r
Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya bu gün başlayan səfərinin proqramı kifayət dərəcədə zəngindir. Kremlin sözçüsü Dmitri Peskov mətbuata bildirib ki, Paşinyan Prezident Vladimir Putinlə yanaşı, baş nazir Mişustin, Dumanın spikeri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşəcək. Səfər çərçivəsində Baş nazirin Nijni Novqorod şəhərinə də baş çəkəcək.
Təhlükəszilik sahəsi üzrə ekspert İlham İsmayıl bildirir ki, Brüssel görüşünün və Azərbaycanla sülh müqaviləsi bağlanmasının zəruriliyi haqqında Paşinyanın verdiyi açıqlamaların Moskvada yaratdığı sərt reaksiya fonunda soyuq bir görüşün gözlənilir.
"Amma, elan olunan səfər proqramından hiss olunur ki, Ermənistan Baş nazirinin üzünə monoloq söyləyib yola salmaq indiki yaranmış situasiyada Rusiya üçün istənilən nəticəni verməyə bilər. Rusiyanın istəyində açıq şəkildə sülhdən imtina etmək olmasa da, hələlik, zamanı uzatmaq dayanır. Bu amil Ermənistanın da maraqlarına uyğundur. Zamanı uzatmaqla dünyada dəyişikliyin baş verəcəyinə və beynəlxalq şəraitin onların maraqlarına cavab verəcəyinə inanan ermənilər bu məsələdə daha çox Rusiyaya güvənirlər. Elə ona görə də dövlət və cəmiyyət olaraq Ukraynaya qarşı müharibədə birmənalı olaraq Rusiyanın mövqeyini dəstəkləyirlər",-ekspert vurğulayıb.
İ.İsmayıl bu ərəfədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın məqaləsində səsləndirdiyi fikirlərin təsadüfi olmadığını düşünür: "Oskanyan yazmışdı ki, "beynəlxalq şəraitin indi əlverişsiz olduğunu fərz etsək belə, dünya o qədər sürətlə dəyişir ki, “artsax”ın statusunu Azərbaycanın xeyrinə möhkəmləndirmək son dərəcə sadəlövhlük olardı”. O, nəyin bahasına olur-olsun, hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamaqdan qaçmağa çağırır.
Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan imtina etdiyini açıq bildirməyəcəyi məlumdur. Amma müharibədən sonra verdiyi bütün vədlərin heç birini reallaşdırmadığı kimi, sülh müqaviləsini də mümkün qədər uzatmağa çalışacağı istisna olunmur".
Bəhanələr nə ola bilər və belə bir situasiyada Azərbaycan nə etməlidir?
Ekspert bildirir ki, Ermənistan siyasi müxalifəti, erməni cəmiyyətinin müəyyən bir kəsimi indiki şəraitdə Bakı ilə sülh müqaviləsindən bütün vasitələrlə qaçmaq üçün Paşinyana təzyiq edir. Hətta artıq onu hakimiyyətdən uzaqlaşdırmaq üçün fəaliyyətə keçiblər.
Onun sözlərinə görə, Nikol Paşinyanın rəqiblərini neytrallaşdırmaq üçün əlində birinci bəhanəsi Ermənistan Konstitusiyasıdır: "
5 iyul 1995-ci ildə qəbul olunmuş Konstitusiyada keçmiş “dağlıq Qarabağ”ın öz müqəddəratını təyinetmə müddəası əksini tapıb. Uyğun olaraq, keçmiş “dağlıq Qarabağ”ın öz müqəddəratını təyinetmə hüququnu inkar edən hər hansı müqavilə Ermənistan Konstitusiyasının preambulasına və Ermənistanın Müstəqillik Bəyannaməsinə zidd olacaq. Ermənistan Konstitusiyasının 116-cı maddəsinin 3-cü hissəsinə əsasən isə, “Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr ratifikasiya edilə bilməz”.Bu, ilk baxışda Paşinyan tərəfindən inandırıcı bir arqument kimi irəli sürülə bilər. Təsəvvür edin ki, Paşinyan Konstitusiyada dəyişiklik etmək təklifi ilə çıxış edir və bunun üçün referendum keçirilməlidir.Parlamentdə, bütövlükdə erməni cəmiyyətində diskussiyalar başalayır və referendum keçirilməsi müzakirələri aylarla davam edir. Bu gün “statusun plankasının aşağı salınmasından” danışan Paşinyanın sabah ona olan təsir və təzyiqlərin nəticəsində əks fikir bildirməyəcəyinə zəmanət yoxdur. Yəni, qeyd etdiklərimiz bu gün ehtimal kimi, həm də çox böyük ehtimal kimi görsənir, amma sabah reallıq olaraq qarşımızda dayananda Ermənistanın və havadarının “zamanı uzatmaq” oyunun arxasınca gedə bilmərik".
İlham İsmayıl hesab edir ki, Azərbaycan öz maraqlarına uyğun olan siyasətinin zaman kəsimini diqtə etməli, şərtlərini sərtləşdirməlidir: "
Azərbaycan aprelin sonunadək sərhədlərin delimitasiyası üçün yaranması nəzərdə tutulan ikitərəfli komissiyanın tərkibini elan edib, qarşı tərəfin də adekvat addım atmasını tələb etməli və komissiya ləngimədən fəaliyyətə başlamalıdır. Sərhədlərin delimitasiya və ardınca demarkasiya işlərinin praktikada uzun müddət apardığını nəzərə alaraq, Brüssel görüşündə xarici işlər nazirliklərinə tapşırılmış sülh müqaviləsinin hazırlığı barədə diplomatik hesabatlar gündəmə gəlməli, ikitərəfli görüşlər intensivləşməli və ən əsası, konkret vaxtı müəyyənləşməlidir. Qarşı tərəfin pozucu fəaliyyəti olduğu halda, Avropa İttifaqına, Rusiyaya, ABŞ-a məlumatlar təqdim edilməlidir".Ekspert vurğulayır ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə qaçarsa, bu o demək deyil ki, biz İrəvanın şıltaqlığı ilə oynayıb, onun ardınca sürünməliyik."Sülh müqaviləsi olmadan da biz öz işimizlə məşğul olmalıyıq. Bu oyunu elə Qarabağda pozmaq lazımdır. Erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasının konkret vaxtı təyin edilməlidir. Rusiya ilə martın 22-də başlamış bu məsələnin rəsmi müzakirəsi yaxın vaxtlarda davam etməlidir. Nəzərə alaq ki, Ermənistan silahlı qüvvələrinə aid hərbi çağırışçıların may ayında vaxtı tamamlanır. Ermənistanın onları yeniləri ilə əvəz etməsinə imkan vermək olmaz. Yeni Laçın yolu istifadəyə verildiyi gündən sərhəd nəzarət məntəqəmizin yaradılması və müvəqqəti olaraq Rusiya hərbi kontingenti ilə birlikdə fəaliyyət göstərməsi həll edilməlidir", - təhlükəszilik eksperti qeyd edib.
İlham İsmayıl əlavə edir ki, 10 noyabr 2020 üçtərəfli razılaşmasına əsasən azərbaycanlı qaçqınların keçmiş “dağlıq Qarabağ” ərazisinə qayıtmasının və nəticədə birgəyaşayışın sülh üçün ən yaxşı səbəb olduğunu ilk növbədə Rusiya Federasiyasına, paralel olaraq Avropa İttifaqına bildirməli və ləngimədən məskunlaşma işlərinə start verilməsi tərəflər qarşısında qaldırılmalıdır: "Qarşı tərəflər real hərəkətlər görmədikcə canlarına istilik keçmir. Real hərəkət isə Fərruxdur, real hərəkət erməni deputatların sərhəddən buraxılmamasıdır. Ermənistan bilməlidir ki, sülh müqaviləsi olmadan da Azərbaycan ərazi bütövlüyünü tezliklə həll etmək iqtidarındadır və prosesi ləngitmək nə Qarabağın qalan hissəsində dövlət nəzarətimizin bərpasının, nə də dövlət sərhədimizin tam müəyyənləşməsinin qarşısını ala bilməz".
"AzPolitika.info"