PEYK TƏSVİRLƏRİ RUSİYANI İFŞA EDİR – Buça qətliamı həftələr əvvəl törədilib (VİDEO+FOTOLAR)

5-04-2022, 13:57   




Rusiya əsgərlərinin Kiyev vilayətinə daxil olan Buça şəhərində törətdiyi kütləvi qətliam dünyada böyük rezonansa səbəb olub.
Dünya mediası bir neçə gündür soyqırım görüntülərini manşet xəbərlərdə təqdim edir. Dəhşətli kadrlar Qərb ölkələri liderlərini də hərəkətə keçirib.
ABŞ Prezidenti Co Bayden Kreml rəhbəri Vladimir Putini hərbi cani adlandırıb. Fransa Prezidenti Emmanuel Makron isə Rusiya siyasi rəhbərliyinin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməli olduğunu bəyan edib. Ancaq Rusiya israrla ittihamları rədd edir, bunu Ukraynanın “provokasiyası” hesab edir. Dünən xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəszilik Şurasının təcili iclasının çağırılmasını istəyib, amma Böyük Britaniya bu xahişi rədd edib. 
“The New York Times”-ın Buça şəhərindən yaydığı peyk görüntüləri isə meyitlərin guya Rusiya əsgərləri çıxandan sonra peyda olması iddialarını yalanlayır. Qəzetdə dərc olunan məqalədə deyilir ki, Buçada dinc sakinlərin çoxunun meyiti üç həftədən çoxuydu küçələrdə idi. Həmin günlərdə şəhər Rusiya ordusunun nəzarətində olub.



Yerli şura üzvünün aprelin 1-də çəkdiyi videoda Buçada Yablonska küçəsində çoxsaylı meyitlər görünür. “The Times”-ın ABŞ-ın “Maxar Technologies” şirkətindən əldə etdiyi təsvirlər göstərir ki, meyitlərin azı 11-i martın 11-dən küçələrdə idi. Qəzetin vizual təhqiqatlar komandası dinc sakinlərin nə vaxt öldürüldüyünü araşdırmaq üçün peyk təsvirlərini təhlil edib. 9-11 mart tarixlərində Yablonska küçəsində insan bədəni boyda qara obyektlər görünür. Ukrayna qüvvələri Buçanı yenidən nəzarətə alandan sonra, aprelin 1-də yayılmış videoda da meyitlərin aşkarlandığı bildirilən eyni yerdə həmin qara obyektlər var. Təhlil həmin obyektlərin üç həftədən çox müddət ərzində həmin mövqedə qaldığını göstərib. Bəzi meyitlər tərk edilmiş avtomobillərin, bəziləri velosipedlərin yanındadır, bəzilərinin əlləri ağ dəsmalla arxadan bağlanıb. Yablonska küçəsindən çəkilmiş videoda üç cəsəd var. Peyk təsvirləri həmin meyitlərin martın 20-21-də həmin ərazilərdə olduğunu göstərib. “The Associated Press” ofis binasının arxasında azı altı meyitin fotolarını yayıb, bəzilərinin əlləri arxadan bağlanıb. Bu bina Yablonska küçəsindən 1,6 km qərbdə yerləşir.
ABŞ-ın aparıcı müdafiə rəsmisi “Reuters”ə bildirib ki, Ukraynanın bu haqda məlumatlarını mübahisələndirmək üçün heç bir səbəbi yoxdur. “Sizin gördüyünüz fotoları biz də görürük. Bu aşkar, dərin narahatlıq yaradan qətllərlə bağlı Ukraynanın iddialarını təkzib etməyə səbəbimiz yoxdur. Pentaqon bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilmir, amma onları təkzib edəcək mövqedə də deyilik”, – adının çəkilməsini istəməyən rəsmi şəxs vurğulayıb. 

Politoloq Ərəstun Oruclu bildirir ki, "New York Times" qəzeti peyk vasitəsilə çəkilmiş çoxsaylı fotoları təhlil edərək faktlarla sübut edir ki, Buça şəhərində qətlə yetirilmiş insanların cəsədləri həftələrlə küçələrdə qalıb: "Odur ki, Buçada qətliamı kimin törətdiyi artıq müzakirə predmeti deyil. Lavrovun və onun diplomatlarının qətlləri ukraynalıların törətdiyi barədə sərsəm və həyasız iddiaları isə yalnız rus-sovet diplomatiyasının dəyişməz qaldığını göstərir. 1960-cı illərin əvvəllərində dünyanı nüvə müharibəsi astanasına gətirib çıxaran Karib böhranı zamanı da belə olmuşdu. Xatırladım ki, o zaman qarşıdurmanın səbəbi SSRİ-nin Kubaya nüvə başlığı daşıyan raketləri gizlin yerləşdirməsi olmuşdu. ABŞ diplomatları kəşfiyyat təyyarələrinin çəkdiyi fotolarda Kubada sovet raketlərinin olmasının çoxsaylı sübutlarını ortaya qoysalar da, sovet diplomatiyası israrla bunun yalan olduğunu iddia edirdi. Nəticə az qala nüvə savaşı olacaqdı.
Bu gün Rusiya diplomatiyası eyni üsuldan istifadə etmək istəyir. 60 il əvvəl hələ texnologiyaların indiki səviyyədə olmadığı dövrdə keçməyən həyasızlığı İndiki imkanlar şəraitində yenidən sınayırlar. Sadə bir həqiqəti anlamaq istəmirlər ki, əgər adi bir qəzet əlində olan məhdud imkanlar vasitəsilə onların cinayətini sübut edirsə, gör onda kəşfiyyat qurumları nələri ortaya çıxaracaqlar".


Vaqif Nəsibov
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.