Rusiya iqtisadiyyatında ciddi zədələnmə. Növbəti aylarda mağazaların rəflərində hansı məhsullar olacaq?

2-04-2022, 19:41   


MağazaŞƏKLİN MƏNBƏYİ,TASS

Rusiya 1992-ci ildən bu yana ən ağır istehlak böhranının astanasındadır: tədarük zəncirləri "qırılıb", rubl kəskin şəkildə zəifləyib. Artıq mağazalardan qənd, kağız, qadınlar üçün fərdi gigiyena pedləri və prezervativ kimi mallar yoxa çıxmağa başlayıb. Mütəxəssislər deyirlər ki, sonrakı aylarda vəziyyət daha pis olacaq.

Qiymətlər pandemiyanın əvvəlindən, həm də bütün dünyada artıb: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müəyyənləşdirdiyi ərzaq qiymətləri indeksi cəmi bir il ərzində 20 faiz artaraq martın əvvəlində 140 bəndlik rekord həddə çatıb. Almaniyada illik inflyasiya 1900-cü illərin əvvəllərindən bu yana ilk dəfə illik 7,8 faiz olub, Rusiyadakı 15,6 faizlik göstərici isə 2015-ci ilin pik həddinə yaxınlaşır.


Amma hazırda rusiyalıların mağazalarda gördükləri mənzərə çətin ki, Almaniya mağazalarında yaransın. Son həftələrdə Rusiyada ofis kağızı, demək olar ki, lüks məhsul halına gəlib, ev heyvanları üçün yemlər nadir və defisit məhsula çevrilib, qadın pedləri və uşaq bezləri üçün bütün qonşu mağazaları dolaşmaq lazım gəlir.

Hətta Novosibirsk şəhərinin meri Anatoli Lokot da mətbuatın müşayiətilə ərzaq axtarışına çıxıb və "Mən bu şəhərin meriyəm və ancaq axşamlar alış-veriş edə bilirəm. Niyə sizdə cəmi bir paket qənd var?" deyə, təəccüblənib.

"INFOline" şirkətinin baş direktoru İvan Fedyakov BBC-yə açıqlamasında deyib ki, sonuncu dəfə 1992-ci ildə Rusiyada belə vəziyyət olub. İndiki kimi, onda da pərakəndə satışda iki amil üst-üstə düşüb: bir tərəfdən istehsal zəncirlərinin qırılması, digər tərəfdən rublun kəskin zəifləməsi.

Rusiyanın dünya biznesinə inteqrasiya səviyyəsi SSRİ dağılmazdan əvvəlki dövrdə müxtəlif respublikaların müəssisələrinin inteqrasiyasından az deyil. Fedyakov xatırladır ki, həm o vaxt, həm də sonra zavodlar bir yerdə, onlara lazım olan xammal digər yerdə, piştaxtalarsa başqa bir yerdə olub.

"Məsələn, qatığı götürək. Südünü Rusiya inəkləri verir, bankalara Rusiya zavodlarında doldurulur, amma maya üçün bakteriyalar xaricdən gətirilir. Tara Rusiyada, amma xaricdən gətirilən xammaldan istehsal olunur. İnanmayacaqsınız - hətta tara üçün alüminium plyonka da xaricdən alınır" - Süd Bazarının Araşdırma Mərkəzinin direktoru Mixail Mişenko belə deyir.

MağazaŞƏKLİN MƏNBƏYİ,TASS

BBC-nin pərakəndə satış sektorundan olan həmsöhbətləri tədarükün dayanmasını və ya hətta "logistik blokadanı" da iqtisadiyyat üçün ciddi zədə hesab edirlər; deyirlər ki, rusiyalılar bunun nəticələrini hələ tam hiss etməyiblər. Logistika problemləri və brendlərin ölkədən getməsi pərakəndə satış şəbəkələrinin yeni mallar əldə etməsini çətinləşdirəcək.

Fedyakov qeyd edir ki, digər problem beynəlxalq sığorta şirkətlərinin Rusiyaya və Rusiyadan göndərilən yükləri və nəqliyyat vasitələrini sığortalamaqdan imtina etməsidir.

Səbəbi məlumdur: Ukraynayla quru sərhədi bağlıdır, hava nəqliyyatı fəlakətli dərəcədə məhdudlaşdırılıb, konteyner daşıma üzrə ən böyük operatorlar - "Maersk", MSC, CMA və CGM Rusiyaya və Rusiyadan çatdırılma sifarişlərini qəbul etmirlər.

BBC Rus Xidməti ölkə mağazalarının rəflərindəki məhsul çeşidlərinin necə və niyə dəyişdiyini və yaxın aylarda bu sektorda nələr baş verəcəyini araşdırıb.

quote_640-3

Kağız

Sankt-Peterburqdakı siyasi hadisələr haqda yazan "Rotonda" adlı "Teleqram" kanalının xəbərinə görə, şəhər rəsmiləri məktəblərə tövsiyə ediblər ki, elektron variantda keçirilməyən Ümumrusiya yoxlama işlərini dayandırsınlar.

Yerli poliklinikalardan birinin pasiyenti qeydiyyat masasında kuponları çap etmək üçün kağız olmadığını görüb. Başqa bir poliklinikada olmuş şəxslərin BBC-yə verdiyi məlumata görəsə, həkimlər pasiyentlərə qəbulla bağlı məlumatları artıq çap edib kartlara yapışdırmadıqlarını, yalnız elektron formada saxladıqlarını bildiriblər.

MağazaŞƏKLİN MƏNBƏYİ,TASS

SOTA yazır ki, Voronej vilayətinin poçt şöbələrində də kağız yoxdur, bu idarələrdə artıq köhnə qəzetlərdən istifadə edirlər.

"Maqnit" şəbəkəsinə daxil olan "Shopper's" nəşri yazır ki, mağazaların özlərinin aldığı kağızın topdansatış qiyməti ayın əvvəlindən bəri iki dəfə artıb. Fevralın sonuna qədər A4 kağızının standart paketi orta hesabla 270 rubla (5,3 AZN) satılıb, indi isə qiyməti 450-550 ( 10-11 AZN) rubldur.

Topdansatış qiymətləri artan kimi pərakəndə satış qiymətləri də sürətlə yüksəlib. Hazırda 500 vərəqlik "SvetoCopy" A4 paketinin qiyməti "Yandeks.Market"də 1480-2300 (29,3-45,6 AZN)rubl, "Ozon"da isə 1100-2200 (21,8-43,6 AZN)rubl aralığındadır.

Məsələ onda deyil ki, Rusiyaya kağız və ya sellüloz xaricdən gətirilir. Səbəb xaricdən, əsasən də Finlandiyadan idxal edilən ağardıcıdır. Bu maddənin tədarükü sanksiyalara görə dayandırılıb, Rusiyada isə analoqu yoxdur.

Martın 7-də bu sektorda işi "dayandırdığını" elan edən ilk müəssisə ən böyük kağız istehsalçılarından biri "Sylvamo" şirkətinin (ABŞ) Svetoqorskdakı zavodu oldu. Qırmızı Xaça 250.000 dollar (425,000 AZN) məbləğində ianə verdiyini açıqlayan şirkət məşhur "Svetocopy" və "Ballet" markalarının kağızlarını istehsal edir.

Sıktıvkarda yerləşən Mondi zavodu ("Snequrochka" brendi) hələ ki fəaliyyətini davam etdirir, amma "kimyəvi maddələrin tədarükündə" problemlərlə üzləşir. Eyni zamanda, "Mondi" strukturu dəyişdirmək, xüsusən də Rusiya aktivlərini ayırmaq variantlarını nəzərdən keçirir. Rusiyanın ən iri kağız istehsalçısı "İlim"in xarici investoru "International Paper" də bu mövqedədir - şirkət Rusiya biznesindəki payını (50 faiz) sata biləcəyini açıqlayıb. Karton, etiket və sellüloz istehsal edən Arxangelsk sellüloz-kağız zavodu da "idxal edilən kimyəvi maddələrlə" bağlı problemlər yarandığını bildirib.

"Svetocopy" və "Ballet" istehsal edən zavod çıxış yolu tapıb. KİV-in məlumatına görə, martın 21-də müəssisə kağızı "yarı ağardılmış sellülozdan" istehsal etməyə başlayıb. Arxangelsk sellüloz-kağız zavodu isə xarici ağardıcının analoqunu yaratmağa çalışır və "Çin, Türkiyə, Hindistan və Cənub-Şərqi Asiya ölkələriylə danışıqlar aparır". İşin dayanmaması üçün zavod həm də "ağardılmamış" kağız və sellüloz istehsalına başlayıb.

Rusiya Selüloz və Kağız Sənayesi Təşkilatları və Müəssisələri Assosiasiyasının (RAO "Bumprom") sədri Yuri Laxtikov deyir ki, belə kağız "bir az krem rəngindədir və bu, çap xüsusiyyətlərinə heç bir şəkildə təsir etmir". VC nəşri onun necə göründüyünü nümayiş etdirib.

quote_640-3

Qənd

Qənd və kağız çatışmazlığındakı yeganə oxşarlıq bu məhsullarla bağlı sosial şəbəkələrdə gedən qızğın müzakirələrdir. Digər məqamlarsa ciddi dərəcədə fərqlənir. Kağız bahalansa da, rəflərdən yoxa çıxmayıb. Amma qənd həm bahalanıb, həm də yoxa çıxıb. Halbuki bunun üçün heç bir obyektiv səbəbi yoxdur.

MağazaŞƏKLİN MƏNBƏYİ,TASS

"Biz ildə 6 milyon tona yaxın qənd istehsal edirik, bunun 5,8 milyon tonu istehlak olunur" - martın 30-da baş nazirin müavini Viktoriya Abramçenko belə deyib. O, qəndə tələbatın mart ayında "dəhşətli" olduğunu qeyd edib; bildirib ki, zavodların anbarlarında yeni məhsul yetişənə - yəni sentyabra qədər yetəcək miqdarda qənd var.

Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutunun aparıcı eksperti Yevgeni İvanovsa deyir ki, bu mövsümdə də Rusiya əvvəlki dövrdə olduğu qədər qənd istehsal edə biləcək.

Federasiya Şurasının rəsmi qəzeti baş verənlərə görə "vicdan əzabı çəkmədən" "qiymət oyunlarına" əl atan qənd istehsalçılarını və satıcıları günahlandırır, buna görə "adi vətəndaşların əziyyət çəkdiyini" yazır. Əslində isə vəziyyət bunun əksidir.

Qəndin bahalaşmasının obyektiv səbəbləri var: xaricdən gətirilən şəkər çuğunduru toxumundan tutmuş qablaşdırmaya və daşınması üçün lazım olan yanacağa qədər hər şeyin qiyməti qalxır. Amma məsələ bu deyil. Boş rəflər qiymət artımının yox, hakimiyyətin fəaliyyətinin və bəyanatlarının nəticəsidir - Fedyakov belə deyir.

O xatırladır ki, qiymət tənzimlənməsi (Fevral ayından etibarən istehsalçılara qəndin 1 kq-nı 47 rubldan (0,9 AZN) baha satmaq qadağan edilib), ixrac qadağası və "möhtəkirlərin" cəzalandırılacağı barədə deyilənlər (Hətta ən böyük qənd istehsalçısına qarşı cinayət işi də açılıb) insanları sakitləşdirmir, əksinə, həm satıcılara, həm də alıcılara mənfi təsir göstərir.

Fedyakov deyir ki, "Qiymət tənzimlənməsi ucbatından kiçik mağazalara qənd göndərmək istehsalçılara sərf etmir, çünki logistika xərci ödənməyəcək".

Nəticədə rəflər boşalır və və ajiotajı yüksək qiymətlər yox, məhz belə boşluq yaradır.

Bu məntiqi "Takskom" kassa operatorunun məlumatları da təsdiqləyir: müharibənin ilk iki həftəsində qənd 11 faiz bahalaşıb, satışı 63 faiz artıb; qəhvə 25 faiz bahalaşıb, satışı 21 faiz artıb; çay 14 faiz artıb, satışı 20 faiz artıb.

quote_640-3

Pedlər və bezlər

"Daha çox sifariş etmək istəyirdim, amma mən fikirləşənə qədər satılıb qurtardı" - "Ozon" saytında adi "Always" paketinin alış səhifəsində yüzlərlə buna oxşar rəy var. Gigiyena pedləri Rusiyada həm bahalanan, həm də yoxa çıxan məhsullardan birinə çevrilib.

MağazaŞƏKLİN MƏNBƏYİ,TASS

İnternet mağazalarında pedlər hələ var, amma martın əvvəllərindən etibarən qiyməti bir neçə dəfə artıb. Burda bir neçə amil rol oynayıb.

Birincisi, xarici malların çoxu sərhəddə qalıb - böyük məişət kimyası istehsalçısına istinadən "Forbes" belə yazır.

İkincisi, Fedyakovun sözlərinə görə, hətta Rusiyada istehsal olunan gigiyena məhsulları da xaricdən gətirilən xammaldan hazırlanır və hazırda onların da idxalında problemlər var. Amma Sənaye və Ticarət Nazirliyi ped istehsalçılarında ən azı üç aya yetəcək qədər xammal olduğunu bildirir.

Üçüncüsü, gigiyena məhsulları istehsalçıları qiymətləri artırdıqlarını açıqlayblar. Martın 14-də "Procter & Gamble" uşaq bezlərinin 47 faiz, ped və tamponların 33 faiz bahalaşacağını bildirib. Rusiyada bu şirkət "Pampers", "Always", "Tampax", "Naturella" və "Discreet" brendləriylə tanınır.

Onun rəqibi "Johnson & Johnson" Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib (Yalnız dərman və tibbi avadanlıq tədarük edəcək). Bu şirkət "o.b.", "Carefree" və "Stayfree" brendlərinin sahibidir.

Uşaq bezi, ped və tamponların yoxluğu həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Həmin məhsullarla bağlı ajiotajı və rəflərin boşalmasını bununla izah etmək olar. "Nielsen"-in məlumatına görə, martın artıq ilk həftəsində pedlərə olan tələbat keçən ilin eyni dövründəkindən üç dəfə çox olub. Mağazaların anbarlarında bu məhsullardan olsa belə, onlar yeni vəziyyətə uyğunlaşmağa və rəfləri doldurmağa vaxt tapmırlar.

quote_640-3

Sonra nələr olacaq?

Fedyakov qeyd edir ki, fantastik qiymətə ofis kağızı, pedlər və boş rəflər logistik problemlərin ilkin nəticəsidir, daha dəqiq nəticələr iki-üç ay sonra görünəcək.

California Universitetinin iqtisadçısı Oleq İtsxokinin də proqnozu bu yöndədir.

MağazaŞƏKLİN MƏNBƏYİ,TASS

"Nə qədər ki, anbarlarda ehtiyatlar qalıb, bu hiss olunmur. Məsələn, sadə məişət texnikası almaq asandır, baxmayaraq ki, onların da qiyməti qalxıb. Amma anbarlarda artıq onminlərlə yox, yüzlərlə kompüter və ya yaxşı televizor qalıb, bu məhsullar artıq qıtlaşıb" - Fedyakov belə deyir.

Sonrakı mərhələdə növbə "paketlərdəki" içkilərə çata bilər - süddən tutmuş şirələrə və ucuz şərablara qədər. Rusiyada onlar əsasən "Tetra Pak" taralarında satılır.

Tara istehsal edilən zavod Moskva yaxınlığındakı Lobnyada yerləşir, amma o da xammalı xaricdən alır. Martın 2-də müəssisə elan edib ki, müharibəyə görə Rusiyaya bütün investisiyaları dayandıracaq və yalnız zəruri məhsullar, süd və uşaq qidaları üçün taralar istehsal edəcək. Buna baxmayaraq süd istehsalçıları narahat olublar və Sənaye və Ticarət Nazirliyini tədarükdə mümkün fasilələr barədə xəbərdarlıq ediblər ("İzvestiya").

"Tetra Pak" rusiyalı müştərilərə məktubunda istehsalın azaldılmasını Rusiyaya tara üçün xammal tədarükünün dayandırılmasıyla izah edir ("Kommersant"). Şirkət Rusiya və Çində alternativlər axtarır.

Amma "Tetra Pak"ın özünü başqa şirkətlə əvəz etmək istehsalçılar üçün asan olmayacaq.

Süd Bazarının Öyrənilməsi Mərkəzinin əməkdaşı Mişenkonun sözlərinə görə, bu, təkcə onun keyfiyyətilə bağlı deyil. İstehsal xətləri artıq "Tetra Pak"ın ölçüsünə və xüsusiyyətlərinə uyğunlaşdırılıb, digər taralar üçün onları yenidən yığmaq lazım gələcək. Bu isə uzun və bahalı işdir.

"Kommersant" sahə ekspertlərinə istinadən yazır ki, şirələrin və meyvə içkilərinin qiymətində taranın (malların daşınması üçün lazım olanlar da daxil) payı 40 faizdən çoxdur, süd məhsullarının qiymətində isə "paketin" özü qiymətin 9-10 faizini təşkil edir. Ona görə Rusiyada istehsal olunan südün də qiyməti artacaq.

quote_640-3

"Zibil mağazaları" şöhrət zirvəsində

"Mal qıtlığı və aclıq olmayacaq. Amma əvvəlki rahatlıq səviyyəsi istehlakçılar üçün əlçatmaz olacaq" - Fedyakov belə deyir.

Pərakəndə ərzaq satışı bazarında çalışanlardan biri BBC-yə deyib ki, qıtlıq məhsul kateqoriyalarında yox, brendlər səviyyəsində olacaq.

Bu hansı şəkildə təzahür edəcək?

"Əvvəlki on pozisiyanın yerinə ikisi olacaq. Əvvəllər çox variant olan yerdə heç bir variant olmayacaq. Məsələn, əgər daha əvvəl istehlakçı eyni qiymət kateqoriyasına aid onlarla avtomobil seçmək imkanına malik idisə, indi təkcə "LADA Granta" olacaq, hansı ki, hələ də 1980-ci illərin nümunələrinə uyğun yığılır. Bu nümunəni istehlak bazarına uyğunlaşdırın" deyə, Fedyakov izah edir.

Deyəsən, "Vesti Nedeli" artıq rusiyalıları buna hazırlamağa başlayıb. "Dadlı, amma zərərli xarici qazlı suyu limonad əvəz edəcək. Onu boyası "kimyəvi" deyil, kəhrəba rəngli yandırılmış şəkərdir" deyə, proqramın müxbiri tamaşaçıları sakitləşdirir.

BBC-nin həmsöhbətləri hesab edirlər ki, istehlakçıların qənaət üçün cəmi iki yolu var: kateqoriyalardan - məsələn, süd və ya pedlərdən tamamilə imtina etmək və ya daha aşağı qiymət seqmentinə keçmək. Birinci variant qeyri-mümkündür, çünki rusiyalılar artıq axıra qədər "kəmərlərini sıxıblar". Onsuz da orta statistik rusiyalı ailənin gəlirinin yarısı (46 faizi) yeməyə xərclənir. Müqayisə üçün deyək ki, Aİ-də bu göstərici 14,6 faiz, Böyük Britaniyada isə 16 faiz təşkil edir.

İstehlak bazarını araşdıran şirkətin əməkdaşı BBC-yə deyib ki, artıq rusiyalıların 60 faizi real gəlirlərinin azaldığını hiss edir. Fedyakovsa Rusiya əhalisinin 20 faizinin hələ müharibə başlamazdan əvvəl yaşayış minimumundan aşağı səviyyədə yaşadığını xatırladıb. Artıq sıxmağa yer qalmayıb.

Ona görə də ikinci ssenari həyata keçirilir: daha aşağı qiymət seqmentinə keçid. Fevralın 28-dən bəri iki həftə ərzində rusiyalıların ümumi xərclərində "sərt endirimlər"in payı 4,5 faizdən 6,1 faizə yüksəlib. İstehlak bazarını araşdıran şirkətin əməkdaşı bunun çox böyük bir artım olduğunu deyib.

Fedyakovun sözlərinə görə, bu, Krımın ilhaqından sonra yaranmış tendensiyanın davamıdır. O bildirir ki, 2014-cü ildən "orta təbəqə üçün" olan "Azbuka Vkusa" mağazaların sayı 100-dən 172-yə, "Diskaunterlər" və ya "Fix Price"-ların sayı 1500-dən 4500-ə, "Svetofor"ların sayı isə 150-dən 3000-ə yüksəlib.

"Beləcə, "zibil mağazaları" hiss etdirmədən ölkəmizdəki istehlak mədəniyyətini formalaşdırmağa başlayırlar. Təəccüblü deyil ki, Moskva Birjasında ticarət bərpa ediləndən sonra "Fix Price" səhmləri artımın lideri oldu.

"Biz böhranın yalnız başlanğıcındayıq. İndi gördüyümüz bolluq illüziyadır" - Fedyakov belə deyir.


BBC.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.