“Moskva” kreyseri: Rusiyanın Qara dənizdə batan gəmisi və övladlarının aqibətini bilməyən analar

25-04-2022, 12:02   



Yanan Moskova gəmisiŞƏKLİN MƏNBƏYİ,MIKE RIGHT/TWITTER
Şəklin alt yazısı,Tərəflər "Moskva" kreyserinin batmasını fərqli səbəblərlə izah edirlər

BBC Rusca Xidməti oğulları bir neçə gün əvvəl batan "Moskva" kreyserində xidmət etmiş iki qadınla söhbət edib. Onların heç biri övladlarının aqibətini bilmir. Rusiya itkilər barədə rəsmi açıqlama verməyib.

Rəsmi Kiyev aprelin 13-də Rusiyanın hərb gəmisinin Ukrayna istehsalı olan "Neptun" raketləriylə vurulduğunu açıqladı.

Rusiya gəminin bir partlayış nəticəsində zədləndiyini və "dənizdəki fırtınaya görə" batdığını bildirdi.

ABŞ rəsmiləri isə "Moskva"nın Ukrayna raketləriylə vurulduğuna inanırlar.


"Bütün ekipaj təxliyə edildi"

"Gəmiyə ciddi ziyan dəyib. Bütün ekipaj təxliyə edilib" - Rusiya Müdafiə Nazirliyinin bəyanatında belə deyilirdi. BBC bu iddianı təsdiq edən sübutlar əldə edə bilməyib.

Rusiya itkilər barədə məlumat vermir. Müdafiə Nazirliyi qısa bir video paylaşaraq Krımın Sevastopol şəhərində parad keçirildiyini və həmin tədbirə "Moskva" ekipajının da qatıldığını iddia edib.

Amma BBC-yə danışan Yuliya və Olesya oğullarından günlərdir xəbər ala bilmədiklərini deyiblər.

Moskova döyüş gəmisiŞƏKLİN MƏNBƏYİ,REUTERS
Şəklin alt yazısı,2021-ci ilin iyulunda "Moskva" kreyseri İstanbul boğazından keçərkən.

Andrey

Yuliya oğlunun - keçən il orduya çağırılmış 19 yaşlı Andreyin "Moskva" kreyserində xidmət etdiyini, oğlunun adını həlak olanlar siyahısında gördüyünü bildirib.

Qadının sözlərinə görə, hərbi komissarlıqdan ona deyiblər ki, Andreyin həmin gəmidə olmuş olması mümkün deyil və narahatlığa əsas yoxdur.

Yuliya bir-iki ay sonra xidmət vaxtı bitəcək oğlundan hələ fevralın əvvəlindən xəbər tuta bilmədiyini, onun hərbi təlimdə olduğunu düşündüyünü deyib.

Rusiyanın Ukraynaya hücumu və ya rusiyalı rəsmilərin təbirincə desək, "xüsusi hərbi əməliyyat" başlayanda qadın çox narahat olub və hətta səhhətində problemlər yaranıb.

Moskova gəmisinin sputnikdən çəkilən fotosuŞƏKLİN MƏNBƏYİ,MAXAR
Şəklin alt yazısı,2022-ci il aprelin 7-də Krımda "Moskva" kreyserinin sputnik görüntüsü.

Sevastopola dönüş

Mart ayının əvvəllərində "Moskva" kreyseri Sevastopol limanına qayıdıbmış. Onda Yuiliya oğluyla bir neçə dəfə danışa bilib:

"Soruşdum, niyə ora [Ukraynaya] getməli oldun ki, "Bilmirəm" dedi".


Gəminin batması

"Moskva"nın batması xəbəri yayılanda Yuliya donanma rəsmilərindən oğlu haqqında məlumat almaq üçün Sevastopola gedib.

İdarənin həyətində digər əsgərlərin yaxınları da varmış. Məmurlardan biri həlak olanlarla bağlı siyahı tutulduğunu bildirib və çox sayda adamın adı yazılmış bir kağız göstərib. Orda Andreyin də adı olub.

"Xeyli vaxt keçib, amma bizə elə hey deyirlər ki, sağ qalanları axtarırıq" - dərdli ana bunları ağlayaraq söyləyib. O, Moskvadakı ali hərbi qurumlarla əlaqə saxlamağa çalışıb, ancaq buna nail ola bilməyib.

Moskva döyüş gəmisiŞƏKLİN MƏNBƏYİ,AFP
Şəklin alt yazısı,"Moskva" kreyseri Suriya sərhədləri yaxınlığında patrul növbəsində

Məlumat vermək tələbi

Məlumatsızlıqdan əziyyət çəkən təkcə Yuliya deyil.

"Moskva" kreyserində olmuş dənizçilərin ailələri baş verənlər haqda informasiya əldə etmək üçün sosial şəbəkədə çox sayda paylaşım ediblər.

Nikita

Olesya da krımlıdır. Amma onun oğlu, 20 yaşlı Nikita donanmada Andrey kimi müqaviləylə yox, müddətli hərbi xidmətdə olub.

Olesya "Moskva"nın yanması xəbərini sosial şəbəkədə görüb. Rəsmilər bütün dənziçilərin təxliyə edildiyini dedikləri üçün hadisədən narahat olmayıb.

Amma itkilər barədə məlumatlar çoxaldıqca, müxtəlif instansiyalara zəng edib vəziyyəti öyrənməyə çalışıb. Ancaq heç bir cavab ala bilməyib.

Ana oğlunu yaralılar arasında tapa bilmək ümidiylə Sevastopoldakı xəstəxanaları dolaşıb, amma bu da nəticə verməyib. Xəstəxanalardan birində bir nəfər Olesyaya məsləhət görüb ki, ən pis xəbərə hazır olsun.

"Soruşdum, nə demək istəyirsən, yoxsa oğlumun başına nə gəldiyini bilirsən? Dedi, səncə nə ola bilər, indi dəniz suyunun temperaturu sağ qalmaq üçün əlverişli deyil".


Yaralıların siyahısı

Olesya Sevastopoldakı hərbi hospitala gedib, "Moskva" kreyserində xidmət edənlər arasında soyadı oğlunun soyadının baş hərfiylə başlayan bütün yaralı dənizçilərin siyahısını istəyib. Həmin siyahıda onlarla hərbçinin adı varmış, amma onların arasında Nikitanın adı olmayıb.

Olesyanın əri dənizçilərin yaxınları üçün təşkil edilmiş qaynar xətlə yenidən əlaqə saxlayıb, amma ona deyiblər ki, bir də bu nömrəyə zəng etməsin:

"Dedilər ki, məşğuluq, Nikitanı tapsaq, özümüz xəbər verəcəyik".

Eynilə Yuliya kimi, Olesya da oğluyla sonuncu dəfə mart ayının sonlarında danışıb:

"Tanımadığım bir nömrədən zəng edib "Hərbi gəmidəyəm, amma harda olduğumuzu deməyə icazə vermirlər" dedi".

Müharibədə itkin düşən əsgərlərin siyahısı

BBC Rusca Xidməti Rusiyanın Müdafiə Nazirliyindən itkin düşmüş dənizçilərlə bağlı məlumatlara münasibətini öyrənmək istəyib.

Eyni zamanda, qurumdan Andrey, Nikita və digər dənizçilərin harda olduğunu soruşub. Bu material dərc olunan ana qədər nazirlikdən cavab gəlməyib.


Zmeyni AdasıŞƏKLİN MƏNBƏYİ,UKRAYNA DONANMASI
Şəklin alt yazısı,Ukrayna sərhəddindən 48 km məsafədə yerləşən Qara dənizdəki Zmeyinı adası.

Zmeyinı adası

Müharibənin əvvəlində "Moskva" kreyseri Qara dənzidə yerləşən Zmeyinı adasındakı Ukrayna hərbçilərinə təslim olmağı təklif etmiş, aldığı sərt cavab gəmiyə pis şöhrət qazandırmışdı: hərbçilər onun çağırışına "Cəhənnəm ol" mənasını verən sərt ifadəylə qarşılıq vermişdilər.

BBC.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.