Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hökumət qələbəni xalqın burnundan gətirir: növbəti bahalaşma dalğası və...

15-04-2022, 08:20   

 Aprelin 12-də Prezident hökuməti topladı, müşavirə keçirdi, ölkədə gedən bahalaşma və inflyasiyanın səbəbləri açıqlandı. Baş nazir Əli Əsədov arxayın etdi ki, Ukraynada müharibə səbəbindən çətinliyə baxmayaraq, ərzaq taxılı ehtiyatımız var, iqtisadiyyat naziri Mikayıl Cabbarov izah etməyə çalışdı ki, süni qiymət artımına qarşı mübarizə aparılır, inflyasiyanın qabaqlanması istiqamətində tədbirlər görülür, həmçinin bahalaşma xarici faktorlarla və sahibkarların süni şəkildə qiymət artımına yol verməsiylə əlaqələndirildi. Lakin hökumət üzvləri etiraf etmədilər ki, bərbad iqtisadi siyasət ucbatından gizli-aşkar bahalaşma gedir, heç də deyildiyi kimi qarşısının alınması istiqamətində iş aparılmır və bütün məhsulların qiyməti dodaq uçuqladır. Anaxeber.info məlumat verir ki, hələ ötən ildən başlayan və bu gün də davam edən qiymət artımları əhalinin istehlak səbətinə, dolanışığına ciddi təsir edib. Mağazalarda ilyarım əvvəl ortabab qiymətə satılan hər hansı məhsul indi fantastik dərəcədə bahalaşıb. Bunu isə insan öz dərisində hiss edir. Çünki ümumi bazarlıq səbətinin xərci 3 dəfə artıb. Yəni lori dillə desək, əvvəl marketdən ailənin 10 günlük bazarlığını etdikdə 100 manata başa gəlirdisə, indi bu məbləğ azı 150 manata çatıb. Bu da hökumətin iqtisadi siyasətinin yarıtmaz olmasından irəli gəlir. Cəmi 2 milyon insanı əhatə edən maaş və pensiya artımı heç də bahalaşmanı kompensasiya edə bilməz, bəs, yerdə qalan əhalinin gəlirləri necə olsun?! Üstəlik, nə süni qiymət artımı var, nə sahibkarların günahı, sadəcə, hökumət  bahalaşmaya gedib və bütün sahələrə təsir edib. Deyək ki, xaricdən idxal olunan mallar var və dünyada bahalaşma olduğu üçün bizə də təsir edir, bəs, qaz, işıq, su, benzin kimi öz daxili resurslarımızın qiyməti niyə artırılıb? Təbii ki, bahalaşmanın səbəbini xaricdən daha çox daxili amillərdə axtarmaq lazımdır. Əgər enerji məhsullarının, yanacağın qiymətində artım edilməsəydi, bazarlarda gündəlik tələbat mallarının bahalaşması da baş verməzdi. Ancaq Tarif Şurası heç bir əsas olmadan qaz, işıq, benzinin, çörəyin qiymətini qaldırıb, şübhəsiz ki bu da kənd təsərrüfatı malları, logistika, bütün ərzaq məhsullarına təsir göstərir. Hazırda elə bir latent bahalaşma gedir ki, buna kimsə izahat vermir. Yəni marketdə dünən bir qiymətə olan məhsul, bu gün başqa məbləğə satılır. Bunun səbəbini bilirmi, Əli Əsədov və Mikayıl Cabbarov? Belə bahalaşma olarmı? Bunun iqtisadi izahı olmalıdır. Qiymət bir dəfə qalxar və stabil dayanar, amma Azərbaycanda birja sistemi kimi hər gün az qala qiymətlər yenilənir. Bu da azmış kimi gah pandemiya, gah Vətən müharibəsi, gah Ukrayna hadisələri ilə xeyli vaxt udmuş, sosial problemləri arxa planda saxlamış, cəmiyyəti mürgülü vəziyyətə gətirmiş hakimiyyət növbəti qiymət artımına hazırlaşır. Belə ki, ötən gün parlamentin iclasında bəzi deputatlar da bu məsələyə etiraz etdilər. Söhbət ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifindən gedir. Keçən həftə 20-yə yaxın özəl sərnişindaşıma şirkətləri adından Tarif Şurasına müraciət yayılmışdı. Müraciətdə avtobus şirkətləri gəlirlərin xərcləri ödəmədiyini, üzləşdikləri çətinlikləri nəzərə alaraq, marşrutda gediş haqqının 30 qəpikdən 50 qəpiyə qaldırılmasını xahiş edirdilər. Əlbəttə ki, nə həmin şirkətlərin təşəbbüsüdür, nə də onlar zərərlə işləyir. Sadəcə, gələn sifarişdir, onların adından müraciət yayılır, sonra Tarif Şurası sahibkarların xahişi əsasında qiymət artımına gedir. Amma əhalinin sosial vəziyyətini nəzərə alan yoxdur ki, gediş haqlarını artırmaq kasıb və azgəlirli təbəqənin cibinə ciddi təsir edəcək. Üstəlik, bunun ardınca metroda gediş haqlarının artmayacağına kim zəmanət verə bilər? Və təsəvvür edin ki, əksər insanlar, fəhlələr, tələbələr, kasıb təbəqə hər gün həm avtobus, həm metrodan istifadə edir. Bu da azı gündəlik 2 manat və daha çox ictimai nəqliyyat xərcləri demək olacaq. Hələlik bir qərar olmasa da, artıma gediləcəyi istisna deyil. Bütün bunlar isə hökumətin daxili siyasətinin dəyişməz, əhalinin əleyhinə  olduğunu göstərən faktorlardır. İqtidar beynəlxalq münasibətlərdə pis-yaxşı siyasət yürütsə də, daxili idarəçilik, sosial təminatla bağlı siyasət acınacaqlı vəziyyətdədir.
Anaxeber.info 
Azər Talıbov  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar