BU ƏRAZİLƏR AZAD OLUNDU, RUSLARIN İTKİLƏRİ 18 MİNİ KEÇDİ - İşğalçının dinc əhalini kütləvi qırdığı üzə çıxdı (Yenilənib)

4-04-2022, 14:33   




Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
Bildirilib ki, indiyədək 18 300-ə yaxın hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 647 ədəd tankı, 1 844 ədəd zirehli döyüş maşını, 330 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 147 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1 273 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 92 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib
Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb. Qurumdan bildirilib ki, Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb.
Rəsmi informasiyaya görə, səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir.
“Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər”, - Ukrayna MN-dan qeyd olunub.
Həmçinin göstərilir ki, Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir: “Onlar köhnəlmiş silahları anbarlardan çıxaracaqlar. Həmin silahların bəziləri 30 ildən çoxdur ki, istifadə olunmur".
Bundan başqa, Donetsk və Luqansk vilayətlərində son sutkada Rusiyanın 7 hücumu dəf edilib: “Həmçinin 2 zirehli texnika, 43 avtomobil və 1 minaatan məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib”.

Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu da atəşə tutub, nəticədə ilkin məlumata görə 7 dinc sakin öldürülüb, aralarında 3 uşaq olan 34 nəfər yaralanıb.
Bunu Ukrayna Baş Prokurorluğu bildirib.
Açıqlamaya görə, qəsdən adam öldürmə, eləcə də müharibə qanunlarını və adətlərini pozma maddələri ilə cinayət işi açılıb.

Ukrayna ordusunun əks hücumu nəticəsində işğalçılardan azad edilən ərazilərdən isə dəhşətli görüntülər gəlməkdə davam edir. Ukrayna mediasında paylaşılan görüntülərdə Kiyev vilayətinin Buça, İrpen və Qostomel şəhərlərində kütləvi dağıntıların olduğu, yüzlərlə insanın öldürüldüyü əks olunub.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya hərbçiləri Buça, İrpen və Qostomel şəhərlərində yerli əhaliyə qarşı soyqırım törədiblər.

***
Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.
Bu barəd Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığı xəbər verib.
Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır,
"Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır", - məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya qoşunlarının sıradan çıxarılmış texnikasının fotolarını da nümayiş etdiriblər.
Rusiya qoşunları Ukraynanın Sumı vilayətini də tərk edir.  Bu barədə Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski bildirib.
O, Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb.
"Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə etdik. Yeni hərbi karvanlar daxil olub, onlar vilayətdə, icmalarda terrorla məşğul olublar, dinc əhaliyə atəş açıblar, meşələri, evləri, küçələri tanklardan, qumbaraatanlardan atəşə tutublar”, - Jivitski deyib.

Onun sözlərinə görə, bununla belə, bu gün vilayətin azad edilməsindən danışmaq hələ tezdir, çünki təmizləmə davam edir, lakin düşmənin hərbi texnikası ərazini tərk edib.
"Artilleriyamız yetişirdi. Onlar dağılmış tankları, dağılmış texnikanı sürüyürdülər, bütün bunlar sadəcə olaraq onların çatışmazlıqlarını ört-basdır etmələri ilə bağlı idi", - o əlavə edib.
Bu arada son bir həftədə Odessaya Qara dənizdən və Rusiyanın ilhaq etdiyi Krımdan raket və pilotsuz uçuş aparatlarının hücumları daha da genişlənib.

Krımın, təxminən, 300 kilometrliyində yerləşən Odessaya son günlər raket hücumlarının sayının artması xüsusilə Rusiya qoşunlarının Ukraynanın Kiyev, Çerniqov və Sumı istiqamətində geri oturdulması fonunda baş verir. Bu səbəbdən şəhərin istər havadan, istərsə də qurudan müdafiəsi son günlər dəfələrlə gücləndirilib. Gün ərzində ən azı 3 dəfə həyəcan siqnalı verilən Odessanın küçələri və yolları ciddi müdafiə istehkamına çevrilib. Buna baxmayaraq, Rusiya raket hücumlarını davam etdirir. Bunlar arasında ağır "İskender M" raketləri də müşahidə olunur. Onların böyük əksəriyyəti Ukrayna Hava Hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilir.


 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.