Rusiyanın yüksək rütbəli komandanı bildirib ki, Rusiya Ukraynanın cənubunu və şərqdəki Donbas bölgəsini tam nəzarətə götürmək niyyətindədir. General-mayor Rüstəm Minnekayev bu barədə dövlət mediasına danışıb. Onun sözlərinə görə, bu, Krıma quru ilə keçid yaratmağa imkan verəcək.
General Minnekayev həmçinin əlavə edib ki, bu yolla Moskva Rusiyanın dəstəklədiyi Moldovadakı separatçı Dnestryanı bölgəyə çıxış əldə edə bilər.
Dnestryanı Ukraynanın qərb hissəsi ilə həmsərhəd olan kiçik bir bölgədir.
General Minnekayevin şərhlərinin Kreml ilə razılaşdırıldığı məlum deyil. Lakin onun dediklərinə Rusiyanın dövlət mediasında, o cümlədən İnterfaks və TASS agentliklərinin xəbərlərində geniş istinadlar verilir.
Rusiya müdafiə rəsmiləri BBC müxbiri Steve Rosenberg-ə bildiriblər ki, onlar generalın şərhlərini "təhlil edirlər".
Bu, təsdiqlənərsə, Rusiyanın qarşıdan gələn həftələr üçün potensial planları haqqında ilk təsəvvür yarana bilər.
Bu arada Avropa İttifaqının yüksək rütbəli rəsmisi Reuters agentliyinə deyib ki, yaxın günlərdə Ukraynanın şərqində və cənub sahillərində Rusiyanın hücumları arta bilər və qarşıdakı iki həftə həlledici olacaq.
"Dərin narahatlıq" doğuran şərhlərlə bağlı Rusiyanın səfiri Moldovanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Kiçik rusdilli separatçı Dnestryanı bölgəsi Sovet İttifaqının süqutundan sonra müstəqilliyini elan edib, lakin beynəlxalq səviyyədə tanınmayıb və rəsmi olaraq Moldovanın tərkibi sayılır.
1995-ci ildən bəri atəşkəs razılaşması çərçivəsində bölgədə təxminən 1500 rus əsgərindən ibarət kontingent yerləşdirilib.
Rusiya Mərkəzi Hərbi Dairəsi komandanının müavini general Minnekayev cümə günü Sverdlovsk vilayətində keçirilən hərbi tədbirdə çıxış edib.
"Ukraynanın cənubuna nəzarət Dnestryanıya başqa çıxış yoludur, burada da rusdilli əhalinin sıxışdırıldığına dair sübutlar", - deyə general Minnekayev bildirib.
Vladimir Putin Ukraynaya qarşı hərbi müdaxilə başlamazdan əvvəl heç bir sübut təqdim etmədən, Ukraynadakı rusdillilərin ayrı-seçkiliyə məruz qalması barədə bənzər iddialar səsləndirib.
Ukrayna Müdafiə Nazirliyi general Minnekayevin sözlərini Rusiya "imperializminin" nümunəsi adlandırıb.
Prezident Volodimir Zelenski əhaliyə müraciətində iddialara cavab verib.
"Rusiyanın Ukraynaya müdaxiləsi yalnız başlanğıc kimi nəzərdə tutulur, sonra onlar başqa ölkələri ələ keçirmək istəyirlər".
O, bundan əvvəl deyib ki, Rusiya separatçı dövlətlər yaratmaq üçün işğal olunmuş bölgələrdə qurama müstəqillik referendumların təşkilini planlaşdırır.
"Əgər sizdən müəyyən anketləri doldurmağı, pasport məlumatlarınızı müəyyən yerə ötürməyi xahiş etsələr, bu, sizə kömək etmək üçün edilmir".
"Bu, Moskvadan belə bir tamaşanın təşkili ilə bağlı göstəriş gələrsə, sizin ərazinizlə bağlı qondarma referendumu keçirmək məqsədini daşıyır. Bu, reallıqdır. Ehtiyatlı olun".
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, yaxın həftələrdə Xerson və Zaporojye ətrafındakı işğal olunmuş ərazilərdə referendumların keçirilməsi planlaşdırılır.