Ukrayna müharibəsi: "Rusiyalı əsgər mənə təcavüz etdi, ərimi öldürdü"

19-04-2022, 08:15   



Rusiya Ukrayna savaşı Ukraynada təcavüzə uğrayan qadınlar Mariupolda təcavüzə uğrayan qadınlar Buça Kiyev

Rusiya hərbçiləri Ukrayna paytaxtı Kiyev ətrafındakı ərazilərdən çıxdı - geridə travmalar, bəlkə də heç vaxt sağalmayacaq yaralı həyatlar qoyub gedərək...

BBC işğalçı əsgərlərin ukraynalı qadınlara təcavüzüylə bağlı sübutlar toplayıb, şahidlərlə görüşüb.

Xəbərdarlıq: materialda cinsi zorakılıqla bağlı narahatedici ifadələr var.

Kiyevdən qərbə doğru 70 km aralıda yerləşən bir kəndin sakini, şərti olaraq Anna adlandırdığımız 50 yaşlı qadın martın 7-də evlərinə qəfildən bir əsgər girdiyini, həmin vaxt həyat yoldaşının da evdə olduğunu deyir:


"Başıma silah dayayıb məni yaxınlıqdakı evə apardı. Paltarlarımı çıxarmağımı əmr etdi, "Yoxsa səni öldürəcəm" dedi. Sonra mənə təcavüz etməyə başladı".

Anna həmin şəxsin gənc və cüssəsiz bir çeçen döyüşçü olduğunu bildirir:

"Sonumun çatdığını düşündüm. Ancaq o məni zorlamağa davam edərkən içəri dörd əsgər daxil oldu və onu uzaqlaşdırdı. Həmin şəxsi bir daha görmədim".

Qadın düşünür ki, onu xilas edənlər başqa bir hissədəki rusiyalı əskərlər olub.

Anna geri qayıdıb və qarnından vurulmuş əriylə birlikdə qonşularının evinə sığınıb:

"Arxamca qaçıb məni xilas etmək istəyəndə ona bir neçə dəfə atəş açmışdılar".

Atışma olduğu üçün onlar xəstəxanaya gedə bilməyiblər və Annanın əri iki gün sonra vəfat edib.

Qadın bunları bizə danışanda dayanmadan ağlayırdı.

O, bizə öz evini, ərinin həyətdə basdırılmış qəbrini, qonşunun evini göstərdi; xəstəxanaya gedib psixoloji dəstək aldığını dedi.

Annanı ölümdən qurtaran əsgərlər bir neçə gün onların evində qalıblar. Dediyinə görə, üstünə silah çəkib ondan ərinin paltarlarını istəyiblər:

"Onlar gedəndən sonra evdən narkotik maddə və viaqra tapdım. Tez-tez içib sərxoş olurdular. Çoxu qatil, təcavüzkar, talançıydı. Aralarında normal adam çox az idi".

Annanın evindən çıxıb yolumuza davam edəndə daha bir dəhşətli hadisə haqqında eşitdik. Bizə bir qadının zorlandığı və sonra da öldürüldüyünü dedilər. Qonşularının sözlərinə görə, onu az sonra Annaya da təcavüz etmiş əsgər öldürüb.

Qırx yaşlarında olan qadını müharibə başlayandan sonra boş qalmış yaxınlıqdakı evlərdən birinə aparıblar.

Yaxşı təmir edilmiş, divarlarına bahalı divar kağızları vurulmuş, çarpayısının detalları qızılla örtülmüş bu ev indi bir cinayət yeridir. Yatağın həm döşəyində, həm də yorğanında böyük qan ləkələri var.

Yataq otağının küncündəki güzgüdə dodaq boyasıyla "Naməlum şəxslər tərəfindən işgəncə verilib, rusiyalı əsgərlər tərəfindən basdırılıb" sözləri yazılıb.

Rusiya Ukrayna savaşı Ukraynada təcavüzə uğrayan qadınlar Mariupolda təcavüzə uğrayan qadınlar Buça Kiyev

Qadının qonşusu Oksana cəsədi rusiyalı əsgərlərin basdırdığını deyir:

"Onlar mənə qadına təcavüz edildiyini, boğazının ya kəsildiyini, ya da bıçaqlandığını, onun qan içində olduğunu dedilər".

Bu qadın da öz evinin həyətində basdırılıb.

Bizim səfərimizdən bir gün sonra polis araşdırma məqsədilə məzarı açıb. Qadının cəsədi çılpaqmış, boğazında dərin və böyük yara izləri varmış.

Kiyevin polis rəisi Andriy Nebitov bizə paytaxtdan 50 km aralıdakı bir kənddə baş vermiş başqa bir hadisəni də araşdırdıqlarını bildirdi.

Otuz yaşlarında olan, uşaqlarıyla birlikdə kəndin kənarında yaşayan cütlüyün evinə martın 9-da rusiyalı əsgərlər giriblər.

"Həyat yoldaşını və uşaqlarını qorumaq istəyən kişini evin baxçasında öldürüblər. Sonra iki əsgər düz 3 dəfə gedib-gəlib qadına təcavüz ediblər. Onu oğlunu da öldürməklə hədələdikləri üçün qadın müqavimət göstərməyib".

Əsgərlər kənddən çıxanda onların evini yandırıblar, ailənin itini öldürüblər.

Qadın oğluyla birlikdə ordan qaçandan sonra polisə müraciət edib.

Nebitov onun ifadə verdiyini, sübut toplamaq üçün həmin evdə araşdırma aparıldığını deyir.

Əmin-amanlıq içində keçən adi bir həyatdan çox az şey qalıb - bir uşaq velosipedi, oyuncaq at, xəzli kişi paltosu və qış ayaqqabıları.

Evin kişisini qonşular həyətdə basdırıblarmış. Polis onun da məzarını açıb araşdırma aparır. Bu cinayətlə bağlı beynəlxalq məhkəmələrə müraciət etməyi planlaşdırırlar.

Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Lüdmila Denisova bir çox belə faktı sənədləşdirdiklərini bildirir:

"Buçada bir evin zirzəmisində 14-24 yaş arası təxminən 25 qız uşağına və qadına sistematik şəkildə təcavüz edilib. Onlardan 9-u hamiləymiş. Rusiyalı əsgərlər onlara deyiblər ki, başqa bir kişiylə cinsi əlaqə istəməyəcəyiniz ana qədər sizə təcavüz edəcəyik, ukraynalı uşaqlarınızın olmasına imkan verməyəcəyik".

Lüdmila Denisova yardım və dəstək üçün təşkil edilmiş qaynar xətlərə çox sayda zənglər olduğunu, "Teleqram" kanalları vasitəsilə mesajlar yazıldığını deyir:

"25 yaşlı bir qadın 16 yaşlı bacısına küçədə, onun gözü qabağında təcavüz edildiyini bildirir. Təcavüzkarlar "Hər bir nasist fahişənin sonu belə olacaq" deyə qışqırırlarmış".

Denisovadan Rusiya hərbçilərinin Ukraynada törətdikləri cinsi cinayətlərin miqyasını təsbit etməyin mümkün olub-olmayacağını soruşduq.

Ombudsman bunun hələ ki mümkün olmadığını dedi:

"Çünki heç də hamı başına gələnləri danışmaq istəmir. Qadınların çoxu sadəcə psixoloji dəstək üçün bizimlə əlaqə saxlayır. Bizə ifadə verməyənə qədər onlara qarşı təcavüz faktlarını qeydə almamız mümkün deyil".

Denisova bildirdi ki, Ukrayna Birləşmiş Millətlər Təşkilatının bununla bağlı xüsusi məhkəmə təşkil etməsini istəyir. Rəsmi Kiyev təcavüz də daxil, iddia edilən müharibə cinayətlərində Rusiya Prezidenti Vladimir Putinin də məsuliyyətə cəlb olunmasını tələb edir.

Bunlarsa təcavüzə uğradığını deyən Annanın suallarıdır:

"Putindən soruşmaq istəyirəm ki, bu şeylər niyə baş verir? Daş dövründə yaşayırıqmı? Niyə müzakirə edə bilmirik? Putin niyə işğal edir və niyə öldürür?"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.