“ABŞ və müttəfiqləri ağır hərbi texnika verməklə, Ukraynaya yardımı artırmalıdır”. “AzPolitika.info” xəbər verir ki, bunu NATO-nun sabiq Baş katibi Uesli Klark CNN-ə açıqlamasında söyləyib.
Klark bildirib ki, Putin özünü yalnız Ukraynanı işğal etmək istəyirmiş kimi göstərsə də, onun məqsədləri daha genişdir: “O, Ukraynanı istəyir. O, Baltika ölkələrini istəyir. O, bütünlükdə Şərqi Avropanı nəzarəti altına götürmək istəyir. O, NATO-nu dağıtmaq və ABŞ-ın getməsini istəyir”.Sabiq NATO rəhbəri bildirib ki, ABŞ hər zaman “döyüşməyə hazır olmayan” ölkələrə kömək etdiyi halda, Ukrayna onlardan seçilir. Onun sözlərinə görə, bacarıqlarına görə Ukrayna ordusu ABŞ ordusuna çox yaxındır: “Onlar texniki baxımdan bizim qədər yaxşıdırlar. Biz onlara müasir silahlarımızı veririk və onlar bu silahlardan günün 24 saatında istifadə edə bilirlər”.
Klark hesab edir ki, Rusiya ordusu Dnepri almağı və Ukrayna Silahlı Qüvvələrini mühasirəyə salmağı düşünür. Lakin Kremlin planlarının həyata keçməməsi və Ukraynanın qələbəsi üçün NATO indikindən daha çox işlər görməlidir. Hətta Ukraynaya qırıcı təyyarələr belə verməlidir: “Bu hücumun qarşısını almaq üçün indikindən daha çox yardım – ağır hərbi texnika lazımdır. “Javelin”-lər, “Stinger”-lər yox, onlar şəhərləri qorumağa yarayırlar. Onlara tanklar, mobil artileriya qurğuları, çoxlu sayda mərmilər, yanacaq, təmir lazımdır. Bütün bunlar NATO-dakı müttəfiqlərdə var. Ukrayna sadəcə, cari döyüş meydanıdır. Ukraynalılar bu döyüş meydanında Rusiyaya qalib gəlsələr, hər şey dəyişəcək. Ona görə də NATO-nu və beynəlxalq sistemi qorumağın ən yaxşı yolu Ukraynaya lazım olan köməyi göstərməkdir, hansı ki, bununla o, döyüş meydanında Rusiyaya qalib gələ bilsin”.“AzPolitika.info”