“Əvvəla, onlar döyüşmürlər”: Rusiyada Ukraynadakı rusiyalı hərbçilərə kim və niyə yardım toplayır?

12-04-2022, 10:53   


Rusiya, Ukrayna, müharibəŞƏKLİN MƏNBƏYİ,VOLGOGRAD 24/YOUTUBE

Rusiya Ukraynaya hücum edəndən sonra ölkənin müxtəlif bölgələrində rusiyalı hərbçilər üçün humanitar yardım toplamağa başlayıblar - həm yerli administrasiyaların dəstəyi, həm də sakinlərin öz təşəbbüsüylə. BBC bu işə könüllü dəstək verənlərlə söhbət edib, onlardan nə üçün bu prosesə qoşulduqlarını, Ukraynadakı müharibə haqqında nə düşündüklərini soruşub.

Bu material Rusiya qoşunlarının tərk etdikləri Buçada, o cümlədən, digər yaşayış məntəqələrində çox sayda mülki əhalinin öldürülməsi və talançılıq faktlarının aşkar edilməsindən əvvəl hazırlanıb.

Saratov vilayəti. "Bu, müharibə yox, xüsusi əməliyyatdır"

Saratov vilayətinin Novokuybışevsk şəhərində yaşayan 48 yaşlı Tatyana Plotnikova Ukraynadakı Rusiya hərbçilərinə təxminən iki həftə boyu humanitar yardım toplayıb. Bu kampaniyanı öz təşəbbüsüylə başlatdığını deyən qadın çox sayda insanın ona dəstək verdiyini bildirir:

"Mən lap əvvəldən, hərbi əməliyyatın ilk günündən bütün hadisələri izləyirdim. Çox narahat olurdum. Dostlarımın çoxunun qohumları - kiminin əri, kiminin oğlu və ya qardaşı bu əməliyyatda iştirak edir. Hamımız birlikdə onları gözləyirik. Sonra qərara gəldik ki, həm də dəstək verək".

Rusiya, Ukrayna, müharibəŞƏKLİN MƏNBƏYİ,TATYANA PLOTNIKOVA/ŞƏXSI ARXIV
Şəklin alt yazısı,Tatyana Plotnikova yardım kampaniyası təşkil etməklə rusiyalı hərbçilərə mənəvi dəstək verdiyini düşünür

Onun çağırışına qoşulan Novokuybışevsk sakinləri rus əsgərləri üçün bir "Qazel" dolusu humanitar yardım - konserv, qatılaşdırılmış süd, şirniyyat, peçenye, çay, qəhvə, şəxsi gigiyena vasitələri, köynək, corab, alt paltarı, ilk yardım ləvazimatları, adi və qazlı su toplayıblar.

Başqa ölkənin ərazisində müharibə edən hərbçilərə nə üçün kömək etməsi barədə BBC-nin sualına cavab olaraq Tatyana qətiyyətlə bildirir ki, orda baş verənlər müharibə yox, "xüsusi əməliyyatdır" və Vladimir Putinin bu haqda qərarını elə ilk gündən dəstəkləyib:

"Əvvəla, onlar vuruşmurlar. Biz müharibəyə yox, nasistləri məhv etmək üçün xüsusi əməliyyata başlamışıq (Rusiya hakimiyyəti Ukrayna ərazisindəki hərbi əməliyyatları "denasifikasiya və demilitarizasiya məqsədli xüsusi hərbi əməliyyat" adlandırırlar - BBC). Həmin millətçilər, səkkiz il Donbası atəşə tutublar. Orda da mülki əhali həlak olurdu, amma niyəsə heç vaxt heç kim bu haqda düşünməyib (Bu, müharibəyə haqq qazandıran Rusiya təbliğatının əsas motivlərindən biridir - BBC). Mülki şəxslər Rusiyadan kömək istəyəndən və Rusiya onları dəstəkləyəndən sonra niyəsə hamı deməyə başladı ki, Rusiya Ukraynaya hücum edib və əhalini öldürür".

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də - müharibə başlayan gün etdiyi çıxışında Rusiyanın Ukraynaya müdaxiləsini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa, soyqırıma məruz qalmış Donbas sakinlərini qorumaq zərurəti" ilə əsaslandırmışdı.

Amma Donbasda ölən və yaralananların statistikasını aparan müşahidəçi missiyanın (ATƏT) məlumatına görə, orada dinc sakinlər ən çox 2014-2015-ci illərdə həlak olublar, 2016-cı ildən etibarən isə mülki əhali arasında itkilərin sayı hər il azalıb. 2017-ci il yanvarın 1-dən 2020-ci ilin sentyabrına qədər ATƏT Donbassda 161 dinc sakinin öldüyünü qeydə alıb: 81 nəfər mina və digər hərbi sursatın partlaması, 77 nəfərsə atəş nəticəsində həlak olub.

BMT-nin aprelin 5-də açıqladığı məlumata görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonrakı ay yarımdan da az müddət ərzində orda azı 1480 mülki şəxs həlak olub. Ukrayna tərəfi isə bir aydan çoxdur ki, mühasirədə olan şəhərdə - təkcə Mariupolda azı 5 min nəfərin həlak olduğunu bildirir.

Plotnikova əmindir ki, Rusiya dövləti Ukraynadakı rusiyalı hərbçilərin bütün ehtiyaclarını ödəyir, onun humanitar yardım kampaniyası isə əsgərlərə mənəvi dəstək vermək üçündür.

Plotnikova gözlənilmədən onları pioner düşərgəsindəki uşaqlarla müqayisə edir:

"Məsələn, insanlar öz uşaqlarını pioner düşərgələrinə göndərirlər. Orda onlara gündə beş dəfə yemək verirlər, üstəlik, meyvə-tərəvəz də. Amma valideynlər artıq iki-üç gündən sonra narahat olurlar, şirniyyat-filan alıb onlara baş çəkməyə gedirlər. Ona görə yox ki, uşaqları orda acından ölür, ona görə ki, onları çox sevirlər və yanlarına gedib dəstək olmaq istəyirlər. Biz də bunu istəyirik".

Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya Müdafiə Nazirliyi bu müharibədə həlak olmuş rusiyalı hərbçilərin sayı haqqında cəmi iki dəfə məlumat verib: ikinci dəfə - martın 25-də nazirlik bildirib ki, Ukraynada 1351 hərbçi həlak olub, 3825 hərbçi isə yaralanıb.

Ölümü Rusiya hakimiyyəti tərəfindən təsdiqlənmiş hərbçilər arasında 2000, 2002 və 2003-cü illərdə doğulmuş əsgərlər var. Öz yerlilərinin müharibədə həlak olması xəbərini açıqlayan hakimiyyət nümayəndələri onların məktəb həyatında çox fəal olduğunu qeyd edirlər.

Martın 26-da Rusiyanın "Birinci kanal"ı Ukraynada yaralanmış bir qrup rusiyalı hərbçinin Moskva yaxınlığındakı xəstəxanada "İgidliyə görə" ordeni və "Şücaətə görə" medalıyla təltif edilməsi haqqında süjet nümayiş etdirib. Mərasimdə iştirak edən əsgərlər əlil arabalarında oturubar, əksəriyyətinin müharibədə ayaqlarını və ya pəncələrini itirdiyi görünüb.

Ukrayna da öz itkiləri barədə az məlumat verir. Martın 17-də prezident Volodimir Zelenski müharibə başlayan gündən 1300 hərbçinin həlak olduğunu deyib.

Yamal. "İndi biz hamımız eyni gəmidəyik"

Humanitar yardımla bağlı bütün statuslarını Tatyana Plotnikova #Rusiyaüçün həştəqi ilə paylaşır.

Yamal-Nenets Muxtar Dairəsinin Nadım şəhərinin sakini, 36 yaşlı İqor Zaborovski də Rusiya ordusu üçün humanitar yardım kampaniyaları təşkil edir. Amma o, paylaşımlarında "z" hərfini latın qrafikasıyla yazır: #ZaRossiyu, #ZaPopedu, #ZaPrezidenta. Zaborovskinin "Vkontakte" avatarında da böyük "Z" hərfi var.

Ukrayna, Rusiya, müharibəŞƏKLİN MƏNBƏYİ,IGOR ZABOROVSKY/ŞƏXSI ARXIVI
Şəklin alt yazısı,İqor Zaborovski Ukraynadakı Rusiya hərbçiləri üçün topladığı humanitar yardımı Novoçerkasska aparır

Rusiya hərbçiləri üçün humanitar yardım kampaniyası Yamalın 9 yaşayış məntəqəsində, o cümlədən, Nadım, Labıtnanqi və Salexardda təşkil edilib. Bu işlə ilk dəfədir ki, məşğul olduğunu deyən Zaborovski toplam 4 min ton humanitar yardım toplandığını bildirir:

"Niyə bu qərara gəldim? İndi xeyli qaçqın var, onlara çox adam kömək edir. Biz öz hərbçilərimizə dəstək vermək istədik. Düzdür, onlara da kömək olunur, amma qaçqınlara edilənlə müqayisədə bu, dəryada damladır. Ona görə də biz əsgərlərə dəstək vermək qərarına gəldik".

Martın 20-də Zaborovski yük maşınıyla Nadımdan Novoçerkasska yola düşüb. Bu şəhərə çatmaq üçün ona bir həftədən çox vaxt lazım gəlib: bir neçə dəfə avtomobilin təkərləri partlayıb, bir dəfə xarab olub və Zaborski onu təmir etdirmək üçün dayanmalı olub.

Martın 28-də Zaborovski bildirib ki, toplanmış yardım Luqanskdakı Rusiya hərbçilərinə və Rusiyanın mühasirəyə aldığı Mariupoldakı rusiyalı hərbçilərə göndərilib.

Rusiya ordusu bir aydan çoxdur ki, Ukraynanın Azov dənizindəki əsas limanı olan Mariupolu mühasirədə saxlayır. Ordan çıxa bilmiş sakinlər deyirlər ki, rusiyalı hərbçilərin gəlişindən sonra şəhərdə humanitar fəlakət vəziyyəti yaranıb: rabitə və elektrik yoxdur, ərzaq və dərman çatışmır.

Rusiya, Ukrayna, müharibəŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Bir aydan çoxdur ki, rusiyalı hərbçilər Mariupolu mühasirədə saxlayırlar və şəhərin yaşayış məntəqələrinə də atəş açırlar (Rusiya tərəfi bunu inkar edir)

Mariupolun bir hissəsinə Rusiya, digər hissəsinə Ukrayna hərbçiləri nəzarət edirlər. Şəhərdə şiddətli döyüşlər davam edir. Yerli hakimiyyət nümayəndələri Mariupolun tamam dağıdıldığını, tikililərin 90 faizinin yararsız hala düşdüyünü bildirirlər.

Rusiya, Ukrayna, müharibəŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Şəhər sakinlərinin sözlərinə görə, Mariupolun hətta küçələrində də cəsədlər var. İnsanlar ölüləri evlərin həyətlərində basdırırlar

İnkişaf Partiyasının üzvü İqor Zaborovski Nadım Dumasının deputatı, Yamalda doqquz şöbəsi olan "Liza Alert" təşkilatının regional bölməsinin yaradıcısı və rəhbəridir ("Liza Alert" itkin düşənləri axtarmaqla məşğul olan, könüllülərdən ibarət xilasetmə təşkilatıdır; şöbələri bütün Rusiyada fəaliyyət gösətrir).

Martın 23-də - artıq Novoçerkasska yola düşəndən sonra Zaborovski elan edib ki, Ukraynadakı "xüsusi əməliyyat"la bağlı "Liza Alert"in Yamal şöbəsinin rəhbərliyi və hərəkat üzvləri arasında yaranmış fikirayrılığına görə təşkilatın Yamal bölməsi öz fəaliyyətini dayandırır.

"Liza Alert"i tərk edən aktivistlər fəaliyyətlərini "Yamal" axtarış dəstəsi çərçivəsində davam edəcəklərini bildiriblər.

Daha sonra "Ura.Ru" nəşrinə açıqlama verən Zaborovski deyib ki, "Liza Alert"in rəhbərliyi şöbə rəhbərlərini neytral mövqe tutmağa və Ukraynadakı müharibəyə münasibət bildirməməyə çağırıb. Zaborovskinin sözlərinə görə, onun Rusiya hakimiyyətinə dəstək ifadə edən statusları və rusiyalı hərbçilər üçün humanitar yardım toplaması mərkəzi rəhbərliyin narazılığına səbəb olub.

"Mənim mövqeyim sadədir - xüsusi əməliyyat kimi addımların atıldığı çətin dövrdə yaşadığımız ölkəni dəstəkləməliyik, neytral qalmaq olmaz. Amma, dediyim kimi, bu mənim mövqeyimdir. Mən iliyimə qədər vətənpərvərəm və başa düşürəm ki, bu gün hamımız eyni gəmidəyik. Hamımız birləşməli, güclü olmalı, bir vahidə çevrilməliyik. Rus insanı mürəkkəb vəziyyətlərdə birləşir. Qeyd etmək istəyirəm ki, insanların çoxu məhz mənim mövqeyimdədir" - Zaborovski BBC-yə açıqlamasında belə deyib.

Fevralın 24-dən - Rusiyanın Ukraynaya hücumu başlayan gündən bu yana bütün Rusiya ərazisində müharibə əleyhinə aksiyalar davam edir. Hüquq-mühafizə orqanları bu aksiyaları dağıdır, iştirakçıları saxlayır. "OVD-İnfo"nun məlumatına görə, bütün Rusiya ərazisində ümumilikdə 15 413 nəfər saxlanılıb.

Bundan başqa, mart ayında Rusiya ordusunun fəaliyyəti haqda saxta məlumatların yayılmasına və ordunun "diskreditasiyasına" görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutan düzəlişlər qəbul edilib. Ay ərzində hərbçiləri "diskreditasiya etməyə" görə, bir çox halda isə müharibə əleyhinə sadəcə fikir bildirən (sosial şəbəkələrdəki statuslar da daxil) insanlara qarşı yüzlərlə inzibati iş açılıb.

"Aqora" hüquq müdafiəsi təşkilatının rəhbəri Pavel Çikov bildirib ki, aprelin 7-nə olan məlumata görə, Rusiyada saxta məlumatlarla bağlı yeni maddə üzrə artıq 21 cinayət işi açılıb.

Bütün Rusiya boyu. "Bizimkilər üçün"

Rusiya hərbçiləri üçün könüllü olaraq yardım toplayan təkcə Plotnikova və Zaborovski deyil. Ukraynayla həmsərhəd Belqorod və Rostov vilayətlərində də bu işi görənlər var.

Martın əvvəlində "Meduza" nəşri Belqorod yaxınlığındakı Krasnaya Yaruqa kəndində yaşayan ər-arvad Yelena və Gennadi Jukovlar haqqında yazmışdı. Müharibənin artıq ikinci günündə onlar özlərinə məxsus təsərrüfat malları mağazasında hərbçilər üçün yardımtoplama məntəqəsi açaraq yerli sakinləri bu kampaniyaya qoşulamağa dəvət ediblər. Nəşrin məlumatına görə, kənd sakinlərinin əskərlər üçün gətirdiyi şeylər arasında gigiyena vasitələri, şamlar və tutmalar da olub.

"Bizim sadəcə yazığımız gəlir. Onlar acdırlar. Yəni səfərdədirlər, ac deyillər" - Gennadi Jukov "Meduza"ya açıqlamasında belə deyib. O, toplanmış yardımı birinci dəfə sərhədə aparanda görüb ki, üst-başları palçığa bulaşmış hərbçilər texnikanı təmir etməklə məşğuldurlar. Ona görə də kənd sakinləri məntəqəyə sonradan xalça-palaz da gətiriblər ki, əskərlərin yerə salıb oturmağa da bir şeyi olsun.

BBC Jukovlar ailəsiylə əlaqə saxlamağa çalışıb, ancaq cavab ala bilməyib. Rostov vilayətində hərbçilərə yardım toplamaqla məşğul olan, "VKontakte"də bu məqsədlə xüsusi qrup yaradıb pul toplayan şəxslər də BBC-yə danışmaq istəməyiblər.

Martın 13-də "Ədalətli Rusiya - Həqiqət üçün" partiyası Ukraynadakı Rusiya hərbçilərinə dəstək məqsədilə Arxangelsk vilayətində "Özümüzünküləri dəstəkləyək" adlı kampaniyaya start verib. Partiya yerli sakinlərə müraciət edərək onlardan əlcək, corab, çay, kofe, çokolad, kibrit, bint, plaster, məktub, şəkil və şeir istəyib.

"Bizim vəzifəmiz hərbçilərin əhvalını yüksəltmək, onlara həmyerlilərinin sevgisini və dəstəyini çatdırmaqdır" - partiyanın Arxangelsk şöbəsinin rəhbəri İrina Çirikova aksiyanın məqsədini belə izah edib.

BBC.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.