9 MAY PARADINI KİYEVDƏ KEÇİRMƏK İSTƏYƏN ORDU... – “Qələbə paradı” Kremlin harasına yaraşır?

20-04-2022, 19:49   




Hansısa əlamətdar tarixi hədəf götürərək, nəyin bahasına olursa olsun həmin günə qədər nəyəsə nail olmaq, sonra da bu barədə raportlar vermək köhnədən qalma idarəetmə üsulu və adətən avtoritar rejimlərə, diktatorlara aid əyləncədir. Buna hazırda Sovetdən qalma təfəkkürün daşıyıcıları olan Putin sayağı liderlərin idarə etdiyi dünyanın olduqca az-az nöqtələrində şahid ola bilərsiniz...
Ukraynaya qarşı işğalın məhz fevralın 24-nə keçən gecə başlanması Rusiyada hər il qeyd olunan 23 fevral “Vətən müdafiəçiləri günü” ilə əlaqələndirilir və artıq heç kimə sirr deyil ki, Kremlin məqsədi həm də 3-5 günə Ukraynanı ələ keçirəndən sonra mayın 9-da paytaxt Kiyevdə “qələbə paradı” qeyd etmək idi. Rus generallarının və ali baş komandanın bu “ideyası”nı Çeçenistan başçısı Ramzan Kadırov da dilə gətirmişdi. Lakin 9 maya iki həftədən bir qədər artıq vaxt qalsa da, rus ordusu nəinki Kiyevi, Ukrayna Ordusuna aid böyük hərbi qruplaşmanın əvvəldən olmadığı Xersonu çıxmaq şərtilə, heç bir iri sayıla biləcək şəhəri ələ keçirə bilməyib, az qala müharibə başlayan gündən mühasirədə qalan Mariupolda saysız-hesabsız itkilər verməsinə, şəhəri yerlə yeksan etməsinə, dinc əhalini qırıb-tökməsinə baxmayaraq, hələ də onu tam ələ keçirməyə müvəffəq olmayıb.
Müharibəyə ağır və yerinə yetirilməsi mümkün olmayan bir neçə tələb və şərtlərlə başlayan, ilk günlərdə Ukrayna hərbçilərinə “evlərinə dağılışmağı” məsləhət görən Kreml, sonradan bu tələblərin sayını bir-bir azaltdı. Gördü ki, ayağı yorğanına görə deyil, yorğansa getdikcə daralır və kiçilir, nəticədə təkcə ayaqları deyil, başqa “nahiyələri” də çöldə qalır. İndisə Kiyev ətrafında “başı daşa dəyən” həmin Kreml ordunun qarşısında yeni vəzifə qoyub - Donetsk və Luqansk sərhədlərinə çıxmaq və Mariupolu, nəhayət, ələ keçirmək. Çünki Kremlə mayın 9-na qədər ruslara nəyisə qələbə kimi “satmaq” və “qələbə paradı”nda raport vermək lazımdır. Bunun nə dərəcədə mümkün göründüyünü bir yana qoyaq, əsas odur ki, bu tapşırığı yerinə yetirməli olan on minlərlə rusiyalı əsgərin həyatı və taleyi “qlavnokomanduyuşşi”ni və generalları qətiyyən maraqlandırmır...

İşğal başlayandan indiyə qədər Rusiyada on minlərlə ailə öz övladını bu “ət maşını”nda itirib, bundan dəfələrlə artıq rusiyalı yaralanıb, şikəst olub, qolsuz, qıçsız qalıb, rus ordusu tarixində görmədiyi qədər rəzil, miskin duruma düşüb, rus əsgəri bütün dünyada az qala faşist Almaniyasına qulluq edən əsgərlə eyni tutulmağa başlayıb və bu münasibəti özü dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlərlə, qətliamlarla “qazanıb”.
Demək olar hərbi donanması olmayan Ukrayna rus ordusunun flaqman gəmisini batırıb, 10 minlərlə əsgərini, zabitini, 7 generalını məhv edib. Ukrayna çölləri yanmış, zay olmuş rus hərbi texnikası və rus əsgərlərinin sahibsiz qalan meyitlərilə doludur, onların silah yoldaşları isə bu meyitləri çıxarmaq əvəzinə, ukraynalıların evlərindən oğurladıqları xalça-palazı, televizorları, paltaryuyan maşınları, noutbukları, zinət əşyalarını, hətta qadın alt paltarlarını Rusiyaya daşımaqla məşğuldurlar. Rusların uzun illər dildə “qardaş” adlandırdıqları ukraynalılarınsa az qala 10 milyona yaxını yurd-yuvalarından didərgin salınıb, evsiz-eşiksiz, çöllərdə qalıb, şəhərləri yer üzündən silinib, körpələri, qocaları qətlə yetirilib, qızları, qadınları zorlanıb. Budur hazırkı rus ordusunun sifəti və Ukraynadakı “qazancı”. Bir də bütün sivil dünyanın, xüsusilə də ukraynalıların sonsuz nifrəti...
Bütün bu faciələrin, qətlə yetirilmiş körpələrin, saysız-hesabsız cinayətlərin, ən azından rus ailələrinə gətirilən və hələ yolda olan tabutların fonunda 9 mayda bayram paradı keçirmək, ümumiyyətlə hansısa bayramı təntənəli şəkildə qeyd etmək, sadəcə, manyaklıqdır və nə mənəviyyata, nə insanlığa, nə də hansısa məntiqə uyğun gəlir. Dizə kimi qana batmış, ayaq basdığı hər yerə ölüm, qan, nifaq, nifrət gətirən ordunun nəyinə, harasına yaraşır hərbi parad? Hələ onu demirik ki, Ukraynada nüfuzu darmadağın edilmiş rus silahını (əgər qalıbsa) parada çıxarmağın özü biabırçılıqdan başqa bir şey deyil...

Əlbəttə ki, əslində, 9 may təkcə ruslar üçün yox, bu gün qırdıqları ukraynalılar da daxil olmaqla, bütün keçmiş Sovet respublikaları xalqları üçün əlamətdardır, çünki faşizm üzərində qələbədə hamımız böyük qurbanlar vermişik, baxmayaraq ki, bu gün Moskvadakı məlum zümrə və rusların böyük əksəriyyəti həmin xalqlara yuxarıdan aşağı baxır.
O da sirr deyil ki, 9 mayı Rusiya dövləti və ordusu özü gözdən salıb - öz əməlləri, hərbi cinayətləri, Xocalısı, 20 yanavarı, Gürcüstanı, Moldovası, Əfqanıstanı, Ukraynası və sair ilə. Bu üzdən hamı ondan qaçır, bu üzdən ötənilki son “hərbi parad”a Tacikistan Prezidentindən başqa heç bir dövlət başçısı qatılmadı.

Bir maraqlı faktı da qeyd etməyə dəyər. 1945-ci ildə faşizm üzərində qələbəylə bağlı “Qızıl meydan”da keçirilən paraddan sonra 20 il ərzində Moskvada hərbi parad keçirilməyib, 1947-ci ildən sonra isə 1965-ci ilə qədər ümumiyyətlə, 9 may adi iş günü olub və bayram kimi qeyd edilməyib. Bunu müxtəlif səbəblərlə izah edirlər. Lakin əsas səbəb kimi müharibədə milyonlarla insanın həlak olması, ömürlük şikəst qalması və belə bir faciənin bayram kimi qeyd olunmasının doğru olmadığı göstərilir. Ancaq görünür, indiki Kreml sahibləri o vaxtkı SSRİ rəhbərləri qədər də olsa mənəvi keyfiyyətlərə malik deyillər...
Bu gün Moskvada hərbi parada hazırlaşan məlum ordu qətiyyən bizim babalarımızın döyüşdüyü və faşizmə qalib gəldiyi ordunun varisi deyil və onun bizimlə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur! Bunu bizi nə yolla olursa-olsun “rusun quyruğuna bağlamaq” istəyən “rus dünyası” aşiqləri də bilsinlər! Bizim Ordumuz və Zəfərimiz başqadır! Günümüzsə 8 noyabr Zəfər Günüdür!
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.