İstintaq orqanları Çubaysın “Rosnano”da işlədiyi dövrü araşdırır
Rusiyada özəlləşdirməsinin “atası” hesab olunan, Ukrayna müharibəsi başlayandan sonra gözlənilmədən vəzifəsindən istefa verərək Rusiyanı tərk edən Anatoli Çubays həbs oluna bilər. Belə ki, “Rosnano”nun yeni rəhbəri Sergey Kulikov Baş Prokurorluğa müraciət edərək qurumun 2010-cu ildən 2020-ci ilə qədər fəaliyyətini yoxlamaq xahişi ilə məktub göndərib. Bu illərdə isə “Rosnano”ya Çubays rəhbərlik edib.
Məlum olduğu kimi, martın 23-də Anatoli Çubays Rusiyanı tərk edib. O, həyat yoldaşı Avdotya Smirnova ilə xaricə gedib. Rusiyanı tərk etməzdən bir gün əvvəl o, Rusiya Prezidentinin dayanıqlı inkişaf və beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. Çubaysın istefası Rusiyanın Ukraynadakı müharibəsi fonunda Kremlə yaxın oliqarxların arasında illərlə davam edən gizli münaqişənin üzə çıxması kimi də qiymətləndirilirdi. Məlumdur ki, Putinin hərbi əməliyyatlara başlamaq qərarı təkcə Rusiyanın şou-biznesində deyil, oliqarxlar arasında da ciddi etirazla qarşılanıb. Rusiya hakimiyyəti birmənalı olaraq əvvəlki xidmətlərindən asılı olmayaraq, bu əməliyyatlara qarşı çıxıb Ukraynanın tərəfini tutanları “vətən xaini” elan edib. Hakim “Vahid Rusiya” da ölkəni tərk edən Çubaysı “xəyanətdə” ittiham edib.
Maraqlıdır, bəs, prokurorluğun Çubaya hansı sualları ola bilər? “Rosnano” dövlət şirkətidir. Onun vəzifəsi bazarda perspektivli şirkətləri tapmaq, onlara pul yatırmaq və onların inkişafına kömək etməkdir.
Məsələn, İrkutsk vilayətində polikristal silikon (günəş enerjisində istifadə olunur) istehsalı üzrə müəssisənin yaradılması planlaşdırılırdı. Demək olar ki, 14 milyard rubl sərmayə qoyuldu. Lakin layihə uğursuz oldu. Məlum oldu ki, çinlilər bu məhsulları 4 dəfə ucuz qiymətə istehsal edirlər.
Başqa bir layihə elastik ekrana malik super innovativ planşet idi. Layihəyə 7,5 milyard rubl sərmayə qoyulsa da, iPad ilə rəqabət apara bilmədi.
Bundan əlavə, Hesablama Palatası “Rosnano”da 513 milyon rubl zərər aşkar edib - auditorlar bunu "fırıldaqçılıq əlamətləri" hesab edirlər. Bundan əlavə, şirkət qaytarılmayan 10 milyard rubl kredit alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya mediası Çubaysın Peredelkini kəndindəki villası haqda yazmışdı. Ekspertlər bu əmlakın dəyərini 2 milyard rubldan (25 milyon dollar) baha qiymətləndirirlər. Bildiriklirdi ki, Çubaysın xaricə getməsinə baxmayaraq, ümumi sahəsi 1,56 hektar olan ərazidəki villada tamamlama işləri davam edir. Xaricə getməzdən əvvəl Çubays və Smirnova qonaq evində yaşayıblar.
İki futbol meydançasının ölçüsünə bərabər olan ərazinin 2656 kvadratmetr sahəsi ev sahiblərinin yaşaması üçün ayrılıb. Qonaqlar üçün nəzərdə tutulan evin sahəsi 736 kv.m-dir. Təxminən 10 yaxşı avtomobil üçün qaraj üçün isə 374 kv.m yer ayrılıb.
Çubaysın istefasında Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovskinin yaydığı bir video müraciətlə də əlaqələndirirdilər. Xodorkovski qısa videosunda Çubays da daxil bir neçə oliqarxın adını çəkərək onları Ukrayna məsələsində qəti mövqe ortaya qoymağa çağırmışdı. “Əks halda, siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirmişdi.
Çubaysın indi harada olması haqda dəqiq bilgi yoxdur. Onu ölkəni tərk etdikdən sonra İstanbula getdiyi deyilirdi. Rusiyadan Avropaya uçuşlar dayandığı üçün onun İstanbuldan başqa ölkəyə uçacağı söylənilirdi.
Orxan ƏLİYEV, Musavat.com