Gözlənilməyən bir qətliamın tarixçəsi – hər kəsi yanıldan savaş

11-04-2022, 08:25   


77 ildən sonra Avropada başlayan ən böyük müharibə hələlik gözləntilərin puç olmasıyla yadda qalır. Yanılmalar xirtdəkdəndir.
Puç olmuş gözləntilərə görə ən böyük məyusluğu Rusiya rəhbərliyi yaşayır. Ukraynanı 2-3 günə ram edəcəyini, paytaxt Kiyevi işğal edərək işi bitirəcəyini düşünən Kreml strateqləri, budur, 46 gündür çabalayır.
Rusiya generallarının və əsgərlərinin gözləntisi də doğrulmayıb, hətta umulanın tam əksi olan durum yaranıb. Ukraynada gül-çiçəklə qarşılanacaqlarını düşünən və buna inanan rus hərbçilər güllə ilə qarşılandılar və 46 gün ərzində verdikləri itki 10 illik Əfqanstan müharibəsinin itkilərindən çox oldu. Öldürülən generalların və polkovniklərin sayı da indiyədək heç vaxt olmadığı qədərdir.
Ukrayna rəhbərliyinin gözləntisi elə fevralın 24-də, müharibə başlayan gün doğrulmadı. Ona qədər onlar böyük ümidlə müharibənin başlamayacağını, Rusiyanın belə bir məşum səhvə qol qoymayacağını düşünürdülər. Ancaq üstlərinə yağan güllədən, raketlərdən, partlayan mərmilərdən sonra anladılar: Moskva göz yaşlarına nəinki inanmayacaq, heç məhəl də qoymayacaq.
Qardaş gülləsinə tuş gələn Ukrayna xalqı isə müharibəninin ilk başladığı həftədə gözləyirdi ki, qardaş rus xalqı ayağa qalxıb öz sözünü deyəcək, “Kremldə oturan, xalqın iradəsindən bixəbər rəhbərləri ayıldacaq”, onları geriyə addım atmağa vadar edəcək. Olmadı, “qardaş rus xalqı” ayağa qalxaraq, hücum əmri vermiş prezident Putinə tam dəstək verdi. Bir neçə min müharibə əleyhdarı ortaya çıxsa da, onları tutub təcridxanaya doldurdular. Rəy sorğuları Putinin reytinqinin 70+-dan 80+-a qalxdığını göstərdi.
Qüdrətli Avropa dövlətlərinin astagəl və demokrat rəhbərlərinin yanılması daha böyük oldu. Onlar da ruslar kimi, Ukraynanın bir neçə günə təslim olacağını, Kiyevin süqut edəcəyini gözləyirdilər, amma prezident Zelenskinin və yerli hərbçilərin, eləcə də xalqın dirənişini gördükdən sonra vəziyyəti düzəltmək üçün əməli addımlar atmağa başladılar – fəqət yenə də bir gözləri Rusiyada qala-qala, ehtiyat edə-edə. Onların içində qorxmayan, prinsipial siyasət yerindən yalnız Böyük Britaniyanın baş naziri Boris Conson oldu.
Bu arada gözləntisi doğrulan, əsas proqnozu düz çıxan yeganə ölkə ABŞ-dır. Hələ müharibədən 10, 7, 5, 3 gün əvvəl Rusiyanın Ukraynaya mütləq hücum edəcəyini təkrar-təkra deyən prezident Bayden fevralın 24-də ölkəsinin xarici kəşfiyyat xidmətinin nə dərəcədə effektiv işlədiyinə bir daha əmin oldu. Amma o da Ukraynanın bu qədər mətanət göstərəcəyini gözləmirdi.

Rusiyalı milyarderlər də gözləmirdilər ki, yeni hərbi kampaniya onları bu cür çətin duruma salacaq, bank hesabları donduralacaq, mülklərinə həbs qoyulacaq, restorana, xadiməyə ödəməyə pulları qalmayacaq. Avropanın göbəyində krallar kimi yaşaya-yaşaya “Qərb demokratiyası”nı söyən bu şəxslər bir neçə günün içində avropalıların sifətindəki növbətçi təbəssümün yerini qıcanmış dişlərin aldığını gördülər.
Rusiyanın ətrafındakı kiçik dövlətlər gözləmirdilər ki, bu dövlətə tətbiq olunan sanksiyalar bu qədər qlobal, hərtərəfli, geniş miqyaslı səciyyə daşıyacaq və Qərb onları seçim qarşısında qoyacaq. Ona görə də bu dövlətlərin bəziləri “rus ayısı”nın pəncəsinin tuta biləcəyi məsafədə olduqlarını nəzərə alaraq ehtiyatlı hərəkətlər etməyə məcbur oldular. Vaxtilə “rus qapazı” görmüş Macarıstan və Gürcüstan isə daha qorxaq davrandılar. Onlara baxanda Polşa, Litva, Latviya özlərini daha ləyaqətli apardılar, aqressora barmaq tuşladılar.
Azərbaycan və Türkiyə Rusiya ilə kəllə-kəlləyə gəlmədən Ukrayna xalqına qardaşlıq əlini uzatdı. Ermənistan rusların tərəfində Ukraynaya qarşı vuruşmaq üçün muzdlu döyüşçü, hərbi texnika göndərərkən, rəsmi Bakı Ukrayna xalqına tonlarla humanitar yardım yolladı. Bunu nə Şimalda, nə də Qərbdə heç kim gözləmirdi, amma bu, hər kəsin normal qarşılamağa məcbur olduğu addım idi.
Azərbaycan hakimiyyəti dövlət mənafeyini üstün tutaraq ehtiyatlı siyasi xətt yeridərkən, Azərbaycan xalqı əksəriyyət etibarilə döyüşənlərdən hansının tərəfində olduğunu açıq şəkildə büruzə verdi. Bu, xeyli dərəcədə gözlənilən idi. Özü 30 ildən bəri xarici aqressorun hərbi təcavüzünün, işğalçılıq siyasətinin, törədilən qətliamların qurbanı olan xalq heç vəchlə işğalçının, mülki insanları qırıb-çatan hərbçilərin tərəfində ola bilməzdi.
Ən qəribəsi odur ki, NATO-nun savaşa birbaşa qatılacağını gözləyənlər də yanıldılar, qatılmayacağını düşünənlər də. Bütün çağırışlara baxmayaraq NATO Ukraynaya hərbi qüvvə göndərmədi, ölkənin səmasında hərbi təyyarələrlə patrulluq etmədi. Əvəzində NATO Ukraynaya kifayət qədər modern hərbi texnika, silah-sursat verdi və Rusiya ordusunun irəliləməsi, böyük tələfat verərək geri çəkilməsi bunun sayəsində oldu. Sadəcə, ukraynalılar ruslarla NATO silahları ilə vuruşdular.
Daha bir gözlənilməzlik Buça və Mariupolda törədilən qətliamlarla bağlıdır. Belə bir cinayətə yol veriləcəyini nə ukraynalılar, nə avropalılar, nə də Rusiya gözləmirdi. Bəli, bu, hadisə Rusiya rəhbərliyi üçün gözlənilməzdir. Elə ona görə də Kreml qətliama dair gerçəklərin üzə çıxmasına hazırlıqsız yaxalandı, çaşqın vəziyyətə düşdü, nə izahat verəcəyini, hansı qərar qəbul edəcəyini bilmədi. Böyük ehtimalla bu qətliam Rusiya rəhbərliyinin birbaşa göstərişi ilə törədilməyib, çılğın müqavimətlə üzləşmiş rus zabitlərin və əsgərlərin müharibə psixozuna qapılmasının nəticəsi olub, onlar şir kimi döyüşən ukraynalı hərbçilərin qisasını əliyalın mülki insanlardan alıblar.
Bu hadisənin üstü açılanda RF rəhbərliyi hərbi cinayət törədənlərdən 15-20 nəfərini dərhal həbs etsəydi, dünya birliyinin qınağından müəyyən qədər qurtula bilərdi. Bu qədərinə generalitetin ağlı çatmadı, onlar cinayəti tamamilə inkar, caniləri müdafiə etdilər və avtomatik olaraq onun müəllifinə çevrildilər. Buça cinayətini inkar etmək isə mümkün deyil. Ortada min bir dəlil-sübut, hətta peyk çəkilişləri var.

İndi əminliklə demək olar ki, Ukraynada törədilən hərbi cinayətlərin sanksiyası birbaşa Moskvadan gəlir. Artıq aşağı ranqlı hərbçilər bilirlər ki, onların özlərini hərb meydanında istədikləri kimi aparmalarının yüksək səviyyədə rüsxəti var.
Görək, bu mənasız savaşın mabədində daha hansı gözlənilməzliklərlə üzləşəcəyik. Könül istər ki, elə bu günlərdə bu müharibə gözlənilmədən sona çataydı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.