Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Moldova hakimiyyəti həddindən artıq ehtiyatlı davranmağa və danışmağa çalışsa da, bu ölkənin münaqişəyə cəlb olunması təhlükəsi getdikcə daha real görünür.
Moldovanın rusiyayönümlü anklavı olan Dnestryanıda gərginliyin artmasını rəsmi Kişinyov təxribat hesab edir.
Bu bölgədə 48 saat ərzində silsilə partlayışlar baş verib, mərmilər atılıb, nəticədə Dövlət Təhlükəsizlik Nazirliyinin (Dnestryanıda Moldova strukturlarına aidiyyatı olmayan qurum) binasına ziyan dəyib, Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsinin Federal Dövlət Unitar Müəssisəsinə məxsus radio-televiziya mərkəzinin qüllələri sıradan çıxarılıb.
"Bu insidentlərin məqsədi Moldovanın konstitusional orqanlarının nəzarətində olnmayan Dnestryanıda təhlükəsizlik baxımından vəziyyəti gərginləşdirilməyə bəhanələr yaratmaqdır", - hökumətin Reinteqrasiya Bürosunun bəyanatında belə deyilir.
Bu hadisələrin "dirijoru" kim ola bilər? Və Moldova buna necə cavab verəcək?
Hazırda ən çox müzakirə olunan dörd versiyaya nəzər salaq.
Dnestryanıdakı gərginlik Rusiyanın Mərkəzi Hərbi Dairə komandanının müavini, general Rüstəm Minnekayevin bəyanatıyla eyni vaxta təsadüf edib. Aprelin 22-də o deyib ki, Rusiya "xüsusi əməliyyatın ikinci mərhələsinə" daxil olub və məqsədi təkcə Donbası yox, Ukraynanın bütün cənub hissəsini ələ keçirməkdir.
Rusiyalı general bildirib ki, "Ukraynanın cənubunu ələ keçirmək Dnestryanıya çıxış yollarından biridir, orada da rusdilli əhalinin sıxışdırılması faktları var".
Belə ciddi bir bəyanatın müəllifinin statusu və bu fikrin səsləndirildiyi yer (Sverdlovsk vilayətinin Müdafiə Sənayesi Müəssisələri Birliyinin iclasında) çoxlu sual yaradıb.
Bu bəyanatı Rusiyanın Ukraynadakı hərbi kampaniyasının konsepsiyasında dəyişiklik kimi qəbul etmək olarmı?
Minnekayev Kremlin mövqeyinimi səsləndirir?
Bu mövqe sadəcə "Donbas əhalisinin qorunması" haqda əvvəllər bəyan edilmiş məqsədə nə dərəcədə uyğundur?
Putinin mətbuat katibi Dmitri Peskov hərbi kampaniyayla bağlı məsələlərə münasibət bildirə bilməyəcəyini və situasiyanı öyrənmədiyini deyib. Rusiya Müdafiə Nazirliyi isə BBC-nin sorğusuna cavabında məsələnin araşdırıldığını bildirib, amma generalın dediklərini təkzib etməyib.
Dnestryanıdakı son hadisələri şərh edən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, Moskva regionla bağlı nizamlanma prosesinə müdaxilədən yayına biləcəyinə ümid edir. Moldovada çoxları bu bəyanatı Kremlin əsl niyyətinin nümayişi kimi qəbul edib.
Moldovadakı rusdilli əhali təxribatları hökumətin özünün təşkil etdiyini istisna etmirlər, məqsədin ölkədə terror təhlükəsinin səviyyəsini artırmaq və 9 mayda bütün bayram tədbirlərini tamamilə qadağan etmək olduğunu düşünürlər.
Aprelin 19-da Prezident Maia Sandu Rusiyanın Ukraynaya qarşı "hərbi təcavüzü kontekstində" Georgi lentindən istifadəni, həmçinin "Z" və "V" simvollarının nümayişini qadağan edən qanun imzalayıb. Bu qanunu pozanlara qarşı böyük məbləğdə cərimə cəzaları tətbiq edilir.
Sandu vurğulayıb ki, sözügedən qadağanın 77 il əvvəlki müharibənin simvollarıyla heç bir əlaqəsi yoxdur, sadəcə bu gün Ukraynada baş verənlərə aiddir.
Bununla belə, Moldova sosialistləri və kommunistləri, o cümlədən, onların rusdilli seçiciləri israr edirlər ki, hökumətin əsl məqsədi İkinci Dünya müharibəsi tarixini tamamən dəyişmək və vətəndaşların əksəriyyətini mədəni-tarixi irsdən məhrum etmək cəhdidir.
Onlar xatırladırlar ki, Prezidentin siyasətini dəstəkləyən Fəaliyyət və Həmrəylik Partiyasının Böyük Vətən müharibəsi haqda sovet filmlərinin nümayişinə qadağa qoyulması təklifi hazırda parlamentdə müzakirə olunur.
Bayram yürüşlərinin tərəfdarları deyirlər ki, rəsmi Kişinyov istənilən kütləvi tədbiri ləğv etmək üçün Dnestryanıdakı eskalasiyanı bəhanə edə bilər.
Amma bölgənin özündə yaxın 15 gün üçün terror təhlükəsinin ən yüksək "qırmızı" səviyyəsi müəyyən edilib və hakimiyyət mayın 9-na planlaşdırılan Qələbə Paradını ləğv etməli olub.
Çərşənbə axşamı Moldova Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Prezident Maia Sandu deyib ki, hökumətdə olan məlumata görə, Dnestryanıda vəziyyəti gərginləşdirməyə bölgənin öz qüvvələri cəlb edilib.
Ukraynada müharibənin başlamasıyla Moldovada rusdilli vətəndaşları təzyiq edilməsi iddiası yenidən aktiv şəkildə hallandırılmağa başlayıb.
Rusiyanın Kişinyovdakı səfirliyi Moldovada dil, din, milli, mədəni və digər zəminlərdə ayrı-seçkilik hallarının tez-tez baş verdiyini açıqlayıb, ruslara müraciət edib ki, həyat və sağlamlıqları üçün təhlükə yaranacağı halda səfirliyin adında qəza siqnalı da yer almış elektron ünvanına ([email protected]) bununla bağlı məlumat göndərsinlər.
General Rüstəm Minnekayevsə açıq şəkildə bildirib ki, Rusiya ordusunun Dnestryanıya doğru irəliləməsi vacibdir, çünki orada rusdilli əhalini sıxışdırırlar. General bu sıxışdırılmanın nələrdən ibarət olduğu barədə heç nə deməyib.
Moldova Rusiyadan cəmiyyətdə gərginlik yaradan bəyanatlar səsləndirməməyi tələb edib, həmin bəyanatları əsassız adlandırıb. Amma Kişinyovda etiraf edirlər ki, regiondakı geosiyasi məsələlərin həllində Dnestryanı həmişə Moskvanın aləti olub və indi də belədir.
Krımın 2014-cü ildə ilhaqından sonra Dnestryanıda bir çoxları Rusiyanın onların da ardınca gələcəyinə ümid etməyə başladılar. Bu tanınmamış respublikanın ərazisində 1500-ə yaxın rus əsgəri yerləşdirilib və çoxlarının fikrincə, onlar Rusiya tanklarının Moldova ərazisinə maneəsiz keçməsini təmin edə bilərlər.
Tiraspolun rəsmi versiyasına görə, Dnestryanıdakı hücumları ukraynalı diversantlar təşkil edir. Onların məqsədi bölgəni münaqişəyə cəlb etməkdir. Amma regionun rəhbəri Vadim Krasnoselski bunun Ukraynaya nə üçün lazım olduğunu izah etməyib.
"Ukrayna ordusu MTN binasının atəşə tutulduğu yerdə tapılmış RPG-22 və RPG-27 borularından istifadə etmir. Rusiya da daxil olmaqla, bunlardan çox məhdud sayda ölkənin ordusunda var. Ukrayna onları əldə edərək Rusiyanı zərbə altında qoymaq istəyib? Bu suala birmənalı cavab vermək mümkün deyil", - Dnestryanıdan olan analitik Nikolay Kuzmin belə deyir.
Onun sözlərinə görə, bölgə əhalisinin təxminən yarısı Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir, onların dörddə biri baş verənlərin mahiyətini tam başa düşmür. Bir çoxları apolitikdir və yalnız öz iqtisadi maraqlarını düşünür, digərləri isə döyüş şəraitində olmaq perspektivindən qorxur.
Ekspert qeyd edir ki, bu fonda hamının rus ordusunun gəlişini gözlədiyini demək şişirdilmiş qiymətləndirmədir.
Dnestryanının Ukraynayla həmsərhəd olan Kolbasna kəndində Şərqi Avropanın ən böyük silah-sursat anbarı yerləşir. Bu anbar 1940-cı illərdə yaradılıb, amma silahların əksəriyyəti sovet qoşunları ADR, Çexoslovakiya və keçmiş sosialist düşərgəsinin digər ölkələrindən çıxandan sonra ora yığılıb.
Belə bir versiya getdikcə daha çox səslənir ki, silah qıtlığından əziyyət çəkən Ukrayna həmin anbarı ələ keçirməkdə son dərəcə maraqlıdır.
Qərb hərbi ekspertləri bu versiyanı ciddi qəbul etmirlər, çünki hazırkı müharibədə Ukrayna tank əleyhinə sistemlərin və zenit sistemlərinin ən yeni variantlarına ehtiyac duyur, sovetdənqalma silah-sursat anbarında isə bunlar heç bir halda ola bilməz.
Üstəlik, uzunmüddətli konservasiyadan sonra təkərli və ya paletli nəqliyyat vasitəsi dərhal hərəkət edə bilməz. Və ən əsası, bütün qüvvələrin şərqə toplandığı indiki situasiyada Ukraynanın qərb cinahdakı arxa cəbhədə qəsdən təxribat törətməsi tam bir ağılsızlıq olardı - ekspertlər belə deyirlər.
Amma Qərbdə hesab edirlər ki, Kolbasnadakı anbara dərhal diqqət yetirilməlidir.
"Bu, Ukrayna sərhədindən cəmi iki kilometr aralıda Rusiya kontingenti tərəfindən qorunan 22 min ton döyüş sursatıdır. [...] Gördüyümüz kimi, indi Dnestryanı dördüncü cəbhə açmaq imkanı əldə edə bilər", - beynəlxalq OWP təşkilatının dondurulmuş münaqişələr üzrə eksperti, sülhməramlı strategiyalar hazırlayan İsaak Evans belə deyir.
Onun fikrincə, Dnestryanıdakı anbar bütün regiona, o cümlədən, Kiyevə təhlükə yaradır və Moldova onun utilizasiyasıyla bağlı müzakirələri mümkün qədər tez bərpa etməlidir.
Britaniya da dəfələrlə Qərbin diqqətini bu problemə yönəldib.
Bu ölkənin ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Neil Bush dəfələrlə bəyan edib ki, "Biz Rusiyanı təcili olaraq sursatların Kolbasnadakı obyektdən çıxarılması və məhvi prosesini bərpa etmək üçün təklif hazırlamağa çağırırıq".
Çərşənbə axşamı Moldova Prezidenti Maia Sandu Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib. Orada Moldovanın Dnestryanıyla sərhədində patrulun gücləndirilməsi, ictimai asayişə və təhlükəsizliyə cavabdeh olan infrastruktur obyektləri və qurumlarının mühafizə səviyyəsinin artırılması qərara alınıb.
Avropa İttifaqı Kişinyov və Tiraspol arasında növbəti mümkün gərginlik ehtimalından son dərəcə narahatdır. Aİ tərəflərdən soyuqqanlı olmağı və təxribatlara uymamağı xahiş edir.
Moldova parlamentinin üzvü, politoloq Oazu Nantoinin fikrincə, bütün mümükün ssenariləri təhlil edən insan özündən soruşmalıdır - "Cui prodest?" ("Kimin üçün faydalıdır?")
"Biz özümüzə sual verməliyik ki, bu vəziyyətdən kim razıdır. Moldova Respublikası? Qətiyyən yox. Ukrayna? Xeyr, çünki Ukrayna bütün qüvvələrini Rusiyayla real döyüş bölgələrində cəmləməlidir. Tiraspoldakı rejim? Nəzərə alsaq ki, bu rejim Rusiyanın maraqlarını təmsil etməkdən daha çox mafioz mahiyyətiylə tanınır, yəqin ki, o da daha çox narazı olar, nəinki razı", - Nantoi belə deyir.
Deputat istisna etmir ki, Rusiya Moldovanın şərq rayonlarında sabitliyi pozmaq və Ukraynanı öz qüvvələrinin bir hissəsini hazırkı döyüş bölgələrindən çıxarıb cənub-qərb sərhəddini qorumaq üçün ora yerləşdirməyə məcbur etmək üçün orada təxribatlar törədib.
"Bu, mənim baş verənlərdə nəsə bir məntiq tapmaq cəhdimdir. Hesab edirəm ki, Moldova, Ukrayna hökumətləri və Tiraspoldakı rejim sabitliyi pozmaqda maraqlı olmayana qədər bu təxribatların ciddi nəticələri olmayacaq".
ATƏT-in tərəflər arasındakı dialoqa vasitəçilik edən nümayəndə heyəti bu həftənin sonuna kimi Moldovaya gələcək. Amma qərbli partnyorlar hesab edirlər ki, cəbhə xəttinin yaxınlaşması və baş vermiş təxribatlar fonunda Kişinyovla Tiraspol birbaşa danışıqlara razılıq verməlidirlər.
Çərşənbə axşamı Moldova İnformasiya Təhlükəsizliyi Xidməti (İSS) Dnestryanı hakimiyyət orqanlarıyla birlikdə baş verənləri araşdırmağa
başlayıb.