Ötən ilin sonlarından Ankara və Yerevan arasında başlamış "normallaşma prosesi"ndə xüsusi təmsilçilərin təyini, Ermənistanda türk məhsullarına qoyulmuş embarqonun aradan qaldırılması və iki ölkə arasında müntəzəm uçuşlara icazə verilməsi ilə müşaiyət olunan hərəkətlilik fevralın sonlarından durğunluqla əvəz olunub.
Son bir ayda Rusiya-Ukrayna müharibəsinə fokuslanmış rəsmi Ankaranın xarici siyasətində "Ermənistanla normallaşma prosesi", sanki kölgədə qalıb.
Martın 25-də NATO-nun fövqəladə sammiti çərçivəsində baş tutan Türkiyə və Fransa prezidentlərinin görüşünə dair verilən birgə yazılı açıqlamada bildirilib ki, "Tərəflər Ukraynadakı müharibənin [Cənubi Qafqaz] bölgədə sabitliyi pozacaq təsirlərinin qarşısını almağa çalışır".
Türkiyənin Ermənistanla sərhəd bölgəsi olan Şərqi Anadolunun iş dünyasında bir ay əvvəl müşahidə edilən canlanma indi hiss olunmur.
İqdır Ticarət Odasının rəhbəri Kamil Arslan BBC News Azərbaycancaya deyib ki, sərhədlərin açılacağı ilə bağlı bir ay əvvəlki gözləntiləri yoxdur.
Siyasi ekspertlərin fikrincə, Qarabağ münaqişəsi faktorunda "açar rola" sahib olan Rusiya, Ukrayna ilə müharibə səbəbindən Qafqazdan müvəqqəti uzaqlaşmış kimi görünsə də, Ankara və Yerevan mümkün risklərdən qaçmaq üçün təmasları azaltmağa üstünlük verirlər.
Bəzi ekspertlərə görə, Azərbaycan ordusunun Qarabağın Fərrux kəndində nəzarəti təmin etməsi ilə müşaiyət olunan gərginlik də "normallaşma prosesi"nin tempinə təsir edib.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bir çox əraziyə nəzarətini bərpa etsə də, etnik ermənilərin yaşadığı Fərrux kəndi Rusiya sülhməramlılarının məsuliyyət zonasında idi.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu A Haber kanalına verdiyi müsahibədə deyib ki, 24 fevralda Vyanada görüşən Türkiyə və Ermənistan üzrə xüsusi təmsilçilər telefonla mütamadi təmaslarını davam etdirirlər.
Cənab Çavuşoğlu "inam artırmaq üçün" iki ölkə arasında təyyarə səfərlərinin başlanmasına icazə verildiyini deyib. Mevlüt Çavuşoğlu əlavə edib ki, hazırki mərhələdə avtomobil və dəmir yolu ilə bağlı məsələlər ətraflı işlənilir.
"Azərbaycanla məsləhətləşmədən bizim radikal mövzularda addım atmağımız mümkün deyil. Bu, bir ilkin şərt də deyil. Bu, işin xarakteridir,"- Türkiyə XİN rəhbəri deyib.
Xarici siyasət məsələləri üzrə ekspert, Orta Şərq Texniki Universitetinin professoru Oktay Tanrısever hesab edir ki, həm Zəngəzur Dəhlizi, həm də son günlərdə Qarabağ bölgəsində müşahidə olunan gərginlik nəzarətdən çıxarsa, bu, Ermənistanla normallaşma prosesində olan Türkiyənin davranışlarına da "təsir edə bilər".
"Risk Azərbaycanla Ermənistan arasında baş vermiş son münaqişədən qaynaqlanır. Yoxsa ki, Türkiyə ilə Ermənistan diplomatik əlaqələri qurmaq və sərhədləri açmaq məsələsində qərarlı görünür," - BBC News Azərbaycancaya müsahibəsində ekspert deyib.
Bununla belə, cənab Tanrısever Türkiyə-Ermənistan normallaşma prosesinin "uğurla davam etdiyi" qənaətindədir.
Professor Tanrısever deyir ki, Türkiyə və Ermənistan hökumətlərinin az müddətdə İstanbul-Yerevan təyyarə səfərlərinə icazə verməsi qərarı bölgənin biznes dairələrində sərhədlərin açılacağı ilə bağlı ümidlər yaratsa da, bunun qısa müddətdə baş verməsi "mümkün deyil".
Ekspertin fikrincə, tərəflərin sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı qərarı "ilin sonuna doğru" verilə bilər.
İstanbulda erməni dilində nəşr olunan gündəlik "Jamanak" qəzetinin baş redaktoru Ara Koçunyana görə, "normallaşma prosesi"nə qapı açan İkinci Qarabağ müharibəsinin bitməsi olsa da, bu müharibədə atəşkəsin Rusiyanın vasitəçiliyi ilə təmin edilməsi və bölgədə rus sülhməramlı qüvvələrin mövcudluğu kimi faktorlar Ankaranın prosesi faktiki olaraq "yavaşlatması, axsatmasına səbəb ola biləcək" amillərdəndir.
"Onsuz da rəsmi təmsilçilərin təyin olunması ilə son normallaşma prosesi başlayanda, əvvəlki danışıqlarla bağlı təcrübələrdən budəfəki normallaşma prosesinin sürətli irəliləməyəcəyi məlum idi. Ukrayna müharibəsi bölgəyə Rusiyanın təsir dairələri mövzusunda geniş sual yaratmışdı. Bu səbəbdən Ukrayna müharibəsi "normallaşma prosesi"nin dayandırılmasına səbəb olmasa da, bəllidir ki, bölgədəki gedişat bu proseslərə mənfi təsirlər göstərəcək," - BBC News Azərbaycancaya müsahibəsində cənab Koçunyan deyib.
"Normallaşma arayışında olan Türkiyə və Ermənistanın sərhədində Rusiya hərbi bazasının mövcudluğu nəzərə alındığında, təkrar düşünmək, gözləmək zərurəti yaradacaq yeni durumların olduğunu görə bilərik,"- Ara Koçunyan bildirib.
Cənab Koçunyan düşünür ki, Rusiya faktoru önəmli olsa da, normallaşma prosesinin açarı Rusiyanın yox, əksinə, Türkiyənin əlindədir.
Ara Koçunyanın fikrincə, Ankara, Ermənistanla əlaqələri Rusiya ilə əlaqələrin "alt başlığı kimi görür".
"Türkiyənin əsas mövqeyini necə dəyərləndirib istifadə edəcəyi, aparıcı mövqe ilə bölgədəki balanslara hansı istiqamətdə və hansı prioritetlərlə ağırlıq vermək istəməsi - bu tamamilə Türkiyənin seçimidir. Son 30 ildir, Sovet sonrası dönəmdə gördüyümüz Türkiyə, keçmiş Sovet coğrafiyasına aid bütün prosesləri, özəlliklə Ermənistanla normallaşma prosesini və Ermənistanla əlaqələrini daha çox Rusiya ilə əlaqələrinin "bir alt başlığı kimi qəbul edir". Çünki Türkiyənin Ermənistanla sərhədində Rusiyanın əsgərləri durur".
Türk-Erməni İş Adamları Şurasından (TABDC) Noyan Soyakın sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesində müşahidə olunan yavaş temp "gözlənilən idi".
"Sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması kimi məsələlər haqqında qısa müddətdə qərar verilə bilməz", deyən TABDC təmsilçisi hesab edir ki, bütün dünyanın əsas probleminin Rusiya-Ukrayna müharibəsinin olduğu bir vaxtda əsas məqsəd bu müharibənin sərhədləri içərisində qalmasıdır.
"Ukrayna-Rusiya müharibəsi bölgədəki bütün balansı pozdu. Ukraynadan sonra Qafqazda da gərginliyin artmasına kimsənin dözümü yoxdur. Ona görə də gərginliyi azaldacaq ehtiyat tədbirləri ilə ordakı [Qarabağda] davamlı sülh mümkün qədər tez təmin olunmalıdır. Azərbaycanla Ermənistan arasındakı demarkasiya proseduru, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin düzəldilməsi mümkün qədər tez həll edilib bitməlidir. Çünki orda [Qarabağda] bir gərginlik artışı bu müharibənin yayılması deməkdir," - Noyan Soyak əlavə edib.
"Sərhədlərin açılması ilə bağlı bir ay əvvəlki gözləntimiz yoxdur. Anlaşılır ki, normallaşma prosesində "açar tərəf" olan Rusiyanın müharibə şəraitində olmasına görə, Ermənistan və Türkiyə bu məsələni müvəqqəti rəfə qaldırıblar," - İqdır Ticarət Odasının rəhbəri Kamil Arslan BBC News Azərbaycancaya deyib.
İqdır, Türkiyə ilə Ermənistanı avtomobil yolu ilə birləşdirən Alican sərhəd keçid-məntəqəsinə sahibdir.
Diplomatik-siyasi danışıqlar ara versə də, hökumətin bölgədə infrastrukturun yaradılması məqsədi ilə fəaliyyəti davam etməkdədir.
Kamil Arslan deyib ki, Ermənistanla sərhədə yaxın çevrələrdə yolların genişləndirilməsinə hazırlıq görülür. Türkiyə Avtomobil Yolları Baş İdarəsi iki həftə öncə sərhədə yaxın ərazilərdə torpaq sahələrini ölçüb. "Zamanla bu torpaq sahələri dövlət tərəfindən sahiblərindən alınaraq sərhəd qapısına gedən yolların genişləndirilməsi üçün istifadə ediləcək," - Kamil Arslan əlavə edib.