"Bloomberg" Putinin Ukraynaya hücum qərarının təfərrüatlarından yazıb

23-04-2022, 08:43   



Rusiya, Putin, Ukrayna, müharibə, münaqişə, Sergey Şoyqu, Moskva, KiyevŞƏKLİN MƏNBƏYİ,TASS
Şəklin alt yazısı,Sergey Şoyqu, Vladimir Putin və Valeri Gerasimov

Rusiyada yüksək vəzifəli məmurların getdikcə daha çox qismi bu qənaətə gəlir ki, Ukraynada müharibənin davam etdirilməsi Rusiyanı çoxillik təcrid vəziyyətinə salacaq, iqtisadiyyatını iflic edəcək və təhlükəsizliyini riskə atacaq, - "Bloomberg" belə yazır.

Bununla belə, agentliyə danışanlar Vladimir Putinin indiki kursu dəyişəcəyinə inanmırlar. Onların fikrincə, Rusiya prezidenti getdikcə daralmaqda olan, özünün radikal mövqeli məsləhətçilərindən ibarət dairəsinə daha çox arxalanır və onu müharibənin nəticələri barədə xəbərdar etmək cəhdlərini rədd edir.

İki mənbənin "Bloomberg"-ə dediyinə görə, Putin Ukrayanaya hücum qərarını bir neçə "qırğıyla" - müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Çurasının katibi Nikolay Patruşevlə birlikdə verib.


Agentlik yazır ki, hücumdan bir neçə həftə əvvəl Putinin məsləhətçilərinin və əlaqədə olduğu şəxslərin - əvvəllər mütəmadi şəkildə məşvərət etdiyi radikalların sayı daha da azalıb.


Ukraynaya hücumdan səkkiz həftə sonra itkilər artmaqda davam edir, Rusiya görünməmiş beynəlxalq sanksiyalarla üzləşib.

"Yüksək rütbəli Kreml insayderlərinin kiçik, amma sayı artmaqda olan qrupu Putinin müharibə qərarının səhv olduğunu düşünürlər", - agentlik belə yazır.

"Dəhşətli səhv"

"Bloomberg" söhbət etdiyi on mənbəyə - daxildəki vəziyyəti bilən, amma şəxsi təhlükəsizlikləri üçün anonim qalmaq istəyən şəxslərə istinadən bildirir ki, Rusiya hökumətinin yüksək postlarındakı və dövlət biznesindəki tənqidçilərin sayı az olaraq qalmaqdadır. Onlar hesab edirlər ki, Ukraynaya hücum dəhşətli səhvdir və bu səhv ölkəni ciddi dərəcədə geri salacaq.

Bu şəxslər qeyd ediblər ki, Putinin kursu dəyişəcəyi hələ ki mümkün görünmür. Onların sözlərinə görə, Rusiya prezidenti ətrafındakı radikalların getdikcə daha çox daralan dairəsinə güvənərək digər məmurların iqtisadi və siyasi zərərlərlə bağlı xəbərdarlıq cəhdlərini rədd edir.

"Bloomberg"-in bəzi həmsöhbətləri deyiblər ki, Putinin öz tarixi missiyası hesab etdiyi müharibədə uğursuzluqla üzləşəcəyi halda nüvə silahından məhdud səviyyədə istifadə edə biləcəyi barədə ABŞ kəşfiyyatının narahatlığını artıq onlar da bölüşürlər.


"Şübhəsiz ki, Rusiya elitasının böyük qismi hələ də Putinin müharibəsini ciddi şəkildə dəstəkləyir, insayderlərin çoxu həm şəxsi söhbətlərdə, həm də ictimai çıxışlarda Kremlin mövqeyini təkrarlayaraq deyirlər ki, Qərblə münaqişə qaçılmaz idi və ölkə iqtisadiyyatı ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən genişmiqyaslı sanksiyalara adaptasiya olunur. İctimai dəstək də güclü olaraq qalmaqdadır, ilkin şoku və sanksiyaların zərbəsini Rusiyadakı sürrealist sabitlik əvəz edib", - agentliyin məqaləsində belə deyilir.

Rusiyanın Ukraynayla müharibəsinin qaçılmaz olduğunu Putin hər çıxışında vurğulayır.

"Bloomberg" qeyd edir ki, yüksək rütbəli məmurların getdikçə daha böyük qismi Putinin müharibəni davam etdirmək niyyətinin Rusiyaya çoxillik izolyasiya və artan gərginlik "qazandıracağını", nəticədə ölkə iqtisadiyyatının iflic olacağını, ölkə üçün təhlükəsizlik probleminin yaranacağını və ölkənin qlobal miqyasda təsirinin azalacağını düşünür.

"İzah etməyə çalışdıq"

Agentliyə danışanların sözlərinə görə, yüksək çinli məmurlar sanksiyaların iqtisadi nəticələrinin ağır olacağını, son iyirmi ildəki yüksəlişin və daha yüksək həyat səviyyəsinin sıfırlanacağını Putinə izah etməyə çalışıblar. O isə bu xəbərdarlıqları qulaqardına vurub, deyib ki, Rusiyaya baha başa gəlsə də, Qərb müharibəyə başlamaqdan başqa çıxış yolu qoymayıb.

Üç gün əvvəl - ölkənin sosial-iqtisadi vəziyyətinə həsr olunmuş müşavirədə Putin Rusiyaya qarşı "ildırımsürətli iqtisadi müharibə" cəhdinin iflasa uğradığını deyib:

"Məqsəd ölkəmizin iqtisadi və maliyyə vəziyyətini tez bir zamanda sarsıtmaq, bazarlarda çaxnaşma yaratmaq, bank sistemini çökdürmək, mağazalarda genişmiqyaslı mal qıtlığı yaratmaq idi. Artıq əminliklə deyə bilərik ki, Rusiyaya qarşı bu siyasət iflasa uğradı, ildırımsürətli iqtisadi müharibə strategiyası iflasa uğradı".

"Bloomberg"-ə danışanlar həmçinin qeyd ediblər ki, Putin ictimaiyyətin onu dəstəklədiyinə əmindir; inanır ki, rusiyalılar onun milli əzəmət ideyasına görə illərlə çətinlik çəkməyə hazırdırlar. Agentlik xatırladır ki, Mərkəzi Bankın sərt nəzarəti sayəsində rubl ilk itkilərinin böyük hissəsini geri qaytarıb və inflyasiya kəskin şəkildə artsa da, iqtisadi sarsıntılar məhdud səviyyədə qalmaqdadır.

Putin müharibəni davam etdirməkdə qərarlıdır, baxmayaraq ki, Kreml öz ambisiyalarından - Ukraynanın böyük hissəsini işğal etməkdən vaz keçməli və Donbas uğrunda yorucu müharibəyə fokuslanmalı olub.

Putinin kursunu dəstəkləməyənlər bildirirlər ki, onun itkiləri nəzərə alaraq hücumu dayandırmaq barədə düşündüyünü və ya atəşkəs üçün vacib olan cidd güzəştlərə hazır olduğunu göstərən heç bir əlamət yoxdur.


"Putin siyasi sistem üzərində total hakimiyyətə malikdir, ona görə də alternativ fikrilər ancaq şəxsi söhbətlərdə səsləndirilir" yazan agentliyin qənaətinə görə, informasiya çatışmazlığı ucbatından Kreml hücumun ilk günlərində yanlış hesablamalara yol verib.

"Bloomberg"-in müsahiblərindən birinin dediyinə görə, Rusiya və Ukrayna arasındakı danışıqların təşkilində iştirak edən Roman Abramoviç Ukrayna prezidenti Volodimir Zelenskinin hücum başlayan kimi ölkəni tərk edəcəyini düşünən Putini bunun baş verməyəcəyinə inandırmalıymış.

Hələ mart ayının ortalarında sanksiya tətbiq edilmiş milyarder Mixail Fridman "Bloomberg"-ə müsahibəsində rusiyalıların müharibəni niyə ictimai şəkildə pisləməyəcəklərinin səbəblərindən danışıb:

"Putin və digərləri arasındakı məsafə yer və kosmos arasındakı məsafə qədərdir. Kimliyindən asılı olmayaraq, ona müharibə əleyhinə nəsə demək intihara bərabərdir".

"Bloomberg" xatırladır ki, milyarder Oleq Deripaska hələ mart ayının axırlarında müharibəni "ağılsızlıq" adlandırmış, "Təəssüf ki, yaxın aylarda sülh olmayacaq" demişdi.

İki gün əvvəlsə "Tinkoff" bankının qurucusu Oleq Tinkov müharibə və onu dəstəkləyənlərin əleyhinə daha kəskin ifadələr işlədib, üstəlik, Rusiya ordusunu da tənqid edib.

Agentlik "hücuma görə ancaq bir nəfərin ictimai şəkildə Kremllə əlaqəni kəsdiyini" - Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın vəzifəsindən istefa verdiyini yazır. Bundan dərhal sonra İstanbula uçan Çubays qərarıyla bağlı açıqlama verməkdən imtina edib.


"Bloomberg" qeyd edir ki, digərlərini, o cümlədən, Mərkəzi Bankın sədri Elvira Nabiullinanı vəzifədən getməyə qoymayıblar, onlara deyiblər ki, iqtisadi nəticələrin həllinə kömək etməlidirlər.

Agentlik daha əvvəl xəbər vermişdi ki, Nabiullina hücum başlayandan sonra istefa ərizəsi yazmaq istəyib, amma Putin razılıq verməyib. Mərkəzi Bank bu xəbəri təkzib etmişdi.

"Bloomberg"-in yazdığına görə, yüksək rütbəli məmurlar ölkəni tərk edənləri qınayaraq onları "satqın" adlandırıblar. Elitanın bəzi nümayənsələri isə daha sərt kurs seçilməsini istəyirlər.

Agentlik xatırladır ki, Putinin mətbuat katibi Dmitri Peskov Rusiyadan getmiş televiziya aparıcısı İvan Urqantı müdafiə edəndə Çeçenistan rəhbəri Ramzan Kadırov onu kifayət qədər vətənpərvər olmamaqda günahlandırmışdı.

"Fikir ayrılığına və diskussiyalara yer yoxdur, hamı prezidentin qərarlarını icra etməklə məşğul olmalıdır. Nə qədər ki, Putin situasiyaya nəzarət edir, insanlar onun arxasınca getməyə davam edəcəklər", - "R.Politik" layihəsinin rəhbəri Tatyana Stanovaya belə deyir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.