərbaycan xalqının, cəmiyyətinin, elə dövlətin özünün də istənilən işğala, separatizmə, qətliamlara münasibəti necədirsə, vicdanını itirməyən mətbu orqanların, jurnalistlərin də münasibəti eyni olacaq!
Cəlal Məmmədov
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.