Azərbaycan yeni “Laçın dəhlizi” açır. Qarabağdakı ermənilərin Ermənistana gediş-gəlişini təmin edəcək yeni yolun yaxın günlərdə istifadəyə veriləcəyi deyilir. Uzun müddətdir ermənilərin işğalında və istifadəsində olan məşhur Laçın dəhlizinə isə Azərbaycan postları qoyulacaq. Üstəlik, Zəngəzur dəhlizinin də açılacağı gerçəkləşəcək. Azərbaycan Ermənistanın sülh müqaviləsini gecikdirməsi fonunda alternativ dəhlizlər tikib istifadəyə verir.
Bundan əvvəl də İran üzərindən dəhliz razılaşması əldə olunub. Ermənistan istəsə də Azərbaycanın Qarabağla bağlı quruculuq işlərini, Azərbaycanı böyütməsi projesini əngəlləyə bilmir, bilməyəcək. Bu dəhlizlər Azərbaycanı beynəlxalq logistika sisteminə qoşacaq. Xüsusilə də Zəngəzur dəhlizi adlanan bu proje ölkəmizi Asiyanın qüdrətli ölkələrinin iqtisadi damarlarına qoşacaq, böyük bazarlarına çıxaracaq. Həmçinin bu dəhliz Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artıracaq. Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın arasında qapı olacaq. Enerji və yük daşımaları Azərbaycan üzərindən gerçəkləşəcək. Bəs yeni “Laçın dəhlizi”nin işə salınması və hazırda işlək olan Laçın dəhlizinin tam nəzarətimizə keçməsinin hansı əhəmiyyəti olacaq?
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycan Cənubi Qafqazda postmünaqişə dövrünün reallıqlarına uyğun addımlar atmağa və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə töhfə verə biləcək işlər görməyə çalışır. Bu istiqamətdə bir çox addımlar həyata keçirilib: “Xüsusilə mən Ermənistanla Azərbaycan arasında Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, sülh danışıqlarını aparacaq sərhədlərin delimitasiya və demarkasiyasını, eyni zamanda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını, qarşılıqlı inam və etimad mühitinin formalaşdırılmasını qeyd etmək istəyirəm. Bu istiqamətdə təəssüf ki, ötən müddət ərzində Ermənistan tərəfindən müxtəlif platformalarda ayrı-ayrı vaxtlarda öhdəliklər götürülsə də, vədlər verilsə də praktiki real addımların atılması müşahidə olunmayıb. Amma buna baxmayaraq, Azərbaycan tərəfi 10 noyabr bəyanatında öz əksini tapan Laçın şəhərindən keçməklə Ermənistanın Qarabağda yaşayan ermənilərlə sərbəst təmasını təşkil edən Laçın dəhlizinin yeni hissədən çəkilməsi istiqamətində sürətli işlər həyata keçirib. Yaxın günlərdə Laçın şəhərini əhatə edən köhnə Laçın dəhlizi başqa ərazidən keçən yeni yolla əvəz ediləcək”.
Ekspert qeyd etdi ki, bu yol Laçın şəhərinin içindən keçməyəcək. Bu yolun Azərbaycan dövlətinə, Azərbaycan-Ermənistan münasibətlərinə bir çox istiqamətdə təsirləri olacaq: “Birincisi, bu, Laçın şəhərinin tam Azərbaycan dövlətinin suverenliyi və nəzarəti altına keçməsini təmin etmiş olacaq. Nəticə etibarilə çox mühüm strateji, həm də iqtisadi, mənəvi əhəmiyyət daşıyan Laçın şəhəri dəhliz statusunu itirəcək və Azərbaycan dövlətinin tam nəzarəti altına keçəcək. Digər tərəfdən, burada mühüm məqamlardan biri Azərbaycan dövlətinin bu günə qədər üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığı kimi bu addıma da nə qədər ciddi və əhəmiyyət verdiyini göstərmiş olacaq və bu, real nümunəyə çevriləcək. Eyni zamanda nəticə etibarilə biz Laçın şəhərindən keçən hazırkı Laçın dəhlizi adlanan yola gömrük postları quraşdırmaqla digər dəhlizə, əgər Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, gömrük postları quraşdırmaqla tam nəzarəti ələ ala biləcəyimizi nümayiş etdirmək imkanı qazanmış olacağıq. Həmçinin Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı Ermənistana çox tutarlı bir təzyiq aləti əldə etmiş olacağıq. Bununla da Laçın dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsində işlərin görülməsini Azərbaycana qarşı təzyiq alətinə çevirmə imkanlarını İrəvanın əlindən tam almış olacağıq. Digər tərəfdən, bu, mühüm bir ticarət xəttinin-orta xəttin perspektivini daha da artıracaq, Azərbaycan logistik mərkəzə çevriləcək. Bununla da vaxtilə simvolik olaraq Şərq və Qərbin, Cənub və Şimalın qapısı kimi adlandırılan Azərbaycan reallıqda da Şərq və Qərb arasında, eyni zamanda Şimalla-Cənub arasında dəhliz qapısına çevriləcək, ticarət qapısına çevriləcək. Azərbaycanın regional, coğrafi əhəmiyyəti dəfələrlə yüksəlmiş olacaq. Bütün bu addımlar Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və regionda baş verən proseslərə təsir imkanlarının artırılmasına xidmət edir. Azərbaycan qarşıya qoyduğu hədəflərə addım-addım yaxınlaşır”.
Etibar SEYİDAĞA,“Yeni Müsavat”