Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşündə "aprelin sonunadək Birgə Sərhəd Komissiyası çağırılması" və "xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlaması üzərində işləməyin tapşırılması" barədə razılıq əldə olunub.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel (Şarl Mişel) azı 4 saat davam etmiş görüşdən sonra jurnalistlərə bildirib.
O deyib ki, Cənubi Qafqazda "sabitlik, təhlükəsizlik, rifah Avropa İttifaqı üçün son dərəcə mühümdür", ona görə bütün səyləri, etimad yaratma tətbirlərini dəstəkləyirlər: "Bu gecə böyük irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başalamağa və mümkün sülh sazişini hazırlamağa, bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik".
Charles Michel-in görüşdən sonra yaydığı bəyanatda deyib ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası "vacib olacaq".
"Bu məqsədlə aprelin sonunadək 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının çağrılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
Charles Michel jurnalistlərə açıqlamasında da vurğulayıb ki, növbəti həftələrdə bu istiqamətdə əldə olunmuş "tərəqqini nəzərdə keçirmək üçün" onların arasında "güclü kommunikasiya və koordinasiya" olacaq.
Avropa İttifaqı Şurasının prezidenti sülh sazişinin nə vaxt imzalanacağını "proqnozlaşdırmaqda çətinlik çəkdiyini" deyib, amma əlavə edib ki, "proses artıq başlayıb".
"Dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüşdə hiss etdim ki, maraqlı bir adddım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, proritetləri, hər iki tərəf üşün həssas olan məsələləri daha yaxşı anlamağa meyilli idilər, bu, birinci vacib element idi," - Charles Michel deyib.
O bilirib ki, hər iki tərəfdə olan çətinlikləri istisna etmir, lakin onun fikrincə, irəliləyişə nail olmaq və əməkdaşlıq etmək, proritetləri, birlikdə ata biləcəkləri addımları müəyyən etmək üçün "ortaq iradə var".
Onun görüşdən sonra yaydığı bəyanatında da qeyd edilir ki, Azərbaycan və Ermənistan liderləri 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Macron-la video-konfransdan sonra baş verənləri nəzərdən keçirərək götürülmüş öhdəliklərin icrasına baxıblar.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar və son zamanlarda bəhs edilən gərginliyi müzakirə ediblər.
Onlar 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların adekvat davamını təmin etmək üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan liderləri Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını da müzakirə ediblər.
Prezident Michel qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsini insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementi adlandırıb. O, Aİ-nin bu məsələdə məsləhət və dəstək verməyə hazır olduğunu bir daha vurğulayıb, bəyanatda qeyd edilir.
Charles Michel Azərbaycan və Ermənistan liderləri ilə görüşü "konkret və nəzərəçarpacaq nəticəli məhsuldar axşam" adlandırıb.
O bu barədə tvitində "bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyi"ni xatırladıb.
Bakı vaxtilə axşam saat 9-da başlayan görüş azı dörd saat çəkib.
Bu gün görüşdən qabaq Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrılıqda təkbətək görüşüb. Təkbətək görüşdə Prezident İlham Əliyev bugünkü üçtərəfli görüşün "nəticəyönümlü olacağına ümidvar" olduğunu deyib, president.az saytı yazır.
Nikol Paşinyan isə təkbətək görüşdə Qarabağın ermənilər yaşayan ərazilərindəki vəziyyətdən, humanitar məsələlərdən danışıb, Ermənistan mediası yazır.