RUSİYA “AZOVSTAL”dan GERİ ÇƏKİLİR... - Putin rus ordusunun “AZOV”la bacarmadığını etiraf etdi

21-04-2022, 13:12   




“Sənaye zonasına nəzərdə tutulan hücumu məqsədəuyğun saymıram. Təxirə salınmasını əmr edirəm”.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Putin Müdafiə naziri Sergey Şoyquyla görüşündə deyib.
Söhbət Ukraynanın “Azov” alayının və digər silahlı qüvvələrinin yerləşdiyi “Azovstal”-dan gedir. Məlum olduğu kimi, artıq həftələrlə hücuma məruz qoymasına, ağır bombardmanlara əl atmasına rəğmən, rus ordusu sözügedən məntəqəni ələ keçirə bilməyib və burada böyük itkilərə məruz qalıb.
Mariupolla bağlı müzakirə zamanı Putin bu qərarını əsaslandıraraq deyib ki, onun üçün rus hərbçilərinin həyatı qiymətlidir(?): Bu, o vəziyyətdir ki, biz əsgər və zabitlərtimizin sağlamlığı və həyatı barədə düşünməliyik. Daha doğrusu, biz hər zaman bunu düşünməliyik. O sənaye obyektlərinə girmək, yerin altında sürünmək lazım deyil”.

Putin həmçinin “Azovstal”-ın tam bloklanmasını, mühasirəyə alınmasını tələb edib.
Şoyqu isə caavbında “baş üstə” deyərək bildirib ki, Mariupol bütünlükdə rus ordusunun nəzarətindədir. 
Onun verdiyi məlumata görə, “Azovstal” ərazisində 2 mindən artıq Ukrayna hərbçisi var.
Xatırladaq ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinə Mariupolun müdafiəçilərilə bağlı ultimatum vermişdi.

Orada deyilirdi ki, əgər “Azovstal”-dakı Ukrayna hərbçiləri məhv edilsə, Ukrayna Rusiya ilə danışıqlardan çıxacaq. Bu baxımdan Putinin bu qərarı bir çox təhlilçilər tərəfindən siyasi qərar və geri çəkilmə hesab olunur. Digər yandan hesab edilir ki, bununla da Rusiya tərəfi hərbi baxımdan “Azov” polkunun müqavimətini qıra bilmədiyini etiraf etmiş olur.
Hansı ki, bir neçə gün əvvəl Putinin sözçüsü Dmitri Peskov “xüsusi əməliyyat”ın əsas hədəfinin millətçi hərbi qruplaşmaları ləğv etmək olduğunu demişdi və bu zaman da “Azov” polkunun nəzərdə tutulduğu şübhə doğurmurdu.
Ancaq Rusiyanın sözü ilə əməlinin heç də hər zaman üst-üstə düşmədiyi mütləq nəzərə alınmalıdır. Çünki rəsmən belə bir qərar verilsə də, “Azovstal”-a hücumların davam edəcəyini istisna etmək olmaz. Bununla yanaşı, Rusiyanın “Azovstal”-a görə Mariupolda böyük sayda canlı qüvvə və hərbi texnika saxladığı və hər gün böyük itkilər verdiyi məlumdur. Əgər bu istiqamətdə heç bir nəticə verməyən həmlələr dayandırılarsa, o zaman həmin Rusiya qüvvələrinin Luqansk və Donetsk istiqamətinə atılması imkanı yaranacaq.
Qeyd edək ki, hələlik Ukrayna tərəfinin bu qərara rəsmi münasibəti açıqlanmayıb.
“AzPolitika.info” 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.