Rusiya Polşanın 45 diplomatını ölkədən çıxaracağını bəyan edib
9-04-2022, 09:42
Print
Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moskvadakı səfirliyinin, İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluğunun 45 əməkdaşının ölkədən çıxarıldığını bildirib. "Persona non-grata" elan edilən diplomatlar aprelin 13-nə qədər Rusiyanı tərk etməlidirlər. Görülən tədbirlər Moskvanın Varşavanın bənzər hərəkətlərinə cavabıdır. Rusiya Xarici İşlər Nazirliyində Polşa səfiri Kşiştof Krayevskiyə 45 rusiyalı diplomatın "persona non-grata" elan edilməsi ilə bağlı etiraz bildirilib. "Səfirə bildirilib ki, biz bu addımı Varşavanın ikitərəfli münasibətləri birdəfəlik məhv etmək niyyətinin təsdiqi kimi qiymətləndiririk. Bunun üçün məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür" - deyə, nazirlik bildirib. Martın 23-də Polşanın Daxili Təhlükəsizlik Agentliyi ya Rusiya kəşfiyyat xidmətlərində işlədiyinə ya da onlarla əlaqəsi olduğuna inandığı 45 rusiyalı diplomatın siyahısını tərtib etdiyini açıqlayıb. Daxili Təhlükəsizlik Agentliyinin başçısı onların ölkədən çıxarılmasını tələb edib. Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. O, casusluq ittihamı ilə 45 diplomatın ölkədən çıxarılması tələbi ilə nota aldığını təsdiqləyib.